Elxan Şahinoğlu Elxan Şahinoğlu

Dublin də belə getdi...

Elxan Şahinoğlu



ATƏT-in İrlandiyanın paytaxtı Dublin şəhərində keçirdiyi Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası başa çatdı. Yeni heç nə eşitmədik. Əksinə, Dağlıq Qarabağ mövzusunun bir az daha arxa plana keçdiyini müşahidə etdik. Vaxt var idi, Qarabağ ATƏT sammitlərinin başlıca mövzularından biri sayılardı, indi isə bu mövzu ətrafında geniş fikir mübadiləsi açmağı lazım bilmirlər.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dublində bir araya gəlmədilər. Görünür, deyiləcək söz qalmayıb. Əvəzində Minsk Qrupu həmsədrləri hər iki nazirlə ayrılıqda görüşdülər. Bu ondan xəbər verir ki, tərəflərin mövqeyində zərrə qədər də dəyişiklik yoxdur .Vasitəçilərin səyləri isə nəticəsizdir. Xarici işlər naziri Elmar Məmmədyarovun Dublində verdiyi qısa müsahibədə "həmsədrlər hələlik məkik diplomatiyası ilə məşğuldur" deməklə faktiki vasitəçilərin yarıtmaz fəaliyyətlərinə işarə edib. Nazir demək istəyib ki, gəlirlər, görüşürlər, ortada isə heç nə yoxdur.

Vasitəçilər də atmacalarından qalmayıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenevin adından yayılan birgə bəyanatda deyilir ki, tərəflər qətiyyətli addımlar atmırlar, sürətli tərəqqiyə nail olmaq məqsədilə 2012-ci il yanvarın 23-də Soçidə qəbul edilən bəyannaməyə riayət etmirlər, razılaşma imkanı tapmaq əvəzinə, danışıqlar prosesində tez-tez birtərəfli üstünlük əldə etmək yolları axtarırlar. Bəyanatın son cümləsi də maraqlıdır: "Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün məsuliyyət yenə də tərəflərin üzərində qalır".

Beləliklə, danışıqların dalana dirəndiyini etiraf edən həmsədr dövlətlər bu bəyanatla topu Azərbaycan və Ermənistana atıblar.

Maraqlıdır, əgər münaqişənin həlli ilə tərəflər məşğul olacaqdısa, vasitəçilər nəyə lazım idi? Həmsədrlər Ermənistanın əlində aciz qalıb. Bu ölkəni məcbur edə bilmirlər ki, heç olmazsa, ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltsın.

Nə isə. Dublində ATƏT-ə sədrlik İrlandiyadan Ukraynaya keçdi. Sevinməyə dəyməz. Əlbəttə, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, GUAM-da bir yerdəyik. Ancaq bu iki amil ATƏT sədri olaraq Ukraynanın ciddi nəticələr əldə edəcəyi mənasına gəlmir.

ATƏT-ə hər gələn sədr quruma başçılıq edəcəyi iki ildə ciddi nailiyyətlər əldə etməyə çalışacağını vəd edir. Vaxtilə Qazaxıstan da quruma sədr olanda ilk növbədə regional, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edəcəyinə inanırdı. Ancaq İrlandiya kimi Qazaxıstanın da sədrliyi heç nə ilə yadda qalmadı. Əksinə, ATƏT-in Astanada keçirilən zirvə toplantısı Qarabağ mövzusuna ümumiyyətlə toxunmadı. Ukraynanın ATƏT sədri kimi ən böyük nailiyyəti qonşuluğundakı Dnestr probleminin həlli olardı. Ancaq bu münaqişənin həlli də onluq deyil. Çünki Dağlıq Qarabağ münaqişəsində olduğu kimi Dnestr probleminin həllində də Rusiyanın maraqları digər ölkələrin maraqları ilə kəsişir.

Başqa sözlə, nə vaxta qədər ki, Rusiya Abxaziya, Cənubi Osetiya, Dnestr və Dağlıq Qarabağ münaqişələrinin həllinə əngəl olacaq, o vaxta qədər işğaldan qurtulmamız problematikdir. Bircə yol qalır ki, Rusiya və Ermənistanı Azərbaycanın gücü ilə hesablaşmağa məcbur etmək. Ancaq bu da asan yol deyil.