12:10
(077) 610-22-33

YAP rəsmisi: “İsa Qəmbərlə Əli Kərimli arasında ambisiya yarışı gedir”

  • >
552 4 Dekabr 2012 12:03 | Siyasət

“Toplananların yeri dəyişdikdə, cəm dəyişməz”



Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ötən gün etdiyi "50 min adam səsvermədə iştirak etsin və müxalifətin vahid namizədi seçilsin" təklifinə münasibət bildirib.

YAP-çı deputat AzNews.az-a açıqlamasında deyib ki, iqtidar üçün kimin namizəd olacağının əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, müxalifətin radikal qanadının kiminlə nə problemi varsa, bu onların öz işləridir: "Seçkilərdə müxalifətdən kim namizəd olacaqsa, biz də onu məğlub edəcəyik. Bizim namizədimiz olan Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın dəstəyi ilə təmin olunacaq. Mən Əli Kərimlinin müsahibəsini oxudum, o təklif edir ki, 50 min adam səsvermədə iştirak etsin və vahid namizəd seçilsin. Yəni bunlar düşünürlər ki, müxalifətin cəmi 50 min tərəfdarı var.

Onların arasında isə vahid namizəd İsa Qəmbər və yaxud Əli Kərimli olmaq istəyir. Bu, bir daha onu göstərir ki, müxalifət yalnız 50 minə yaxın adamın arasında kimin namizəd olmasını müəyyənləşdirə bilər. Mən bunların bu cür hay-küylü bəyanatlarını çox eşitmişəm, onlar mənasız danışırlar. Hesab edirəm ki, Əli Kərimli və İsa Qəmbər istər ayrı, istərsə bir arada olsun, bu heç nəyi dəyişməyəcək. Toplananların yeri dəyişdikdə, cəm dəyişməz. Müxalifətin radikal qanadının Azərbaycanda tərəfdarlarının sayı sıfırdan da aşağıdır. Hətta, Əli Kərimli özü də etiraf edir ki, səsverməni 50 min nəfər arasında aparaq. Bunlar 4,5 milyon nəfər seçicinin cəmi 50 minini özlərinə tərəfdar hesab edirlər".

YAP-çı millət vəkili qeyd edib ki, İsa Qəmbər və Əli Kərimlinin şəxsi ambisiyaları var. Onun sözlərinə görə, İsa Qəmbər və Əli Kərimli istəyir ki, seçkilərdə namizəd özü olsun: "Bu adamlar seçkilərdə namizəd olmaqla populyar görünmək, üzdə qalmaq və hər hansı formada bundan yararlanmaq istəyirlər. Özləri yaxşı bilirlər ki, gələcək seçkilərdə namizəd olsalar belə heç bir yer qazana bilməyəcəklər. İsa Qəmbər dəfələrlə seçkilərdə məğlub olsa da, hələ də siyasi səhnədə dirəşib qalır. O, özünü elə göstərmək istəyir ki, guya bunun siyasətə təsiri var. Amma hamı bilir ki, İ.Qəmbər dəfələrlə seçkilərdə məğlub olub. Əli Kərimli də onun kimidir. Ona görə də onların vahid namizəd olub-olmamalarının bizim üçün əhəmiyyəti yoxdur. Biz indi ciddi işlərlə məşğul oluruq, ölkəmizdə sosial-iqtisadi irəliləyişlər var, xalqın rifahı yaxşılaşır, dövlət büdcəsi artır, dövlət idarəçiliyində hərtərəfli islahatlar davam etdirilir və sairə işlər görülür.

Belə olan şəraitdə biz öz enerjimizi bu cür məsələlərə sərf etməməliyik. Gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifətdən kim qatılacaqsa, buyurub qatılsın və uğur qazansın. Əgər müxalifət uğur qazana bilməyəcəksə, o zaman imitasiya və bleflə məşğul olmasın. Mən İsa Qəmbərlə Əli Kərimli arasında ambisiya yarışını müşahidə edirəm. Onların hansının qalib ayrılacağı bizim üçün önəmli deyil. Bizim üçün önəmli olan seçkilərin azad, şəffaf və demokratik keçirilməsi və Azərbaycan xalqının Prezident İlham Əliyevə verdiyi dəstəkdir".

Vasif Həsənli
AzNews.az
Bağla X