05:35
(077) 610-22-33

"Bəzi başçılar var ki, 70-ə çatıblar, amma işləyirlər"

  • >
1 412 4 Dekabr 2012 09:02 | Siyasət

Dövlət başçısı İlham Əliyevin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə 4 müavin təyin etməsi və Məhərrəm Əliyevin vəzifəyə gətirilməsi çoxsaylı suallara rəvac verib. Müxalif düşərgənin, müstəqil ekspertlərin buna yanaşmaları qəzetimizdə dərc olunub. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bu mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb.

- Siyavuş bəy, iddialar var ki, müavinlərin təyinatı Ramiz Mehdiyevin mövqeyinin zəiflədilməsinə hesablanıb...

- Hamısı mənasız iddialardır. Ömür boyu belə yazıblar, bundan sonra da yazacaqlar. Sadəcə, dövlət strukturunun islahatlarından biridir və bir neçə il qabaq Prezident Administrasiyasının Əsasnaməsi təsdiq olunanda bu struktur nəzərdə tutulmuşdu.

- Elə isə necə oldu ki, uzun illər müavinlərə ehtiyac olmadı, amma seçki ili ərəfəsində oldu?

- Birincisi, seçkiyə hələ bir il var. İkincisi, bu, prezidentin səlahiyyətinə aid olan məsələdir. Prezident nə vaxt, nəyi lazım bilirsə, o addımı da atır.

- Təyin olunan şəxslərin Naxçıvan əsilli olması da birmənalı qarşılanmadı, hesab olunur ki, burada regional amil rol oynayıb.

- Mən regionçuluqla məşğul olmur və kimin haralı olması ilə maraqlanmıram. Amma təyin olunanların hamısı naxçıvanlı deyil. İkisi Naxçıvandandır - Əli Əsədovla Novruz Məmmədov. Digərləri Naxçıvanda yaşayıb, işləyiblər. Amma insanı bacarığına, qabiliyyətinə, işgüzarlığına görə müəyyənləşdirirlər. İnsanın harada doğulması, boya-başa çatması, haralı olması əhəmiyyət kəsb eləmir.

- Amma hələlik YAP-ın 600 minlik üzvləri arasında gənclərə üstünlük veriləcəyi, yeni kadrların önə çəkiləcəyi barədə YAP-çıların gözləntiləri də özünü doğrultmur. "Köhnə qvardiya" nümayəndələrinə stavka hansı anlamı verir?

- Köhnə-yeni məsələsi yoxdur. Təyin olunanların ikisi YAP Siyasi Şurasının üzvüdür. Digər təyinatlar da olur. Xidməti olan insanlar həmişə dövlət başçısı tərəfindən irəli çəkilir. Bir də təyin olunanlar məgər qocadır ki? Kadr bir gündə yetişmir ki. Mərhələ-mərhələ gəlir. Rayon icra hakimiyyətlərində, YAP-da kifayət qədər fəal gənclər var, addım-addım da irəliləyirlər.

- Bugünlərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, icra başçıları arasında yalnız bir nəfərin 40 yaşı var, digərləri ondan yuxarı yaşdadır. Qonşu Gürcüstandan fərqli olaraq bizdə niyə kadr seçimində yaşlılara üstünlük verilir?

- İcra başçısı bir rayonun rəhbəridir, o, kifayət qədər oturuşmuş, qabiliyyətli, bacarıqlı adam olmalıdır. Demirəm ki, bütün yaşlı adamlar təcrübəlidir, gənclər də ağılsızdır. Sadəcə, seçim olur. Bəzi başçılar var ki, 70-ə çatıblar, amma işləyirlər. Elə Xaçmazın icra başçısı 10 gəncə dəyər ki, yaşına baxmayaraq tikib-qurur, bütün xaçmazlılar başına and içir. Bu, yaşla bağlı deyil, insanın işgüzarlığından irəli gəlir. Cavan oğlan var ki, görürsən səhər yuxudan dura bilmir, 12-dək yatır. Amma yaşlılar var ki, səhər saat 9-dan işdədir, hər şeyin öhdəsindən gözəl gəlir.

- YAP-ın 20 illik yubileyində siz ölkə başçısı və Ramiz Mehdiyevlə yanaşı, eyni masanın arxasında əyləşmişdiniz. Burdan çıxış edərək sizinlə bağlı hansısa sürpriz gözləmək olarmı? Bunun açması nədir?

- Onun heç bir açması yoxdur. Partiya tədbiridir deyə birlikdə əyləşmişdik. Cənab prezident partiya sədridir, mən də partiya aparatında çalışan bir insanam. Təbii ki, burada protokol xidməti var, o da belə müəyyənləşdirib. Mənim partiyada kifayət qədər böyük vəzifəm var. Həm də Milli Məclisdə komitə sədriyəm. Bu, mənim üçün kifayətdir.

- Məhərrəm Əliyevin Prezident Administrasiyasına gətirilməsi hansı zərurətdən irəli gəldi?

- Məhərrəm Əliyev təcrübəli insandır, uzun müddət polisdə işləyib. 15 ilə yaxın BŞBPİ-nin rəisi olub. Sonra diplomatik fəaliyyətlə məşğul olub, bu gün də belə məsləhət olub ki, o sahədə öz təcrübəsindən istifadə etsin.

- Deməli, bütün fərqli yanaşmalara rəğmən bu qənaətə gəlmək olar ki, 2013 seçkisi Ramiz Mehdiyevin iştirakı, hakim komandada təmsil olunması ilə keçiriləcək?

- Seçkiləri YAP keçirir, Prezident Administrasiyası yox. Seçkilərin təşkilati məsələlərini MSK həyata keçirir, hələlik hörmətli Məzahir Pənahov bizim MSK-nın sədridir, namizədi irəli sürən partiya da öz namizədinin təbliğatını aparır. İndi Müsavat kimi irəli sürəcək, özü bilər, hələ bəlli deyil, çünki ara qarışıb. Xalq Cəbhəsi bir tərəfdən, digərləri başqa tərəfdən hərə özü üçün namizəd ortaya çıxarır. Yəni kim baş nazir, kim administrasiya rəhbəridir, bunun seçkiyə nə aidiyyəti var?

AzNews.az
Bağla X