(1969- 1982- ci illər) (1969- 1982- ci illər)

Heydər Əliyev - siyasətin ziyalılığı... Və ziyalı siyasəti

(1969- 1982- ci illər)



Nizami Cəfərov

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi- ideoloji irsi Azərbaycan təfəkkür- düşüncə mədəniyyətinin zəngin xəzinəsi, gənc azərbaycanlı siyasətçilərin ən müxtəlif məsələlərlə bağlı vaxtaşırı müraciət etməli olduqları böyük bir siyasət akademiyasıdır. Sovet sosialist rejiminin nisbətən liberallaşdığı, Azərbaycanda milli dəyərlərə qayıdış hərəkatının başlandığı 60- cı illərdə Dövlət təhlükəsizlik orqanında yüksək vəzifə daşıyan, sovet sosialist ideologiyasının "mətbəx"inə bələd olan Heydər Əliyev həmin Komitənin rəhbəri təyin edildikdən sonra on illər boyu Azərbaycan ziyalılarının qənimi olan bu idarəni ziyalılığın, yeni mütərəqqi (və milli) düşüncənin müdafiəçisinə çevirdi. Millətçi mövqeyi ilə tanınan Bəxtiyar Vahabzadə xatırlayır ki, 60- cı illərdə hansısa gözəgörünməz güclü bir əl onu həbs olunmaqdan, təqiblərdən müdafiə edirdi. Eyni fikrə Anarın, Ə.Əylislinin, X.R.Ulutürkün, N.Həsənzadənin xatirələrində də rast gəlmək mümkündür. Xalqın mənən, ruhən yüksəlişi üçün onun milli mədəniyyətini, mənəvi dəyərlərini yaradan şəxsiyyətləri qorumaq lazım gəldiyini yaxşı bilən Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk illərdən Azərbaycanda yaradıcı ziyalıların – alimlərin, yazıçıların, incəsənət xadimlərinin, müəllimlərin… nüfuzunu o zamana qədər görünməmiş bir miqyasda artırdı.

Azərbaycanın ədəbiyyat filosofu Yaşar Qarayev müasir Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyevin rolunu belə qiymətləndirir: … onun ifasında və icrasında siyasət də sənət, siyasətçi də sənətkar səviyyəsinə qalxa bilir. Daha doğrusu, siyasətçi də sənətkara çevrilir, filosof təcəssümü, mütəfəkkir obrazı alim statusu ala bilər. Bütün bunlar Heydər Əliyevin fəaliyyətindən həm də bir sənət və sənəktkarlıq hadisəsi kimi danışmağa imkan verir…

Ziyalılıq Heydər Əliyevin yürütdüyü idarəçilik siyasətinin mahiyyətində idi – 70- ci, 80- ci illərdə Azərbaycan yazıçılarının, bəstəkarlarının, rəssamlarının və s. elə bir qurultayı olmamışdı ki, respublika əhəmiyyətli elə bir məsələ yox idi ki, MK- nın birinci katibi mütəxəssislərlə məsləhətləşməsin. Təsərrüfat işlərindən başlamış ən mürəkkəb ideoloji problemlərin həllinə qədər Heydər Əliyev məhz elmi yanaşma tərəfdarı idi. Onun həyata keçirdiyi bütün tədbirlər həm də bir intellekt əsəri, gələcəyə hesablanmış təcrübə mənbəyi idi…Azərbaycanlı gənclərin SSRİ- nin mötəbər ali məktəblərində təhsil almasını təmin edəndə də, milli təhsilin keyfiyyətini yüksəltmək, miqyasını genişləndirmək, Elmlər Akademiyasının fəaliyyətini canlandırmağa çalışanda da, görkəmli fikir adamlarını respublikanın ictimai həyatında yaxından iştiraka cəlb edəndə də Azərbaycan ziyalılığının potensialını hərəkətə gətirir, yeni tipli ziyalı zümrəsinin formalaşmasının əsasını qoyurdu. Heydər Əliyev elə lik illərdən Moskvanın təyin etdiyi yüksək çinli məmur- icraçı imicini sındırdı; o, dövlət idarəedicisindən çox, millət qurucusu kimi fəaliyyət göstərməyə başladı ki, bunu ancaq yüksək səviyyəli ziyalı təfəkkürü ilə etmək olardı.

