Rəsul Quliyev Azərbaycana qayıdır?

Eks-spiker, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyevin Azərbaycana dönüşü hələ də mümkün olmur. Onun vətənə qayıdışı haqqında dəfələrlə verilən xəbərlər də özünü doğrultmur. Hazırda interpolun axtarışında olan R.Quliyevin Azərbaycana buraxılması üçün prezident İlham Əliyevə müraciət olunacağı bildirilir.

Verilən məlumatlara əsasən artıq müraciətlə bağlı ölkə başçısına göndəriləcək mətn də hazırdır. Eks-spikerin vətənə dönüşü ilə bağlı yaradılan Müdafiə Komitəsindən məsələyə aydınlıq gətirmələrinə çalışsaq da qurumda təmsil olunanlar hələlik susmağa üstünlük verirlər. Komitədə təmsil olunanlar hesab edirlər ki, bu məsələ "Ziyalılar Forumu"nun toplantısında müzakirədən sonra ictimailəşə bilər.

Qeyd edək ki, R.Quliyevin özü də son açıqlamasında Azərbaycana buraxılması üçün prezident İlham Əliyevə müraciət olunacağı haqda xəbərə münasibət bildirmək istəməyib. Deyib ki, onunla bağlı yaradılan müdafiə komitəsinin həmtəsisçisi Musa Yaqubun bu haqda fikirlərini şərh etmək istəmir. Eks-spiker ölkə başçısına müraciətin edilib-edilməyəcəyi haqda heç nə deməyib.

Gültəkin
AzNews.az