13:51
(077) 610-22-33

“Xocalı soyqırımını tanımaqla qürur duyuruq” - Cibuti parlamentinin sədri

  • >
2 014 3 May 2017 18:37 | Siyasət

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, O. Əsədov bildirib ki, ilk dəfədir Cibuti parlamentinin sədri Azərbaycana səfər edir və bu səfərin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əmindir. O, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək bildirib ki, məhz iki ölkə başçılarının görüşündən sonra ikitərəfli əlaqələrin inkişafı üçün münbit şərait yaranıb: “Hazırda iqtisadi, humanitar və digər sahələrdə münasibətlərimizi inkişaf etdirmək üçün işlər aparılır. Bunun üçün hər iki ölkənin yüksək vəzifəli şəxslərinin mütəmadi səfərləri həyata keçirilir. Hər iki ölkənin parlamentində qarşılıqlı dostluq qrupları yaradılıb”.

Milli Məclisin sədri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və Cibuti parlamentinin Xocalı soyqırımının tanınmasına dair qəbul etdiyi qətnaməyə görə qonaqlara təşəkkürünü bildirib, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Mohamed Əli Huməd bildirib ki, bir müsəlman ölkəsi olaraq Cibuti Respublikası həmişə Azərbaycanın yanındadır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini arzulayır. O diqqətə çatdırıb ki, Xocalı soyqırımı barədə qətnamə Cibuti Respublikası Milli Assambleyası tərəfindən tərəddüdsüz qəbul edilib: “Bundan qürur duyuruq”.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkə parlamentində qarşılıqlı dostluq qruplarının rəhbərləri Vüsal Hüseynov, xanım Safiya Elmi Cibril, deputat Ülviyyə Ağayeva, hər iki ölkənin akkreditə olunmuş səfirləri Elman Abdullayev, Əli Mohamed Kamil və digər rəsmi şəxslər iştirak ediblər.

Bağla X