Türkiyə prezidenti və hakim partiya fəal şəkildə konstitusiya dəyişikliyi naminə təbliğata başlayıb. Türkiyə prezidenti və hakim partiya fəal şəkildə konstitusiya dəyişikliyi naminə təbliğata başlayıb.

Türkiyə dəyişir..... Nəyi? Niyə?

Türkiyə prezidenti və hakim partiya fəal şəkildə konstitusiya dəyişikliyi naminə təbliğata başlayıb.

Aprel ayında Türkiyədə tarixi səsvermə keçiriləcək- insanlar konstitusiya dəyişikliyi ilə ölkədəki hakimiyyət sisteminin dəyişilməsinə razılıq verəcəklərmi?

Prezident Rəcəb Tayyip Ərdoğan parlamentin təsdiq etdiyi 18 dəyişiklikdən ibarət qanun layihəsini ratifikasiya etməyib, amma hakim partiya və elə prezidentin özü də bu layihənin təbliğatına başlayıb. Əslində bu təbliğat bir neçə ay bundan əvvəl başlayıb. Bu qanun layihəsi hakim Ak partiya və Rəcəb Tayyip Ərdoğan üçün daxili siyasətdə son illərin ən böyük sınağı olacaq. Bu yolda hansısa səhvə yol vermək olmaz.

Partiya prezidenti və Baş Nazirin səlahiyyətlərinin azaldılması

Dəyişiklik Türkiyəni “Parlament Respublikasından” “Prezident” üsuli-idarəsini çevirməyi nəzərdə tutur. 1923-cü ildə Türkiyə Respublikası elan edilən tarixdən etibarən parlament ölkədə hakimiyyətin əsas orqanı, “atatürkçü”lər üçün isə o, həm də ölkənin siyasi sisteminin əsas rəmzi hesab olunur. Bu həm qanunvericilik fəaliyyəti, həm də müdafiə sahəsindəki qərarlara da aiddir. Məhz parlament hökümətə etimad votumu qəbul edir və onun işini birbaşa nəzarətdə saxlayır, ölkədə fövqaladə vəziyyət elan etmək hüququ var.

Nəzərdə tutulan dəyişikliyə görə, prezidentin səlahiyyətləri nəzərə çarpan dərəcədə artırılacaq. O, həm hökümət, həm də hakimiyyətin yeganə rəhbəri olacaq. Baş nazirin səlahiyyətləri isə azaldılacaq. Prezident vitse-prezidenti, nazirləri, məhkəmə hakimlərini və prokurorları təyin etmək hüququna malik olacaq. Onun imzaladığı istənilən qanun parlamentin təsdiqi olmadan qüvvəyə minəcək. Amma bu qanunlar konstitusiyanın müəyyən hissəsini əhatə edə bilər və paramentin qanunverici səahiyyətləri ilə ziddiyyət təşkil etməməlidir.

Bundan başqa, dövlət başçısı ölkədə fövqaladə vəziyyət elan edə, referendum keçirilməsi, dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentə göstəriş verə bilər. Ehtiyac yaranarsa, prezident öz partiya mənsubluğunu da saxlaya bilər.

Parlament isə, öz növbəsində, hökümətin işinə yalnız apardıqları araşdırmaların nəticəsini əsaslandıraraq vitse-prezident vasitəsilə, ona edilən yazılı müraciətdən sonra həyata keçirə bilər.

Bu araşdırmalar prezidentin işinə nəzarətə də şamil edilir. Araşdırmanın aparılması üçün Türkiyə parlamentinin 3/5-ü “hə” deməlidir. Yeri gəlmişkən, Konstitusiya dəyişikliyinə əsasən, Türkiyə parlamentində deputat yeri 550-dən 660-a qaldırılır.

Daha bir dəyişiklik hərbi məhkəmələrə aiddir. Onların da səlahiyyətləri azaldılır, intizam məhkəmələri istisna olmaqla. Bununla da, hərbçilərin nizamnamənin icrasından başqa, bütün qanun pozuntularına mülki məhkəmələrdə baxılacaq.

Parlamentin və prezidentin səlahiyyət müddəti 5 il olacaq. Əgər Türkiyə vətəndaşları bu dəyişikliyin lehinə səs versə, onda həm parlament, həm də prezident seçkiləri 3 noyabr 2019-cu il tarixində baş tutmalıdır.

Sultanlıq və ya ölkənin sonrakı taleyi?

Türkiyə prezidenti, hakim partiya və konstitusiya dəyişikliyinin digər tərəfdarları düşünürlər ki, bu reformanın vaxtı artıq çoxdan yetişib. Bununla da, Türkiyənin daha da inkişaf edəcəyinə inanırlar. Qeyd olunur ki, hazırki konstitusiya dövlət çevrilişləri nəticəsində yaradılmış hökümətin varisidir, effektsiz koalisiya höküməti mövcud demokratik reallığı əks etdirmir və dövlət sistemində işləmək üçün yararsızdır.

2007-ci il xatırlanır... həmin vaxt parlament konsensusun olmamasını əsas gətirirərək prezidenti seçə bilməmişdi. Bu isə ölkənin daxili siyasətində böhrana səbəb olmuş, vaxtından əvvəl seçkilərlə nəticələnmişdi.

