Ramiz Mehdiyevin məqaləsinə görə müşavirə çagırıldı

AMEA-nın Rəyasət Heyətində Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

AMEA prezidenti, akademik Mahmud Kərimov akademik Ramiz Mehdiyevin məqaləsinin əhəmiyyətindən danışaraq onun AMEA elmi ictimaiyyətinə ünvanladığı müraciət məktubunu nəzərə çatdırıb. Məktubda internet saytlarında Azərbaycan tarixi ilə bağlı bir-biri ilə ziddiyyət təşkil edən məlumatların, xüsusən də Vikipediya ensiklopediyasında Azərbaycana qarşı təxribatların tariximizin saxtalaşdırılmasına yönəldiyi qeyd olunur. Erməni təbliğat maşınının bu iddiaları subyektiv təhriflərə əsaslanır və Azərbaycanla bağlı internetdə tarixi məlumatların məhdud olmasından istifadə edərək müxtəlif ərazilər tarixi erməni torpağı kimi təqdim edilir.

Azərbaycan tarixinin öyrənilməsində tarixçilərimizin böyük xidmətləri olduğunu, bu mövzuda sanballı kitabların yazılmasını təqdir edən M.Kərimov hər an dövlətçiliyimizin tarixini, sərhədlərimizin sabitliyini dünyaya sübut etməyin vacib olduğunu bildirdi. Bu baxımdan, o, akademik Ramiz Mehdiyevin elmi ictimaiyyət üçün olduqca maraqlı, geniş əks-səda doğuran məqaləsini zamanında yazılmış sanballı, intellektual bir məqalə kimi qiymətləndirdi, qeyd olunan problemləri aradan qaldırmaq üçün akademik Ramiz Mehdiyevin təklifi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası və AMEA-nın müvafiq institutlarının birgə səyi ilə tarixi arayışların hazırlanmasının, internet məkanında dolğun, obyektiv məlumat bazasının yaradılmasının zəruriliyini vurğuladı.

AMEA-nın müxbir üzvü Kamal Abdulla məqalənin bundan sonra da rezonans doğuracağını bildirib: "AMEA elmi-tədqiqat institutları akademik Ramiz Mehdiyevin bu məqalədə qarşıya qoyduğu tələbləri həll etmək potensialına malikdir. Bununla bağlı bir sıra elmi layihələr nəzərdə tutulur".

Akademik Mahmud Kərimov müzakirə iştirakçılarını akademik Ramiz Mehdiyevin qarşıya qoyduğu problemləri həll etməyə, onun təklif etdiyi fəaliyyət istiqamətlərini yeni qüvvə və enerji ilə tədqiq etməyə çağırdı.

Xatırladaq ki, akademik R.Mehdiyev Səfəvilər dövlətinin yaradılması tarixinin heç də həmişə düzgün və ciddi elmi meyarlarla təqdim edilmədiyini vurğulamışdı. Eyni zamanda, bu problemi işıqlandırmaq məsuliyyətini öz üzərinə götürən bəzi müəlliflərin baxışlarının bir çox hallarda qərəzli və subyektiv xarakter daşıdığını bildirmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az