05:08
(077) 610-22-33

Putinin Medvedyevlə Azərbaycana görə mübahisəsi

  • >
156 1 Fevral 2013 15:31 | Siyasət

Elxan Şahinoğlu

Rusiyanın hakimiyyət dairələrinə yaxın sayılan "Nezavisimaya qazeta" qəzetinin yazdığına görə, Medvedyev prezident olduğu illərdə Azərbaycana "Favorit" zenit raket qurğuları satıb. Putin Kremlə qayıtdıqdan sonra isə Azərbaycanla hərbi sahədə alqı-satqı əməliyyatını dayandırıb.
Putinin Azərbaycana baxışı aydındır, bizi Kömrük İttifaqı ilə özünün yeni kəşfi olan Avrasiya Birliyinə üzv etmək istəyir. Bakının isə bu iki təklifə "yox" cavabı, üstəgəl də Qəbələ RLS-in fəaliyyətinə xitam verməsi Putini qəzəbləndirib. O da bunun qarşılığında Azərbaycanı cəzalandırmaq qərarını verib. Cəzalandırmağın yolu isə Azərbaycana hərbi-texniki avadanlıq satışını durdurmaq, əksinə Ermənistanı silahlandırmaqdan keçir. Sonuncu istiqamətdə Kreml fəaliyyətini bir az daha yoğunlaşdırıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu həftə Ermənistana səfər edib. Onunla bərabər Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi Bordyuja da gedib. Hər ikisi İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının akademiyasının açılışında iştirak ediblər. Ziyarət çərçivəsində Ermənistanla hərbi əməkdaşlığın inkişafı ilə yanaşı, bağlı qapılar arasında Xocalı hava limanının açılması mövzusunun müzakirə edildiyi də gələn xəbərlər arasındadır. Şoyqunun mövzuyla bağlı nə söylədiyi bəlli olmasa da, Bordyujanın "Azərbaycanın mülki təyyarələri vurması mümkün deyil" kimi açıqlama verdiyi bildirilir.
Bu açıq-aşkar şantajdır. Necə yəni vura bilmərik? Təyyarə hava sərhədimizi pozacaq, Xankəndiyə bu nəqliyyat vasitəsilə nə daşındığını bəlli olmayacaq, biz isə olanları sadəcə seyr edəcəyik? Əlbəttə, mülki təyyarənin vurulması Azərbaycana beynəlxalq aləmdə problemlər yarada bilər. Ancaq təyyarənin vurulma ehtimalının yüksək olduğunu bilə-bilə hansı erməni bu nəqliyyat vasitəsindən istifadə edər? Mülki təyyarə söhbəti blefə oxşayır. Təyyarənin ilk sərnişinləri böyük ehtimalla erməni hərbçiləri və ya ancaq pilotlardan ibarət olacaq.
İrəvandan təyyarə Xocalı hava limanına istiqamətlənəcəksə, bunun icazəsi Kremldən alınacaq. Ermənistanda fevralın 18-də prezident seçkisi keçiriləcək. Bu müddətə qədər İrəvan və Kreml risqli addım atmayacaqlar. Ancaq seçki başa çatandan sonra Kreml+İrəvan cütlüyünün hansı təxribatçı addım atacağını söyləmək çətindir.
Yazının əvvəlində Medvedyevin Azərbaycana zenit qurğuları satmasını Putin tərəfindən dayandırıldığını qeyd etmişdik. Medvedyevin bu qərarını tək Putin deyil, onun yaxın ətrafı da qəbuledilməz sayıb. Onlar Kremlin eyni zamanda həm Ermənistan, həm də Azərbaycanla hərbi əməkdaşlığı doğru saymırlar. Kreml texnoloqları və politoloqları bu sualı açıq səsləndirirlər: "Ermənistan bizim hərbi-strateji müttəfiqimizdir, bəz Azərbaycan nədir?"
Kremlə yaxın politoloqlar Medvedyevi tək Azərbaycana görə deyil, yaxın keçmişdə atdığı başqa qaddımlara görə də tənqid edirlər. Məsələn qeyd edirlər ki, Medvedyev prezident olduğu dövrdə BMT-dəki səsvermədə Liviyanın keçmiş diktatoru Qəzzafiyə qarşı sanksiya qərarına veto qoymalıydı. Medvedyev isə əksinə Liviyaya qarşı beynəlxalq hərbi əməliyyata yaşıl işıq yandırdı. O zaman Medvedyevin bu qərarını dolayısıyla keçmiş baş nazir Putin də tənqid etmişdi.
Medvedyevin tənqidçiləri onun Cənubi Osetiyaya müdaxilə qərarını gec verdiyinə görə də qınayırlar. Onların sözlərinə görə, keçmiş Kreml sahibi Rusiya qoşunlarının vaxt itirmədən Gürcüstana daxil olmasına qərarı versəydi, rus hərbçiləri arasında itki də az olardı. Əslində Medvedyevin tənqidçiləri qaşınmayan yerdən qan çıxarırlar. Çünki, Medvedyev Cənubi Osetyaya qoşun göndərməkdə heç də ləngimədi, əksinə Rusiya hərbi birlikləri qısa müddət ərzində Tiflis yoluna çıxdılar.
Göründüyü kimi, Rusiyanın hakimiyyət dairələrində Medvedyevin qaralama kampaniyası başlayıb və bu qaralamada onun Azərbaycana silah satmasını da bəhanə edirlər. Bu o deməkdir ki, Putin Medvedyevin mövqelərini zəiflətmək üçün qollarını çırmalayıb.
Bağla X