11:26
(077) 610-22-33

“İsa Qəmbər Əli Kərimlinin heysiyyatına toxunub”

  • >
1 673 4 Dekabr 2012 10:50 | Siyasət

Əli Əliyev: “Əli Kərimli Rusiya təcrübəsindən istifadə edir”



AXCP sədri Əli Kərimli "Azadlıq" radiosunun suallarını cavablandırıb. Müsahibədə Əli Kərimli vahid namizədi praymerizlə müəyyənləşdirməyin tərəfdarı olduğunu deyib: "Mən praymerizin tərəfdarıyam. Xalq seçsin. Bizim partiyanın üzvü mənim namizədliyimi istəyəcək, başqa partiyanın üzvü də o partiyanın namizədini. Belə heç bir konsensusa gələ bilmərik. Müxalifət elektoratının səsverməsi keçirilsin. 50 min adam səsvermədə iştirak etsin və müxalifətin vahid namizədi seçilsin. Çoxlu namizədlərin arasında səslərin parçalanacağı təqdirdə, hökumət güclü olacaq. Müxalifət birləşmədən çox namizədlə seçkiyə getsə, böyük xalq hərəkatına nail olmaq çətin olacaq. Bütün kampaniya dövrü bizi ruh düşkünlüyü müşayiət edəcək".
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev AzNews.az-a həmin müsahibəyə münasibət bildirərkən deyib ki, Əli Kərimli Rusiya təcrübəsindən istifadə edir: "Mən belə başa düşürəm ki, ƏIi Kərimli Rusiyada keçirilmiş praymerizi nümunə gətirir. Orada keçirilən praymerizdə 80 minə yaxın seçici iştirak edirdi. Prinsipcə nəzəri baxımdan mümkün olan məsələdi. Müxalifət güclərinin seçkiöncəsi dağınıq olması hakimiyyətin şansını artırır. Bir neçə ay bundan əvvəl demişik ki, müxalifət təşkilatlanmasa (cənab Kərimli buna funksional əməkdaşlıq adı verib), vahid komandanı cəmiyyətə nümayiş etdirməsə, hansısa ümumi maraqlara cavab verən tələblərlə aksiyalar keçirə bilməsə, cəmiyyəti öz ətrafına toplaya bilməyəcək".

VİP sədri əlavə edib ki, partiyalarda formalaşmış güc cəmiyyətdə hakimiyyətin əleyhinə olan gücdən qat-qat azdır: "Müxalifətin bu seçkidə vəzifəsi həmin neytral gücləri öz sıralarına cəlb etməkdir. Ən əsası İctimai Palata da hegemonluq iddiasından geri durmalıdır. Artıq, Müsavat Partiyasının sərgilədiyi mövqe AXCP sədrinin də heysiyyatına toxunub. Əslində, vahid namizədin formalaşdırılması üçün bütöv müxalifətin birliyi lazımdır. Görünür, AXCP-də müxalifətin təşkilatlanması ilə bağlı əvvəlkindən fərqli mövqe formalaşıb. Bu, pozitiv haldı".

Ə.Əliyev qeyd edib ki, İctimai Palata formulu özünü doğrultmayıb: "Ona görə də seçkiöncəsi iki lider arasında fikir ayrılığının olması təbiidir".

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə adı çəkilən müsahibəyə münasibət bildirməyib: "Hər hansı partiya sədrinin verdiyi müsahibələrə münasibət bildirmək fikrində deyiləm".

İlkin
AzNews.az
Bağla X