Fərəc Quliyev: “İranlı siyasətçinin fikirləri sərsəmdir”

Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev AzNews.az-a açıqlamasında İranda prezidentliyə namizəd Səid Məhəmməd Bokiri Xərrozinin "Prezident seçilsəm, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam"-fikirlərinə sərt şəkildə reaksiya verib. O qeyd edib ki, adıçəkilən dövlətlərin İrana birləşdirilməsi barədə prezidentliyə namizəd tərəfindən səsləndirilən fikirlər sərsəm ideyadır.

F.Quliyev onu da əlavə edib ki, İranda islahatlar aparılması, dinc yaşama sisteminin qurulması, demokratik dəyişikliklərin gətirilməsi çağırışı əvəzinə belə bir fikir irəli sürən namizədin ölkə başçısı seçilməsi inandırıcı görünmür:

"Belə iddialar İranda yaşayan bütün xalqlar üçün əsassız ideyadır. Azərbaycan ərazilərinə iddialara gəlincə, bunu artıq bütün dünya bilir ki, Azərbaycan 1813 və 1828-ci il müqavilələri ilə Rusiya ilə İran arasında bölünüb. Artıq həmin müqavilələr qüvvədən düşüb və əslində bu müqavilələrin qüvvədən düşməsini tanımaq lazımdır. Artıq Rusiya İmperiyası yoxdur, Azərbaycanın Şimalı da öz müstəqilliyini 20 ildən çoxdur əldə edib. Deməli, müqaviləni imzalayan tərəflərdən biri faktiki olaraq mövcud deyil. Əgər tərəflərdən biri yoxdursa, dərhal müqavilə ləğv olunmuş sayılır".

Gültəkin
AzNews.az