Səfir: “Azərbaycanın öz torpaqlarını azad etməyə güclü potensialı var”

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentlərin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir".

Bunu AzNews.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun bildirib.

Qoşunların təmas xəttində baş verən son hadisələri yaxından izlədiyini vurğulayan səfir bununla bağlı Azərbaycanın müvafiq dövlət rəsmiləri ilə danışıqlarının da olduğunu söyləyib. Onun sözlərinə görə, bütün baş verən hadisələr bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır.

Səfir İ.A.Coşqun deyib ki, ATƏT-in Minsk Qrupu tezliklə Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmalıdır: "Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri də regionda səfərdə olublar. Bilirsiz ki, Türkiyə həmsədrlərin fəaliyyətini dəstəkləyir, amma bu fəaliyyət 20 ildən çoxdur ki, ciddi irəliləyiş ortaya qoymayıb. Azərbaycan və Ermənistan arasında atəşkəsin elan edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi kimi başa düşülməməlidir. Dünya birliyi də bilməlidir ki, hazırda Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının da müvafiq qətnamələri mövcuddur".

Səfir bildirib ki, Türkiyə dövləti Azərbaycana qarşı aparılan işğalçılıq siyasətilə bağlı reallığı dünyaya bundan sonra da bəyan edəcək: "Biz ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini hər dəfə xatırladırıq. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və bu işğal nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".

Ermənilərin Xocalı hava limanını istifadəyə vermək istəməsi ilə bağlı məsələyə də toxunan səfir İ.A.Coşqun deyib: "Çox təəssüf ki, son vaxtlar Ermənistan işğalçılığına son qoymaq əvəzinə diqqəti başqa istiqamətə yönəldən addımlar atır və işğal etdiyi Azərbaycan ərazisində Xocalı hava limanını qanunsuz şəkildə istifadəyə vermək istəyir. Xocalı hava limanı və yerləşdiyi ərazi Azərbaycana məxsusdur, Azərbaycandan icazəsiz heç bir dövlət burada hər hansı tədbirlər həyata keçirə bilməz. Bütün bunlara görə də Ermənistan indi Xocalı hava limanını açmaqla işğalçılıq siyasətini dünyanın diqqətindən kənarlaşdırmaq istəyir. Ümid edirik ki, bu münaqişə tezliklə sülh yolu ilə həll olunacaq. Əgər bu olmazsa, o zaman Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə güclü potensialı var. Digər tərəfdən isə Türkiyə və Azərbaycan arasında yaxşı əlaqələr mövcuddur. Bu əlaqələr gələcəyə doğru daha da inkişaf edir".

Vasif Həsənli
AzNews.az