08:32
(077) 610-22-33

Məşvərət Məclisində “görünməyən” qüvvələr var- İTTİHAM

  • >
376 7 Dekabr 2012 14:25 | Siyasət

“Tələb etdim, o “görünməyən” qüvvənin kimliyini açıqlayın”



Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) təsisçilərindən olan Azadlıq Partiyasının sədri Əhməd Oruc "Yeni Müsavat"a açıqlamasında Yaşıllar Partiyasının Məşvərət Məclisindən istefa verməsi xəbərini təkzib edib: "İki gün öncə toplantımız olub və heç kim qurumdan çıxdığını bəyan etməyib. Ona görə də yayılan xəbərlərin heç bir əsası yoxdur".
Əhməd Orucun dediklərinə cavab olaraq Mais Güləliyev AzNews.az-a açıqlamasında deyib ki, istefa verməyi necə yalan ola bilər?!: "İstefa xəbərini deyirəmsə, necə doğru olmaya bilər. Onların belə deməyinin əhəmiyyəti yoxdur".

M.Güləliyev qeyd edib ki, oradan uzaqlaşmasına səbəb "Ədalət", Vətəndaş və İnkişaf və Yaşıllar Partiyasının blok yaratmaları olub: "Partiyamızın daxil olduğu blokun təqdimat mərasimi yanvarın 19-da keçiriləcək. Partiyanı iki blokda təmsil etməyə vaxtım çatmır. Əsas səbəb budur. Məşvərət Məclisində olanda çalışırdım ki, qurumun fəaliyyətində yaxından iştirak edəm. Hər halda bu blok deyildi, məsləhət xarakterli bir təşkilat idi. Bizim yaratdığımız isə sırf siyasi blokdur. Ona görə partiyanın idarə heyətində qərar qəbul etdik ki, Məşvərət Məclisində fəaliyyətimizə son verək. Onlara da gələcək fəaliyyətində uğurlar arzulayıram".

"Bəlkə istefa verməyinizin əsas səbəbi Vətəndaş və İnkişaf Partiyasının bir müddət öncə həmin quruma buraxılmaması olub?" sualına partiya sədri belə cavab verib: "Vətəndaş və İnkişaf Partiyası Məşvərət Məclisində iştirak etməyə cəhd göstərirdi. Kiminsə diqtəsi ilə xahiş etdilər, həmin partiya iclasda iştirak etməsin. Yəni VİP-in orada təmsil olunmasına bəzi partiyalar narazılıq etdi. Baxmayaraq ki, həmin partiyanı özləri dəvət etmişdi. Beləliklə, praktiki olaraq əsasnamə pozuldu. Mən o zaman narazılığmı bildirmişdim ki, ilk günlərdən əsasnamənin bu cür pozulması düzgün deyil. Tələb etdim, o "görünməyən" qüvvənin kimliyini açıqlayın. Bəhanələrlə cavabdan yayındılar. Məşvərət Məclisindən uzaqlaşmağımın səbəblərindən biri də budur. Çat bu məsələdən sonra yaranmışdı. Həmin hadisədən sonra quruma ümidim itdi. Burada üzə çıxmayan başqa qüvvələrin olduğunu anladım. Onlara tövsiyəm odur ki, bundan sonra əsasnaməyə əməl etsinlər".

İlkin
AzNews.az
Bağla X