“Torpaqlara Söyün Sadıqov deyil, mən qayıdacam”

"Bizim iştirakımız və xəbərimiz olmadan Söyün Sadıqov ermənilərlə danışıqlar apara bilməz". Bunu AzNews.az-a açıqlamasında "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.

Onun sözlərinə görə, heç kimin ixtiyarı yoxdur ki, Azərbaycan dövlətindən xəbərsiz Dağlıq Qarabağ məsələsilə bağlı ermənilərlə danışıqlar aparsın. B.Səfərov deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərlə aparılan bütün danışıqlardan dövlətin xəbərinin olmasını vacib sayır: "Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq dövlət başçısımıza xidmət edirik və yalnız dövlət diasporunu tanıyırıq. Bizim bütün arzu və istəklərimizi dövlət başçımız beynəlxalq tədbirlərdə gündəmə gətirir. Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq S.Sadıqovu və ya Rusiya Azərbaycan Təşkilatı İttifaqını tanımırıq. Mənim S.Sadıqovla hər hansı əlaqəm yoxdur. S.Sadıqov məni efirdən tanıya bilər. Amma mən onu üzdən belə tanımıram. S.Sadıqov Dağlıq Qarabağla bağlı hər hansı danışıqları apara bilməz.

O kimdir ki, Dağlıq Qarabağla bağlı danışıqları aparsın. Qarabağla bağlı danışıqları qarabağlı apara bilər. O torpaqlara S.Sadıqov deyil, mən qayıdacam, mənim kimi 75 min nəfər azərbaycanlı qayıdacaq. Biz yaxın zamanlarda öz torpaqlarımıza qayıdacağıq və orada üç rəngli bayrağımız dalğalanacaq. Bunu dövlət başçımız da bəyan edir. Biz prezident İlham Əliyevi dəstəkləyirik".

Vasif Həsənli
AzNews.az