Heydər Əliyevin 70- ci, 80- ci illərdə həyata keçirdiyi siyasətin ziyalılıq səviyyəsi özünü aşağıdakı əlamətlərdə göstərirdi:

1) elmilik, intellektuallıq, erudisiya;
2) yüksək mədəniyyət, zövq, sözün geniş mənasında sənətkarplıq;
3) millilik;
4) novatorluq;
5) varislik, ardıcıllıq;
6) kollegiallıq və s.

Heydər Əliyev respublikanın inkişafı üçün bu və ya digər işi görməyə başlayanda mövcud təcrübələri öyrənir, məsələnin mahiyyətinə (elminə!) nüfuz edir, ən xırda detalları da nəzərdən kənarda qoymurdu. Özünəməxsus intellektuallığı, erudisiyası ilə atılacaq hər addımı ölçüb- biçir, profesionalların məsləhətlərini diqqətlə dinləyirdi. Hətta yaxşı bildiyi məsələləri də dönə- dönə müzakirə etməkdən usanmırdı… Və hər iş yüksək mədəniyyətlə, zövqlə, peşəkarlıqla görülürdü. O, kimin harada cəmiyyət üçün daha faydalı olacağını, nəyi necə etdikdə effekt verəcəyini istedadla müəyyən edirdi.

Mənsub olduğu millətin mentalitetinin, mənəvi- mədəni dəyərlərinin bilavasitə daşıyıcısı olduğundan hər işdə milli atribusiyanı qoruyurdu. Və bilirdi ki, xalqın ruhunun qəbul edə bilməyəcəyi hər hansı addım, ilk baxışdan nə qədər zəruri görünsə belə, təqdir oluna, ümummilli dəyərə çevrilə bilməz. Odur ki, bugün böyük şəxsiyyətin 70- ci, 80- ci illərdə həyata keçirdiyi elə bir tədbiri, hadisəni təsəvvür etmək mümkün deyil ki, xalqın yaddaşında qalmasın, onun tarixinə düşməsin. Hara baxsan, onun əsərlərini görərsən…

Azərbaycanın dövlət başçısı öz siyasi- ideoloji fəaliyyətində milli olduğu qədər də novator idi. Moskvanın verdiyi imkanlar daxilində (bəzən qoyulmuş məhdudiyyəti belə aşaraq) yenilikçi düşüncəni nəinki müdafiə edən, eyni zamanda onun respublikaya axınının təşəbbüskarı olan Heydər Əliyev elə bir ictimai- siyasi, mənəvi şərait yaratmışdı ki, Azərbaycanda dissident, yaxud "sandıq ədəbiyyatı" problemi olmamışdı. Alimlərin, yazıçıların, incəsənət xadimlərinin "anti- sovet" və ya "millətçi" əsərləri nəinki təqib, hətta çox hallarda təqdir edilir, gənc nəslin eksperimentlərinə qayğı ilə yanaşılırdı. "Qobustan", "Ulduz", "Azərbaycan" jurnalları, bir sıra elmi toplular, Azərbaycan xalqının etnogenezisinin müzakirə olunduğu konfranslar, cəmiyyətə açıq elmi- ideoloji lektoriyalar və s. yeni fikri yayır, yeni nəsil yetişdirirdi. Və Moskvanın respublikadakı xəfiyyələri, peşəkar danosçuları nə qədər canfəşanlıq etsələr də, respublika rəhbəri bütün təzyiqləri öz üzərinə götürərək, yaratdığı ictimai ovqatı – azadlıq əhvali- ruhiyyəsini təkidlə qoruyur, inkişaf etdirirdi.
Heydər Əliyev özündən əvvəlki birinci katiblərdən fərqli olaraq, idarəçilik, geniş mənada quruculuq fəaliyyətində təsadüflərin diqtəsi ilə deyil, gələcəyə hesablanmış strateji ardıcıllıqla hərəkət edir, gördüyü böyük işin varisliyinə çalışırdı. O bilirdi ki, "Azərbaycanda əbədidir"… Və bu əbədilik missiyası ona imkan verirdi (hətta təkid edirdi!) ki,Sovetlər Birliyinin hələ kifayət qədər güclü olduğu bir dövrdə belə xalqının mənafeyi üçün işləməkdən yorulmasın, elə bir milli mənəvi mühit yaratsın ki, millət özünün kimliyini dərk etsin.

