Toplantıda Cənubi Azərbaycandakı proseslər müzakirə edildi Toplantıda Cənubi Azərbaycandakı proseslər müzakirə edildi

Sabir Rüstəmxanlı mətbuat konfransı keçirdi

Toplantıda Cənubi Azərbaycandakı proseslər müzakirə edildi


Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin Frankrurtda keçirilən sonuncu iclası və Güney Azərbaycandakı soydaşlarımızın vəziyyətinə dair mətbuat konfransı keçirilib. DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı yanvarın 18-19-da keçirilən iclas barədə ətraflı məlumat verib.
Millət vəkili bildirib ki, İdarə Heyətinin yığıncağında Güney Azərbaycanda, ümumilikdə isə İranda baş verən son hadisələr, Urmu gölünün quruması, Gürcüstandakı azərbaycanlıların problemləri, Gülüstan müqaviləsinin imzalanmasının 200 illiyi çərçivəsində tədbirlərin keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

DAK-ın Güney Azərbaycan məsələsini gündəmdə saxlayacağını vurğulayan S.Rüstəmxanlı Azərbaycanın parçalanmasına səbəb olan Gülüstan müqaviləsinin 200 illiyinə diqqəti çəkib. Qeyd edib ki, bu münasibətlə azərbaycanlılar yaşayan ölkələrdə müzakirələr aparılmalı və beynəlxalq birlikdən münasibət tələb olunmalıdır.

Bu ilin oktyabrında Gülüstan müqaviləsi ilə bağlı beynəlxalq forumun keçiriləcəyini diqqətə çatdıran DAK həmsədri Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına dünya birliyinin ciddi münasibətini vacib hesab edib.

S.Rüstəmxanlı GAMOH lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana və Türkiyəyə buraxılmamasına da toxunaraq, bunun bütün dünya mətbuatının diqqətində olduğunu qeyd edib və ölkə prezidenti İlham Əliyevə müraciət edib: "Müraciət qurumun Məşvərət Məclisinin sədri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana səfər etməsinə yaradılan maneənin aradan qaldırılması ilə bağlı olub. M.Çöhrəqanlı bu gün də olmasa, yaxın vaxtlarda Azərbaycana gələ biləcək. Bəli, Türkiyəyə gələ bilmədi. Çünki Milliyyətçi Hərəkat Partiyasının qurultayına buraxmadılar. Onun Türkiyəyə gelə bilməməsi, getməsindən daha geniş müzakirə mövzusuna çevrildi və Türkiyə mətbuatının diqqəti bu istiqamətə yönəldi, o cümlədən iqtidara suallar ünvanlandı".

DAK-ın həmsədri onu da əlavə edib ki, hazırkı məqamda Türkiyə və Azərbaycan İranla münasibətləri pozmaq istəmir: "Hələlik bölgə ölkələri İranın nazı ilə oynayır. Lakin bu çox çəkməz. M.Çöhrəqanlının Azərbaycana səfərinin zor gücünə reallaşdırılmasının mümkünsüzdür. Amma onun səfəri reallaşacaq".


Fuad Mədətov
AzNews.az