00:55
(077) 610-22-33

“Azərbaycanda inqilab olmalıdır” - MÜSAHİBƏ

  • >
351 7 Fevral 2013 09:20 | Siyasət

Asim Mollazadə: “Müstəqillik qazanmışıq, amma sovet mühitindən, totalitar baxışlardan qurtulmamışıq”



Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadənin AzNews.az-a müsahibəsi:

- Asim müəllim, söhbətə gündəmdə olan məsələdən başlayaq. Tofiq Yaqublu və İlqar Məmmədovun həbs edilməsinə münasibətiniz necədir?

- Hansısa siyasi partiyanın və ya ictimai təşkilatın rəhbərliyinə daxil olan şəxslərin həbsi ilə bağlı hüquq mühafizə orqanları mütləq ictimaiyyətə məlumat verməlidirlər. Konkret həbsin səbəbləri, cinayət işinin açılmasının təfərrüatlarını açıqlamalıdır. Əks halda, şübhələr yarana bilər ki, bu həbs siyasi motivlərlə bağlıdır. İndiki halda verilən məlumatlar ictimaiyyəti qane etmir. O məlumatlarla tanış olmuşam, hesab edirəm ki, çox cüzi informasiyalar verilib.

- Əkrəm Əylislinin əsərinə və ümumiyyətlə ona qarşı edilən hücumları necə qiymətləndirirsiz?

- Əkrəm Əylisliyə olan təzyiqlərlə bağlı öz narazılığımızı bildirmişik. Hətta ona qarşı keçirilən etiraz aksiyasını da pislədik. Mənfi qarşıladığım əsərə belə bu cür münasibətin olmasını qəbul etmirəm. Yəni, əsərə münasibətim mənfidir, eyni zamanda qeyd olunmalıdır ki, ona qarşı keçirilən etiraz aksiyalarına da. Azərbaycan tərəfinin barbar reaksiyası erməni təşkilatlarına çox böyük imkanlar yaradıb. Rusiya mətbuatı bu məsələdən yazıb. Hətta ABŞ-da çap olunan "New York Times" qəzetində bu əsərlə bağlı parlamentdəki müzakirələr əksini tapıb. İnformasiya müharibəsi davam edir.

- Onu Azərbaycanın Orxan Pamuku adlandıranlar da oldu...

- Mənə elə gəlir ki, burada Orxan Pamukla müqayisə ediləcək bir şey yoxdur. "Nobel" mükafatından da söhbət gedə bilməz.

- Ölkədə baş verən bu gərgin proseslər seçkilərə qədər daha da intensivləşə bilərmi?

- Çalışırıq ki, Azərbaycanda keçiriləcək seçkilər hansısa fövqəladə qarşıdurmaya çevrilməsin. Seçkilərin şəffaf keçirilməsi də buraya daxildir. Rəqibə düşmən münasibət bəsləmək, "kim mənimlə deyil, o düşməndir" kimi fikirləşmək bolşevik baxışlarından miras qalmış bir münasibətdir. Rəqiblə rəqabət aparmaq lazımdır. Siyasi qüvvələrin seçicilərə özləri barədə məlumat vermələri üçün sağlam mühit olmalıdır. Buna görə də ölkədə siyasi mədəniyyət inkişaf etməlidir. Bu zaman rəqiblərdən daha güclüsü, cazibəsini ifadə edə bilən qələbə çalacaq.

- Sizcə, Azərbaycanda seçkilər şəffaf keçirilir?

- Baxmayaraq ki, 20 ildir müstəqillik qazanmışıq, amma sovet mühitindən, totalitar baxışlardan qurtulmamışıq. Bu, asan deyil. Bunun üçün nəsil dəyişməlidir, siyasi mədəniyyət mövcud olmalıdır. Hələ bu proses gedir. Partiya olaraq, çalışırıq ki, ölkədə söz, sərbəst toplaşmaq azadlığı təmin edilsin. Bununla bağlı biz dəfələrlə bəyan etmişik ki, Bakı şəhərinin rəhbərliyi müvafiq yerlər ayırmalıdır ki, hər bir siyasi, ictimai təşkilat sərbəst toplaşa bilsin. Bura İngiltərəni misal gətirə bilərəm. Orada aksiyaların keçirilməsi üçün xüsusi yerlər yaradılıb. Rusiyanın paytaxtı Moskvada da bu təcrübədən istifadə edilib. Bütün bunlarla yanaşı siyasi qüvvələrin təcrübələri də artmalıdır.

- Aksiyalar mövzusuna toxundunuz. Keçirilən aksiyalarda iştirak edən gənclərin cərimələnməsinə münasibətiniz necədir?

