Elxan Şahinoğlu Elxan Şahinoğlu

Putin Suriyanın əvəzini Azərbaycandan çıxır

Elxan Şahinoğlu


Suriya paytaxtı Dəməşqin hava limanını ələ keçirmək uğrunda ağır döyüşlər gedir. Müxalifət qüvvələri bu həddi aşsalar, Bəşər Əsəd rejiminin vəziyyəti bir az da mürəkkəbləşəcək. Təsadüfi deyil ki, ABŞ Əsədin kimyəvi silahdan istifadə edə biləcəyindən narahatdır.

Əsəd rejimi ətrafında halqanın getdikcə daralması müttəfiqi Moskvanı da ciddi düşünməyə vadar edib. Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları bundan xəbər verir. Bu mənada Rusiya prezidentinin Türkiyəyə bugünlərdə etdiyi səfərini qeyd edə bilərik. Putinin Türkiyəyə qısamüddətli səfəri iki önəmli mesajla yadda qaldı.
Birinci mesaj ondan ibarət idi ki, Putin Rusiya-Türkiyə münasibətlərində gərginliyin olmadığı görüntüsünü formalaşdırmağa çalışdı. Məlumdur ki, Suriyada vətəndaş müharibəsi başladıqda Ankara ilə Moskvanın maraqları toqquşdu. Ankara Əsəd rejiminin devrilməsini istəyərkən, Moskva buna qarşı çıxır, Suriyadakı silahlı müxalifətdən ehtiyat edirdi. Digər tərəfdən bir müddət öncə Rusiya sərnişin təyyarəsinin Ankara hava limanına məcburi endirilməsi də iki ölkə arasında gərginliyi artırmışdı.

Buna baxmayaraq, Putin səfər etməli ölkələr içərisində Türkiyəni ön plana atdı. Doğrudur, Kreml sahibi İstanbulda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında iki ölkə arasında Suriya probleminin həllinə baxışda müəyyən fikir ayrılığının olduğunu dedi. Ancaq Putin Əsəd rejiminin vəkili olmadığını vurğulamağı da unutmadı. Bu o deməkdir ki, Kreml ölkəni viran qoyan Əsədə görə nə Türkiyə, nə də beynəlxalq aləmlə sonsuzadək üz-üzə qalmaq istəmir. Digər tərəfdən Rusiya Türkiyə ilə iqtisadi-ticarət və enerji əlaqələrinin inkişafında maraqlıdır. Ticarət mübadiləsi 40 milyard dollara çatıb, yaxın illərdə 100 milyard dolları ötəcək. Rusiya Türkiyədə milyardlarla dollar dəyəri olan nüvə elektrik stansiyasının tikintisinə də başlayacaq, Türkiyə üzərindən Avropaya qaz daşıyacaq boru xəttinin inşasına start verib. Bu layihələrdə Türkiyə də olduqca maraqlıdır. Odur ki, həm Moskva, həm də Ankara əməkdaşlıqdan bu qədər qazanc götürməyi planlaşdırarkən, Əsəd rejiminə görə bir-birilə üz-göz olmaq istəməzlər. Əsəd bu gün var, sabah yoxdur, yüksəliş dövrü yaşayan Rusiya-Türkiyə iqtisadi əməkdaşlığı isə daimi xarakter alıb.

Putinin İstanbuldakı mətbuat konfransında beynəlxalq aləmə ünvanladığı ikinci mesaj da önəmli idi. Kreml sahibi Rusiyanın yaxın gələcəkdə Suriyada dəyişikliyə yaşıl işıq yandıra biləcəyinə işarə etdi. Putin bir tərəfdən Əsədin vəkili olmaq istəmir, digər tərəfdən də Suriyada dünyəvi müxalifətlə dialoq imkanlarını araşdırır. Ancaq bu o demək deyil ki, Moskva Liviyada olduğu kimi Qərbin silahlı qüvvələrinin Suriyaya müdaxiləsinə yaşıl işıq yandıracaq. Fikrimcə, Moskva bu məsələdə daha çox Ankaranın arqumentini qəbul edə bilər. Ankara keçid dövrü üçün Əsədin ailəsinə aidiyyatı olmayan bir başqa hakimiyyət mənsubu ilə əvəz edilməsini məqbul sayır.

Moskvanın Yaxın Şərq və Suriyadan tədricən çəkilməsi, beynəlxalq aləmi, o cümlədən Türkiyəni nə qədər sevindirirsə, Azərbaycanı da bir o qədər düşündürür. Məsələ burasındadır ki, uzaq mövqelərini itirən Moskva "yaxın ətraf" uğrunda ciddi mübarizəyə başlayıb. Moskvadan Azərbaycana qarşı artan təzyiqlərin başında məhz bu amil dayanır. Putin bölgədə Avropa Birliyinə bənzər qurum formalaşdırmaq istəyir. Adını da qoyub Avrasiya Birliyi. Bu birliyin əsl tərifini ABŞ dövlət katibi Hillari Klinton verib: "Avrasiya Birliyi ideyası SSRİ-nin bərpası deməkdir".
Azərbaycan ona görə müstəqil olmayıb ki, yenidən Rusiyanın patronajlığı altında hansısa quruma üzv olsun. Bu o halda mümkün olardı ki, Rusiya Ermənistana təsir edib işğal altındakı torpaqları boşaldaydı. Ancaq Moskva bunu da istəmir. Belə olan halda Kreml bizim Rusiyanın planlarına qatılmağımızı gözləməməlidir.