Dəyişiklik tərəfdarları bu halların təkrarlanmamasını istəyirlər. Bununla yanaşı onların ölkədə avtoritar rejim yaratmaq istəyi ilə bağlı ittihamlar inkar edilir. Həm Ərdoğan, həm də hakimiyyətin digər üzvləri dəfələrlə heç bir avtoritar rejimə malik olmayan digər “prezident” üsuli-idarəli respublikalara baxıb nümunə götürülməsi ilə bağlı çağırışlar ediblər. Bu iddiaları səsləndirən şəxslərin əksəriyyəti ölkənin əsas müxalifət partiyası CHP-nin üzvləridir. Onların bu ittihamına Xalqların Demokratik Partiyasının üzvləri də qoşulub. XDP-nin sədri Selin Sayek Boke parlamentdə aşkar şəkildə bəyan etdi ki, “bu dəyişiklik – Sultanlığa keçiddir”. “Bu təşəbbüs Türkiyədə demokratiyanı məhv edəcək. Bu, hazırda hakimiyyəti altında yaşadığımız bir nəfərin səlahiyyətlətini artırmaqdır.”-deyə partiya rəhbəri bəyan edib.

Müxalifət prezidentin səlahiyyətlərinin artırılmasının ölkədə ciddi nəticələr verə biləcəyindən, təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərində vəziyyətin gərginləşməsindən narahatdır. Bundan başqa, prezident ölkənin üç əsas hakimiyyət qrumuna nəzarəti öz əlinə keçirəcək. Müxalifət isə bunun demokratiya prinsiplərinə zidd olduğunu düşünür.

Ölkənin digər bir müxalifət partiyası, MHP hakim partiyaya dəstək verir. Və AKP ancaq bu yolla qanunu parlamentdən keçirə bildi. Məsələn, “Hurriyet” qəzeti yazır ki, “MHP-nin AKP-yə belə bir radikal dəyişiklikdə niyə dəstək verməsi hələ də müəmma olaraq qalır. MHP liderləri başa düşməlidirlər ki, oynadıqları oyun məhz onların mövqelərini dağıdacaq.”

Elə MHP-nin özündə yaz aylarından etibarən bu məsələylə bağlı parçalanmalar gedir. Konstitusiya dəyişikliyinin təşviqatını isə MHP özü, tək başına aparmağa qərar verib, AKP-siz.

“Hə” və “Yox” kampaniyası

AKP və Ərdoğanın qarşısında ciddi vəzifə dayanır- referendumda dəyişikliyi qəbul etdirmək. Əks halda, bu AKP-yə və elə prezidentin özünə də ciddi zərbə ola bilər. Artıq hakimiyyət nümyəndələri sosial şəbəkələr vasitəsilə təbliğata başlayıblar. Prezident özü təbliğatda şəxsən iştirak edəcəyini gizlətmir. Bunun üçün onun əlindən gələni edəcəyi də məlumdur.

Aparılan sorğular nəticəsində ciddi qənaətə gəlmək mümkün olmasa da, AKP 2015-ci il seçkilərində səslərin 49%-ni, MHP isə 12%-ni qazanmışdı. Amma MHP-yə ümid bağlamaq olmaz. Partiya sədrlərinin qərarı onu dəstəkləyənlərin qərarı olmaya da bilər.

Türkiyədə fəaliyyət göstərən araşdırma mərkəzləri insanların fikrini öyrənmək üçün sorğular aparırlar. Bu mərkəzlərdən bəziləri əhalinin 60%-nin dəyişiklərin lehinə səs verəcəyini bildirib. Bəzi mərkəzlər bu səslərin 50-50, digərləri isə çox az fərqlə əlehinə olduğu qənaətinə gəliblər.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edir ki, sorğular aparılır, amma onları şərh etmək hələ, tezdir: “ Biz görürük ki, xalq belə bir sistemi qəbul edir. Əgər bu belə olmasaydı, biz bu işlə məşğul olmazdıq.”

Konstitusiya əlehdarları isə daha bir məqama diqqəti çəkir-təbliğat və təşviqat kampaniyası Türkiyədə hakimiyyət çevrilişinə cəhd olunan vaxtdan tətbiq edilən və bu ilin 19 aprel tarixinə qədər davam edəcək fövqaladə vəziyyət rejimində aparılacaq. Müxalifət hesab edir ki, belə bir vəziyyətdə təşviqat kampaniyası ədalətsiz ola bilər. Hakimiyyət isə fövqaladə vəziyyət rejiminin ləğvi ilə bağlı heç bir açıqlama verməyib.

Son 10 ildə Türkiyanin daxili siyasi arenasında baş verən hadisələrə nəzər salsaq görəciyik ki, müxalifətin, ordunun, atatürkçülərin və anti-ərdoğançıların istəklərindən asılı olmayaraq Ərdoğan planlarının hamısını reallaşdırmağa nail olub. Hətta siyasi establişmentin yatıb yuxuda görmədiyi və 80 il yürüdülən siyasətlə daban-dabana zidd olan qərarlar cox rahatlıqla və demək olar ki, qansız həyata keçirilir. Sössüz ki, bu qərarların, daxili siyasətdə baş verən transformasiyaların, ölkə quruluşunda baş verən dəyişikliklərin Türkiyənin gələcəyi üçün müsbət və ya mənfi olacağına dair mübahisə etmək olar və hətta lazımdır. Lakin bir fakt danılmazdır ki, bu hadisələr xalqın iradəsi olmadan baş verə bilməzdi. Unutmayaq ki, əhalinin savasdız hissəsi də xalqdır və onların səsi heç də siyasi elitanın səsindən zəif çıxmır.

Səbinə Məlikova

AzNews.az