19:54
(077) 610-22-33

Hüquq müdafiəçiləri hakimiyyəti və Avropa Şurasını tənqid etdi

  • >
351 5 Fevral 2013 20:22 | Siyasət

Bu gün Media Mərkəzində hüquq müdafiəçilərinin iştirakı ilə sonuncu etiraz aksiyalarına və aksiya iştirakçılarının həbslərinə həsr olunmuş dəyirmi masa keçirilib.

İştirakçılar İlqar Məmmədov və Tofiq Yaqublunun həbsi ilə bağlı narazılıqlarını bildiriblər. Hakimiyyət təqsirsiz insanları həbsə atır. Bundan sonra da belə davam edərsə, istənilən vətəndaş barmaqlıqlar arxasına düşə bilər, deyə iştirakçılar qeyd ediblər.

İlqar İbrahimoğlu bildirib ki, İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllı hadisələri ilə heç bir əlaqəsi yoxdur. Hüquq müdafiə və partiya qurumlarının nümayəndələri olan bu şəxslər İsmayıllıya hadisə ilə yerində tanış olmaq üçün getmişdilər.

"Dərhal təsirli tədbirlər görülməlidir, yoxsa bu həbs uzun müddət davam edəcək", deyə o bildirib.

Novella Cəfəroğlu hesab edir ki, hüquq müdafiəçiləri bu hadisələrlə bağlı vahid mövqe tutmalıdırlar. Hakimiyyət xalqın ürəyinə qorxu salmaq və küncə sıxışdırıb, susmağa məcbur etmək istəyir. Həbs edilənlərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etmək lazımdır, deyə o bildirib.

Eldar Zeynalovun fikrincə, hakimiyyət fərqli düşünənlərlə bu şəkildə hesablaşır. O hesab edir ki, İlqar Məmmədovu İsmayıllı hadisələrinə görə deyil, Bakıdakı hadisələrə görə həbs ediblər. O xatırladıb ki, hər dəfə seçkilərdən əvvəl hakimiyyət nə isə düşünür: ya partiyaların maliyyə fəaliyyətini sərtləşdirir, ya icazəsiz aksiyalarda iştiraka görə yüksək cərimələr tətbiq edir.

Anar Məmmədli qeyd edib ki, İsmayıllıya gedib, orada baş verənləri yerində aydınlaşdırmaq hər bir QHT əməkdaşının, siyasi partiyanın, jurnalistin və sadəcə ictimai fəalların borcu idi.

O, Yaqublu və Məmmədovun İsmayıllıdakı fəaliyyəti ilə bağlı öz araşdırmalarını aparağı təklif edib.

Arzu Abdullayeva həmkarları mütəşəkkilliyə çağırıb. "Hökm sürən özbaşınalığa göz yuma bilmərik, təqsirsiz insanlar həbs edilir və bütün bunlar seçkilər ilində baş verir", deyə o bildirib.

Toplaşanlar beynəlxalq qurumları, o cümlədən Avropa Şurasını Azərbaycandakı bu hadisələrə qarşı seyrçi mövqeyinə və fəal reaksiyaları olmadığına görə ittiham ediblər.

Avropa Şurasının Bakı nümayəndəliyinin sədr müavini Teymur Məlikaslanov bildirib ki, İlqar Məmmədov AŞ əməkdaşıdır və bu qurum ona dəstək göstərmək niyyətindədir. "Biz həmişə öz əməkdaşlarımıza dəstək göstəririk. Avropa Şurasının baş verənlərlə bağlı tam məlumatı var və bu məlumat Strasburqa daxil olacaq", deyə o bildirib.

RATİ rəhbəri Emin Hüseynov öz növbəsində bildirib ki, Azərbaycanda AŞPA-nın seçkilər üzrə xüsusi məruzəçisinə ehtiyac var. Bu mütləqdir, çünki Azərbaycan öz öhdəlikləri ilə bağlı hesabat verməlidir.

İclasın yekunlarına görə İlqar Məmmədov və Tofiq Yaqublunun dərhal azad edilməsi tələbi ilə ölkə prezidentinə, həmçinin Avropa Şurasına müraciət göndərmək qərara alınıb
Bağla X