Prezidentliyə namizəd ona edilən sui-qəsddə Rusiyadan şübhələnir


"Mən Rusiya xüsusi xidmət orqanlarının bu hadisədə əlinin olmasından şübhəmi gizlətmirəm. Rus imperializmi bizim düşmənimiz olub, indi də düşmənimiz olaraq qalır".



APA-nın məlumatına görə, bunu Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan ona qarşı törədilən sui-qəsddən sonra müalicə olunduğu xəstəxanada keçirdiyi brifinqdə söyləyib.



P. Hayrikyan ona qarşı törədilən hadisəsinin təfərrüatları haqqında danışıb: "Artıq terror hadisəsini xatırlamağa başlayıram. Mənə hücum edənin milliyyətcə erməniyə bənzəmirdi. Bu hadisəni törədənlərin Rusiya imperialist qüvvələrinə bağlı olduğundan şübhələnirəm. Terror məni öldürmək niyyətli olub. Bəzi ölkələrin belə terror hadisələrini törətmək üçün xüsusi qüvvələri fəaliyyət göstərir".



Rusiyaya qarşı sərt ittihamlar səsləndirən P. Hayrikiyan deyib ki, terror hadisəsi ölkədə çaxnaşma yaratmaq məqsədi daşıyıb: "Biz ruslar üçün heç nəyik. Ermənistan Rusiya üçün forpostdur".



O, Rusiyanın siyasətinin Ermənistanı iqtisadi cəhətdən özündən asılı vəziyyətə salmaq olduğunu da qeyd edib: "Rusiya imperializmi istəmir ki, erməni xalqı inkişaf etsin, genişlənsin, dünyaya inteqrasiya etsin. Əgər erməni xalqı inkişaf etsə, onda ruslar öz ayaqlarını burdan çəkməli olacaq. Bu da onlara sərf etmir. Belə hesab edirəm ki, Rusiyanın Ermənistandakı iqtisadi layihələrindən gələn gəlirləri erməni xalqının rifahına xidmət etməlidir. Bunun üçün bağlanan müqavilələrdə erməni tərəfi uduzan olmamalıdır".



"Ermənistanda keçirilən seçkilərin azad və demokratik olması Rusiya prezidenti Vladimir Putinə sərf etmir" sualını cavablandıran P. Hayrikyan bildirib ki, məsələyə fərdi yanaşmağın əleyhinədir: "Mən Putin və ya digər istənilən şəxs haqqında danışmıram. Rusiya imperializminin siması istənilən şəxsin – Stalinin, Atarbekyan və digərlərinin timsalında ola bilər. Mən ümumilikdə Rusiya imperializmindən danışıram".



O qeyd edib ki, həkimlərin uğurlu müdaxiləsindən və müalicə prosesindən sonra səhhəti stabilləşməyə doğru gedir: "Daha 3 gün müalicə prosesindən sonra siyasi fəaliyyətimi davam etdirəcəyəm. Seçkilərdə iştirak niyyətimdən çəkinməmişəm. Mənim ölkə qanunvericiliyinə əsasən seçki tarixini təxirə sala bilərəm. Bu mənə qarşı törədilən terror hadisəsi zamanı yaralanmağım və müalicə prosesinin bitməməsi ilə bağlıdır. Seçkilər isə ümumxalq işidir və bu barədə qəti fikrimi fevralın 5-də açıqlayacağam".