- Cərimələrin artırılmasının əleyhinəyəm. Çünki Azərbaycanda orta əmək haqqı o səviyyədə deyil ki, bu qədər cərimələr ödənilsin. Nə qədər ki, aksiyaların keçirilməsi üçün yer ayrılmayacaq, o zaman bu cür qanunsuz aksiyalar keçiriləcək və gənclər də külli miqdarda cərimələnəcəklər. Belə məsələlərin həllinə kompleks yanaşmaq lazımdır. Bir çox məsələlər cəmiyyətdə normal müzakirələrdən sonra nəticələnməlidir. Bir şüarımız var, Azərbaycanda bizim düşməniz yoxdur, hər kəs bizim qardaşımızdır. Belə olarsa, siyasi mübarizədə siyasi, mədəni münasibətlər sisteminə çata bilərik.

- Seçki ərəfəsidir. Bu zaman kəsiyini necə qiymətləndirirsiz? Ölkədə seçki ab-havası varmı?

- Hələ seçkilərə xeyli vaxt var. Təbii ki, ölkədə seçki ab-havası mövcuddur. Ölkədə siyasi partiyalar arasında danışıqlar gedir, partiyalar hansısa bloklar şəklində bir araya gəlir. Amma ölkə müxalifəti parçalanmış vəziyyətdədir. Buna görə də iqtidarda olan qüvvələrin imkanı daha genişdir. Onlar vahid mövqedən çıxış edə bilirlər. Rəqiblər isə daha çox öz aralarında münasibətləri gərginləşdirirlər.

- Müxalifət partiyalarının rəhbərlərinə efir vaxtının verilməməsi, hansısa partiya sədrinin bölgələrə buraxılmaması müxalifətin sıxışdırılması anlamına gəlmirmi?

- Bunu siyasi mədəniyyətin aşağı səviyyədə olması kimi qiymətləndirirəm. Ölkədəki kanalların baş verən prosesləri işıqlandırmasına şərait yaradılmalıdır. Həmçinin, hər bir partiya rəhbəri bölgələrdə sərbəst görüş keçirmək imkanına malik olmalıdır. Bunun qarşısını almaq belə şübhələr yaradır ki, hakimiyyət daxilində onların tərəfdarları həmin partiya rəhbərlərinin önəmini artırmaq üçün belə piar aksiyası keçirirlər. Hər iki tərəfdə siyasi mədəniyyətin çərçivəsi olmalıdır.

- Bəs, konkret olaraq, sizin rəhbərlik etdiyiniz partiya seçkilərə necə hazırlaşır?

- Hazırda seçki ilə bağlı partiyada müzakirələr gedir. Seçkilərə hazırlaşırıq, müttəfiqlərimizlə danışıqlar aparırıq. Təbii ki, prezident seçkilərində iştirak edəcəyik. Hansı formada iştirak edəcəyimizi seçkilər ərəfəsində açıqlayacağıq.

- Seçkilərə yaxın DİP-in hansısa partiya ilə blok halında birləşmə ehtimalı varmı?

- Bu məsələnin təfərrüatları barədə danışmaq istəmirəm. Hesab edirəm ki, hər bir siyasi partiya seçkilərdə iştirak etməlidirlər. Bir fikirlə kifayətlənirəm ki, seçkilərdə iştirak edəcəyik.

- Bəzi ekspertlər iddia edir ki, İsmayıllı hadisələrində xarici qüvvələrin əli var...

- İstisna etmirəm. İndi Azərbaycana olan təzyiqlər müəyyən qədər mənə əsrin müqaviləsi imzalanan zamanı xatırladır. Bakı-Tiflis-Ceyhan inşa edilənə qədər Azərbaycana müəyyən təzyiqlər edilirdi. İndi bilirsiz ki, Azərbaycan TANAP sazişini imzalayıb. Bu da özünü bizimlə rəqabətdə hiss edən qüvvələr üçün qıcıq oyadır. Təəssüflə qeyd etməliyəm ki, Rusiyada qonşularla normal dost, tərəfdaşlıq çərçivəsində deyil, "böyük qardaş" funksiyasını oynamaq iddiaları sezilir. Zaman dəyişib, bu təzyiqlər, artıq, yeni formada ifadə olunur. Əvvəllər zor tətbiq edilirdisə, indi "yumşaq güc" texnologiyasından istifadə edilir. Bu ictimai təşkilatlarla, media vasitəsi ilə cəmiyyətin müəyyən dairələrini fəallaşdırmaqla baş verir. Azərbaycanın üzərinə dünya geostrategiyasında çox önəmli rol düşüb. Azərbaycan bir neçə uğurlu layihələrə imza atıb. Bu amilləri nəzərə almaqla təzyiqlərin olmasını istisna etmirəm. Bütün bunların qarşısına da onların etdiklərinə cavab verilməlidir. Ölkədəki siyasi qüvvələr arasında konsensus əldə olunmalıdır. Fikir ayrılıqları mütləq olur, siyasi palitranın geniş olması siyasətin əsas amillərindən biridir. Amma ümummilli maraqlar sistemində mütləq bir araya gəlinməlidir. Bu zaman bizə qarşı olan təzyiqlər də puç olacaq.

- Amma bəziləri də bu hadisələrin hakimiyyət daxilindən qaynaqlandığını deyir...

