14:48
(077) 610-22-33

“Bu qərar AŞPA-da islamofob meyillərin gücləndiyini göstərir” - Elçin Əhmədov

  • >
14 885 26 Aprel 12:43 | Siyasət

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı subyektivdir, qərəzli xarakter daşıyır. Ümumiyyətlə, son vaxtlar bəzi dairələrin, xüsusilə Avropa təsisatlarının sifariş xarakterli sənədlər qəbul etməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında ikili standartların və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünü göstərir. Təcrübə göstərir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi daşıyır.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov AŞPA-nın Türkiyə ilə bağlı qərəzli qərarını AZƏRTAC-a şərh edərkən deyib.

“Müasir dövrdə beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, islamofobiya Qərbdə sanki həyat tərzinə çevrilməkdədir”, - deyən Elçin Əhmədov bildirib ki, Avropa ölkələrində İslam dininin daşıyıcılarının haqsız təqiblərə və təzyiqlərə məruz qalmaları da bunun bariz nümunəsidir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yazdıqlarından da məlum olur ki, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta fiziki zorakılıqlarla qarşılaşırlar. Bəs insan haqlarının qorunması istiqamətində “fəaliyyət göstərən” Avropa təşkilatları hara baxırlar? Əsas fəaliyyətlərini insan hüquq və azadlıqlarının qorunması üzərində quran bir sıra beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən niyə sükutla keçirlər? Bunun əsas səbəbi həmin təşkilatların maliyyələşdirilməsinin elə Qərb dövlətləri tərəfindən həyata keçirilməsidir.

Hazırda beynəlxalq ictimaiyyətə də bəllidir ki, Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Bu dövlətlərdə etnik və dini ayrı-seçkilik o həddə çatıb ki, qaradərili insanlar və müsəlmanlar ictimaiyyətin gözləri qarşısında məhv edilir. Amma bir qədər əvvəl Türkiyənin Rotterdamdakı konsulluğunun ətrafına toplaşmış dinc insanlara qarşı atlı və itli polislərdən istifadə edilməsi heyrət doğurmuşdu. Həmin hadisə vaxtı xəsarət alanlar oldu, üstəlik, 15 nəfər həbs edildi. Bəs onda Avropa Şurası hara baxırdı? Bütün bunlar Avropada demokratik dəyərlərin ancaq kağız üzərində olmasının əyani təsdiqidir. Son illərdə Qərbdəki bəzi qurumların qondarma “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antiazərbaycan və antitürk meyillərin güclənməsinin açıq-aşkar təzahürüdür. Eyni zamanda, Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, “Azərbaycanda demokratik institutların fəaliyyəti” və s. məsələlərlə bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirdi.

Elçin Əhmədov bildirib ki, hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Müasir dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünyada nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Şübhəsiz ki, Azərbaycanın hazırda dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması bu gün antimüsəlman ovqatının hökm sürdüyü Avropada, Qərbdə bəzi qüvvələri heç də razı salmır. Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşir.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynadığını və böyük rəğbət qazandığını bildirən Prezident İlham Əliyev bizim haraya və necə inteqrasiya etməli olduğumuza diqqət çəkərək deyib: “...Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara “stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.

Əlbəttə ki, qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu sənəd Avropa Şurasının birinci belə subyektiv, antiislam, antitürk mahiyyəti kəsb edən son qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür ədalətsiz qərarların şahidi olacağıq. Halbuki həm Azərbaycan, həm də Türkiyə antiqərb mövqeyində deyil və Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır. Amma təəssüf ki, son zamanlar Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürür. Bu siyasətin Qərbə, Avropaya nə verəcəyini tarix özü göstərəcək. Bu qərar AŞPA-da islamofob meyillərin gücləndiyini və müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Amma Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ölkəmizə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman dövlətlərini hədəfə almaq səylərini heç vaxt qəbul etməyəcək.

AzNews.az

Bağla X