“Birgə bəyanat məsələsində razılığa gəlinmədi”

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə birgə Dublində Daqlıq Qarabağa dair bəyanatının qəbul olunmaması rəsmi İrəvanın qeyri-konstruktiv mövqe sərgiləməsindən irəli gəlir.

Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT XİN rəhbərləri şurasının Dublində keçirilən 19-cu iclası çərçivəsində Minsk qrupu həmsədrləri ilə baş tutan görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

"Təəssüf ki, rəsmi İrəvanın əvvəl razılaşdırılmış məsələdən sonradan imtina etmə kimi adətləri və qeyri-konstruktiv mövqeyi səbəbindən həmsədrlərin və XİN rəhbərlərinin birgə bəyanatı məsələsində razılığa gəlinmədi", - deyə Elmar Məmmədyarov qeyd edib. Nazirin fikrincə, Ermənistan tərəfinin siyasi iradəsinin olmaması və həlledici addım ata bilməməsi qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır.

E. Məmmədyarov təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupu tərəfindən də bu məsələdə yetərli təkid nümayiş etdirilməyib. Xarici işlər naziri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdə qalmasının münaqişənin həllinə ciddi maneə olduğunu xüsusi vurğulayıb: "Bu qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması münaqişənin tənzimlənməsi prosesinin başlanmasını şərtləndirəcək".

AzNews.az