“Müsavat Partiyası REAL Hərəkatı ilə birgə aksiyalar keçirəcək”

Bu gün Müsavat Partiyasının qərargahında İsmayılı hadisələrinə görə, həbs olunan Tofiq Yaqublu və REAL Hərəkatının üzvü İlqar Məmmədovla bağlı mətbuat konfransı keçirilib. Modern.az-ın məlumatına görə, konfransda Arif Hacılı, Arzu Səmədbəyli, Hacı İlqar İbrahimoğlu, Ərəstun Oruclu, Pənah Hüseyn və Almaniya səfirliyinin nümayəndəsi iştirak ediblər.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatın rəhbəri Arif Hacılı çıxışı zamanı bildirib ki, Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllı hadisələrində iştirak etməyib.
"Sadəcə sonradan Tofiq Yaqublu jurnalist fəaliyyətini həyata keçirmək üçün və İlqar Məmmədov prosesləri izləmək üçün İsmayıllıya gediblər. Yəni onlara qarşı irəli sürülən bu ittihamlar tamamilə absurddur. Bu həbslər əndazəni asmış bir həbsdir".

A. Hacılı bildirib ki, Tofiq Yaqublu və İlqar Məmmədovun həbs edilməsi prezident seçkisi ilə bağlıdır:

"Çünki Tofiq Yaqublu İsa Qəmbərin ən yaxın adamlarından biridir, İlqar Məmmədov isə prezidentliyə namizəddir. İsmayıllı tipli hadisələrin bölgələrdə çox olması gözlənilir. Hər ikisi vicdan məhbusudur. Çünki onlar heç bir cinayət törətməyiblər. Onların müdafiə işi güclü təşkil olunacaq, bunun üçün tədbirlər planı hazırlanacaq. REAL (Respublikaçı Alternativ Hərəkatı) hərəkatı ilə Müsavat Partiyası onların azadlığa çıxması üçün birgə aksiyalar keçirəcək".

AzNews.az