“İran tərəfi bu şəxslərin əli ilə ABŞ-ın nüfuzuna kölgə salmağa çalışır” “İran tərəfi bu şəxslərin əli ilə ABŞ-ın nüfuzuna kölgə salmağa çalışır”

Mübariz Əhmədoğlu: “Adam Şiff ermənilərin adamıdır”

“İran tərəfi bu şəxslərin əli ilə ABŞ-ın nüfuzuna kölgə salmağa çalışır”



"Amerikalı konqresmen Adam Şiff ermənilərin adamıdır". Bunu AzNews.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

Politoloqun fikrincə, konqresmen A.Şiffin Dağlıq Qarabağ məsələsilə bağlı tutduğu mövqe ABŞ-ın dövlət maraqlarına da ziddir. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti və Türkiyənin ABŞ-dakı diasporu bu kimi konqresmenlərlə iş aparıb və bəyan edilib ki, onların bu cür bəyanatları ABŞ-ın da ziyanınadır və bu dövlətin mövqeyini əks etdirmir.

M.Əhmədoğlu deyib: "Məndə olan məlumata görə, hətta ermənilər A.Şiffi terrorla da hədələyiblər. Amerikada bu kimi bir neçə konqresmen ermənilərdən asılı vəziyətdədir. Ermənilər bu konqresmenlərə müyyən qədər maliyyə vəsaiti də ayırırlar ki, onların mövqeyini müdafiə etsinlər. Bu konqresmenlər nə vaxtsa Amerika cəmiyəti qarşısında cavab verməli olacaqlar. Onların bu kimi fəaliyyətlərinin bir tərəfi isə İrana bağlıdır. İran tərəfi bu kimi şəxslərin vasitəsilə ABŞ-ın nüfuzuna kölgə salmağa çalışır. Azərbaycan tərəfi işini elə qurmalıdır ki, ABŞ dövləti həmin konqresmenləri nəzarətsiz buraxmasın".

Xatırladaq ki, amerikalı konqresmen Adam Şiff Amerika qanunvericilərini ABŞ-ın Azərbaycanın hərbi ehtiyacları üçün etdiyi bütün yardımları təxirə salmağa çağırıb. Nümayəndələr Palatasının təxsisatlar komitəsinin üzvü Adam Şiffin bəyanatı Ramil Səfərovun əfv edilməsi və ona hərbi rütbə verilməsi ilə əlaqədar olub. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinə təhsil məqsədilə ayrılan vəsait boşuna sərf olunub və Azərbaycan atdığı addımın əvəzini ödəməlidir.

Ermənipərəst konqresmen bildirib ki, Azərbaycan rəsmi Vaşinqtondan təhlükəsizlik sahəsindəki köməyi ehtiyacı olduğu üçün istəmir, bu kömək iki ölkə arasındakı yaxınlıqdan xəbər verir: "Hərbi köməyi kəsməklə ABŞ Azərbaycana Ramil Səfərov məsələsindəki narazılığını və Ermənistan və Dağlıq Qarabağa qarşı istənilən təcavüz hərəkətinə dözməyəcəyini bildirəcək".

Bildirək ki, Adam Şiff ermənipərəst mövqeyi ilə seçilən konqresmenlərdən, həmçinin qondarma "erməni soyqırımı" layihəsinin müəlliflərindən biridir.

Vasif Həsənli
AzNews.az