23:39
(077) 610-22-33

Prezident Azərbaycan xalqını təbrik etdi

  • >
356 10 Dekabr 2012 21:42 | Siyasət

İlham Əliyev: "Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur"



Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Prezident İlham Əliyev bu münasibətlə bu gün Azərbaycan xalqını təbrik edərək deyib ki, dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib.

Prezident bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edib: "Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməyib və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur".

İlham Əliyev bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara, Avropa Olimpiya Komitəsinə böyük minnətdarlığını, təşəkkürünü bildirib: "Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcək. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcək. Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynayıb. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır".

İ. Əliyev bildirib ki, keçən il ölkəmizin tarixində böyük hadisə baş verib: "Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv qəbul edilmişdir. Biz bu şərəfə 155 ölkənin dəstəyi ilə layiq görüldük və bir il ərzində Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan öz prinsipial mövqeyini göstərir. Əvvəllər də bəyan etdiyim kimi, biz Təhlükəsizlik Şurasında beynəlxalq hüquq normalarını və ədaləti müdafiə edəcəyik. Bir sözlə, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır və ölkəmizin beynəlxalq imici də çox müsbətdir. Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir".

Prezident qeyd edib ki, əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynayıb: "Son doqquz il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artıb. İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu ilin yekunlarına görə də yenidən gözəl iqtisadi uğurları görürük və bununla fəxr edirik. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini hətta böhranlı illərdə də artırıblar. Yəni, iqtisadi imkanlar da öz rolunu oynayıb".

Prezident vurğulayıb ki, ölkəmizdə və Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirilir: "Onların bir çoxu artıq tamamlanıb. Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısındadır. Təsadüfi deyildir ki, bu amil də öz rolunu oynayıb. Növbəti illərdə də Bakının infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək. Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Özəl sektorun inkişafı üçün çox gözəl şərait vardır. Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Eyni zamanda, iqtisadi, yəni, maliyyə resurslarımız da bizə imkan verəcəkdir ki, Olimpiadanı yüksək səviyyədə keçirək".

Prezident onu da qeyd edib ki, Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb: "Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatıb. Hazırda tikilməkdə olan idman obyektləri yaxın iki il ərzində istifadəyə veriləcək. Yəni, biz Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf etmiş şəhərimiz var. Bu xəbər cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılanıb. Bu qərarın qəbul edilməsində şübhəsiz ki, idmançılarımızın uğurları da öz rolunu oynayıb. Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir".

Dövlət başçısı vurğulayıb ki, idmançılarımızın uğurları özünü Yay Olimpiya Oyunlarında da göstərib: "Bu il Yay Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq, on medal qazanmışıq. Dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşük. Yəni, bütün bu amillər bu qərarın qəbul edilməsində öz rolunu oynayıb. Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik".

Prezident qeyd edib ki, oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur: "Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız var. Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!"

AzNews.az
Bağla X