14:12
(077) 610-22-33

Maliyyə Nazirliyi: “Siyasi partiyalar pullarını hissə-hissə alacaqlar”

  • >
338 1 Fevral 2013 10:31 | Siyasət

Vəsaitlər partiyanın bank hesabına cari ilin I rübündən başlayaraq köçürüləcək...





Azərbaycan dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsi barədə qanunun qəbul olunmasına və bunun üçün büdcədən vəsait ayrılmasına baxmayaraq, hələlik bu işə start verilməyib. 2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsinə 2,5 milyon manta ayrılıb.
Bu və digər məsələlərlə bağlı Modern.az saytının suallarını Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev cavablandırıb.

- Siyasi partiyaların maliyyələşməsinə nə zaman start veriləcək?

- Məlum olduğu kimi, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü, 17-ci və 17-1-ci maddələrinə əsasən siyasi partiyaların fəaliyyəti dövlət büdcəsindən ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir. Qanunun müvafiq maddələrinin icrası olaraq siyasi partiyalara maliyyə yardımının göstərilməsi məqsədi ilə 2013-cü ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə müvafiq vəsait proqnozlaşdırılmışdır.
Bununla əlaqədar "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 17-1.4-ci maddəsinə əsasən, dövlət büdcəsindən ayrılan vəsait rüblər üzrə bərabər hissələrə bölünməklə siyasi partiyanın bank hesabına köçürülməsi təsbitləndiyindən vəsaitin də cari ilin I rübündən başlayaraq həyata keçirilməsi nəzərdə tutulur.

- 2,5 milyon manatlıq vəsaitdən parlamentdə təmsil olunan partiyalara nə qədər çatacaq?

- "Siyasi partiyalar haqqında" Qanunun 17-1.2-ci bəndinə əsasən siyasi partiyaların fəaliyyəti ilə bağlı dövlət büdcəsində ayrılmış vəsaitin 50 faizi seçilmiş deputatlarının sayına proporsional, 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər və 10 faizi isə irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünməklə həyata keçiriləcəkdir.

- Maliyyə Nazirliyi bu vəsaiti rüblükmü, aylıqmı, illikmi ödəyəcək?

- Dövlət büdcəsindən ayrılan vəsaitin müvafiq icra hakimiyyəti orqanı tərəfindən rüblər üzrə bərabər hissələrə bölünməklə siyasi partiyanın bank hesabına köçürülməsi təmin ediləcəkdir.

- Bu, ölkədə ilk təcrübədir. Maliyyə Nazirliyi bununla bağlı hansı işləri aparır?

- Fevral ayının ikinci ongünlüyündən başlayaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə sözügedən təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün seminarların keçirilməsinə başlanılacaq. Seminarlarda "Siyasi partiyalarda maliyyə hesabatlarının tərtibi üzrə konseptual əsaslar", "Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi" mövzularda təlimlər keçiriləcək.

AzNews.az
Bağla X