Azərbaycanın lideri həyata keçirdiyi bütün tədbirlərdə cəmiyyətin, xüsusilə ziyalıların bilavasitə iştirakını təmin etməklə böyük mənada kollegiallıq göstərir, xalqı fəaliyyətə ruhlandırır, "fəal həyat tərzi"ni təbliğ edirdi. Azərbaycanlıları sosial- siyasi proseslərdən təcrid etmək, milləti passivləşdirmək "təcrübə"sini öz güclü iradəsi ilə məhz Heydər Əliyev aradan qaldırdı…

Bütün bunlar Heydər Əliyev siyasətinin ziyalılıq səviyyəsinin göstəricisi, mənsub olduğu xalqa böyük ziyalı xidməti idi. Milləti maarifləndirmək, mütəşəkkil etmək, dünyaya çıxarmaq… onu övlad məhəbbəti lə sevmək, gələcəyə gedən yolunu işıqlandırmaq və nəticə etibarilə, onun ziyalı liderinə çevrilmək Heydər Əliyevə qismət oldu… Elə ona görə də Azərbaycan xalqı milli azadlıq, dövlət müstəqilliyi əldə etdiyi ilk günlərdən, bütün təxribatlara baxmayaraq, öz liderini tapdı və məhz onun rəhbərliyi ilə dünya birliyinin layiqli üzvü oldu…

Heydər Əliyevin ziyalı siyasəti onun siyasətindəki ziyalılığın birbaşa davamı idi… Və Azərbaycan xalqının ümummilli lideri respublika rəhbərliyinə gəldikdən sonra

1) xalqın nüfuzlu ziyalılarını öz ətrafına topladı, onların intellektindən xalqın, respublikanın mənafeyi naminə istifadə etdi;
2) ziyalıların ictimai mövqeyini yüksəltdi, onlara dövlət qayğısı göstərdi;
3) Azərbaycanın elm, mədəniyyət xadimlərini İttifaq miqyasında tanıtdı;
4) ziyalılığın yeni nəslinin milli (müasir!) dəyərlər əsasında formalaşmasını təmin etdi;
5) ictimai həyatın hər bir sahəsində ziyalılığı əsas göstərici səviyyəsinə qaldırdı və s.

Azərbaycan tarixinin ən qaranlıq dövrlərindən milli ziyalı potensialını üzə çıxaran, millətin yaddaşını bərpa edən, Nizaminin, Əcəminin, Nəsiminin, Füzulinin, Vaqifin, C.Məmmədquluzadənin, N.Nərimanovun, H.Cavidin, C.Cabbarlının, S.Vurğunun şəxsində Azərbaycan ziyalılığına böyük bir abidə ucaldan Heydər Əliyev hələ müstəqillik dövrünə qədər Azərbaycanın ən böyük ziyalısı, idyea- fikir cəngavəri, gələcəkdə müstəqil Azərbaycanın dövlətini yaradacaq azərbaycançılıq ideologiyasının yaradıcısı idi…