- Hakimiyyət daxilində olan çaxnaşma hələlik sezilmir. Bir məsələni qeyd edim ki, ölkədə məmur özbaşınalığı mövcuddur. Bölgələrdə məmurların vətəndaşlarla hesablaşmaması, məsuliyyəti itirmələri aydın görünür. Çox təəssüf edirəm ki, Azərbaycanda hakimiyyətdə olmağı xalqa xidmət kimi başa düşməyən məmurlar var. Hər bir məmur vətənə, xalqa xidmət etməlidir. Belə olmayanda gərginlik yaranır.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) Koordinasiya Şurasının üzvü Ramazan Abdullatipov Dağıstanın prezidenti vəzifəsini gətirilməsini Rusiyanın Azərbaycana qarşı yeni planlarının olması kimi qiymətləndirənlər var. Siz necə düşünürsüz?

- Şimalda, xüsusilə Dağıstanda vəziyyət kifayət qədər ağırdır. Hər gün bu bölgədən narahatlıq doğuran məlumatlar eşidirik. Bəlkə Abdullatipov bu vəziyyəti düzəltmək üçün gətirilib. Niyə hər biri işi, addımı özümüzlə bağlayırıq?! Yəni günəşin aktivliyi artıbsa, o da Azərbaycana təhlükə yaradır kimi düşünmək düzgün deyil. Biz çox istərdik ki, Rusiyanın vilayətlərində sabitlik olsun. Azərbaycan Rusiya ilə dostluq, tərəfdaşlıq müstəvisində əlaqələr qurmağa çalışır. Azərbaycan müsbət tərəfdaşlığa yönələn siyasət yürüdür. Amma "böyük qardaş" iddiaları da müəyyən qədər bu prosesə kölgə sala bilər. Bizim tərəfimizdən bütün işlər yerinə yetirilir, Rusiya vətəndaşları ölkədə sərbəst hərəkət edir, onların Azərbaycanda mədəniyyətləri inkişaf etdirilir. Dəfələrlə rus icmasının rəhbəri ilə görüşürəm. Yeri gəlmişkən deyim ki, rus icmasının gənclər təşkilatının sədri partiyamızın üzvüdür. Bu özü özlüyündə onu göstərir ki, ölkədə rusların yüksək səviyyədə tam hüquqlu vətəndaşlarımız olması ənənəsi tarixdən gəlir. Bu da iki ölkə arasında münasibətlərə öz müsbər təsirini göstərməlidir.

- Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanda "siyasi məhbuslar"la bağlı hesabatın qəbul edilməməsini necə qarşıladız?

- Mənə elə gəlir ki, Avropa Şurası öz dəyərlərinə hörmət sərgilədi. Hesabatda subyektiv amillər mövcud idi. Mənə heç kəs izah edə bilməz ki, Bakıda terror aktları keçirməyə cəhd edən şəxslərin adları həmin siyahıya salınmışdısa, deməli, hesabat yaradılarkən subyektiv amillərdən istifadə olunub. Avropalı deputatlar öz mövqelərini ortaya qoydular, bunu müsbət hal kimi qiymətləndirirəm. Bəzi siyasətçilər düşünür ki, Avropa Şurası hansısa islah əmək müəssisəsidir və Azərbaycan hansısa bir cəzalar formasında həmin qurumla əməkdaşlıq etməlidir. Əslində, Azərbaycan bu təşkilatın üzvü olandan sonra Avropanın siyasi mətbəxindən çox şey öyrənib. Ölkəmiz, artıq, bu təşkilatdan bəhrələnir. Biz hələ çox iş görməliyik, bu təşkilatın dəyərlərini ölkədə bərqərar etməliyik. Bir məqamı xüsusi qeyd etmək istərdim, kimlərsə fikirləşir ki, ABŞ, Avropa Birliyi Azərbaycanda demokratik dövlət quracaq. Bu cür düşüncə yanlışdır. Bu missiyanı Azərbaycan xalqı həyata keçirməlidir. Bizim yerimizə kimsə demokratiya bərqərar etməyəcək. Özümüz çalışmalıyıq. Avropaya inteqrasiyaya nail olmaq üçün birinci bilik və peşəkarlığa nail olmaq, ikinci amil isə mədəniyyətə sahib olmalıyıq.

- Axı Qərbdən dəstək olmasa, Azərbaycan kimi ölkələrdə dəyişiklərin olması nə dərəcə inandırıcıdır?

- Dəfələrlə diskusiyalarda iştirak etmişik. Deyirlər ki, ölkəyə inqilablar lazımdır. Bəli, Azərbaycana təcili olaraq şüurda, təfəkkürdə inqilab lazımdır. İnkişafa yönəlmiş həm iqtisadi, həm sosial müstəvidə inqilablar olmasa, istənilən narıncı, məxməri tipli inqilablar mənfi sonucla yekunlaşacaq. Biz təkamüllə inkişafın tərəfdarıyıq. Azərbaycanda islahatlara ehtiyac var. Küçədəki qarşıdurmalara, "ərəb baharı" adlandırılan hadisələrə gərək yoxdur. 90-cı illərdə biz bunu gördük.

İlkin PİRƏLİ
AzNews.az

Bağla X