11:26
(077) 610-22-33

Qarabağ saatı: 17 may 2017 ci il

  • >
11 310 17 May 13:08 | Siyasət

1.Ermənistanın dinc yolla tənzimlənməyə hazır olmadığını sübut edən arqumentlərin sayı azalmır.

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşünün nəticəsi bəlli deyil. Ermənistanın fəaliyyəti bu görüşün də nəticəsiz qalmasına yönəlib; Azərbaycan Xİ nazirliyi bu görüşdən sonra da yeni görüşlərə hazır olduğunu təkrarladı. Hətta prezidentlərin görüşünün keçirilməsi mümkünlüyünü vurğuladı.

Ermənistan tərəfinin fikrincə isə əvvəlcə regiona həmsədrlər gəlməlidir. Həmsədrlər Dağlıq Qarabağda da olmalıdır. Həmsədrlərin səfərindən sonra Xarici İşlər Nazirlərinin görüşüb-görüşməyəcəyi məsələsi həll olunacaq. Prezidentlərin görüşü barədə heç bir söhbət ola bilməz.

Azərbaycan və Ermənistan tərəfinin dinc tənzimlənməyə hazırlığının dərəcəsini göstərən digər arqumenti də yada salmaq istəyirik. Azərbaycan Xİ naziri E.Məmmədyarov ermənistanlı həmkarı E.Nalbandyanla istənilən vaxt, istənilən yerdə, istənilən formatda görüşməyə hazır olduğunu dəfələrlə bildirib. Ermənistan Xİ naziri E.Nalbandyan isə belə görüşlərdən yayınır. Yalnız yemək stolu arxasında oturmağa üstünlük verir. Təbii ki, onu qarınqulu hesab etmirik. Amma belə vəziyyət ona ikimənalı münasibət bildirməyə şərait yaradır; Lazım olanda həmsədrlərlə görüşdüyünü bildirir. Sərf edəndə isə öz xalqına görüşün rəsmi deyil, qeyri-formal olduğunu bildirir. Ermənistanın təkcə dinc tənzimlənməyə deyil, ümumiyyətlə tənzimlənməyə hazır olmadığını digər arqumentlər də sübut edir:

I. Prezident S.Sərkisyanın parlament seçkilərinin son günlərindən başlayaraq tutduğu mövqe yalnız öz xalqını və ətrafını tənzimlənmədən uzaqlaşdırmağa yönəlib. Parlament seçkilərində özünün, baş nazirin, eks-prezident L.Ter-Petrosyanın Dağlıq Qarabağ tənzimlənməsində ənənəvi erməni mövqeyindən fərqli mövqe bildirməsi görünür Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün imiş. Sonradan verdiyi bəyanatlar və Dağlıq Qarabağda olması ənənəvi inkarçılıq mövqeyinə qayıtdığını göstərir.

II. Baş nazir K.Karapetyan Avstriya İctimai radiosunun müxbiri Eliza Vassa verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsini tənzimləmək ideyasından çox uzaqda olduğunu nümayiş etdirdi.

III. Ermənistan XİN-nin mövqeyinin təhlilindən dinc tənzimlənməyə razılıq barədə konkret heç bir mövqe yoxdur. Bütün bəyanatları konkretliyi inkar etməyə və ya neytrallaşdırmağa yönəlib.

IV.Bir neçə gün öncəyədək Fransanın prezidenti olmuş F. Olland Azərbaycan və Ermənistan prezidentlərin görüşünü təşkil etmək üçün ardıcıl addımlar atdı. Yalnız Ermənistan prezidentinə görə F. Olland səyləri nəticəsiz qaldı. Fransadakı ermənilər F.Ollandı ermənipərəst hesab edirlər. Olland administrasiyası son günlərində Marsel şəhərində meydanın erməni terrorçu S.Teyleryanın adına adlanmasına icazə verdi.

V. 300 kiloqram Azərbaycan almasının Yerevan mağazalarında aşkarlanması 300 minlik Azərbaycan ordusunun Yerevana yaxınlaşması görüntüsünü yaratdı.

VI. Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda marağı olan xarici nümayəndəliklər və beynəlxalq təşkilatlar dinc yolla tənzimlənmənin əldə olunması barədə heç bir fikir bildirməyiblər. Amma baş verənlərdən onlarda anlayırlar ki, hadisələr yaxşı istiqamətdə getmir.

VII. Amerikalı həmsədr prezidentlərin görüşünün və ciddi razılaşmalar əldə etməsinin vaxtının çatdığını bildirir. Amma R.Hoqland iki prezidentdən hansının görüşə hazır olduğunu, hansının hazır olmadığını deyə bilmir. Azərbaycan Prezidentinin Ermənistan prezidenti ilə görüşə hazır olduğunu keçmiş amerikalı həmsədr C.Uorlik regiona son səfəri zamanı Bakıda keçirdiyi mətbuat konfransında açıq bildirmişdi. Az sonra Yerevandakı mətbuat konfransında isə Ermənistan prezidentinin görüşə hazır olması barədə heç bir fikir bildirmədi. Başqa sözlə həmsədrlər Azərbaycan Prezidentinin görüşə hazır olduğunu, Ermənistan prezidentinin isə görüşdən qaçdığını dəqiq bilirlər. Amma bunu açıq mətnlə demirlər.

Həmsədrlərin öz işlərinə ciddi yanaşmalarına ciddi ehtiyac var.

Beləliklə Ermənistanın dinc tənzimlənmədən yayınma siyasətində əsas arxalandığı struktur ATƏT MQ həmsədrləridir. Ən azı Ermənistan dediyi variantda həmsədrlər ATƏT-in norma və prinsiplərini nəzərə almaqla yol xəritəsi hazırlayıb geniş ictimaiyyətə təqdim edə bilərdilər. Beləliklə Ermənistanın dinc danışıqlardan yayınma, imitasiya ilə məşğul olmaq və ATƏT MQ-nin buna şərait yaratma kursu sadəcə yeni aranjemanda davam edir. Bu isə müharibəni qaçılmaz edir.

Dağlıq Qarabağ münaqişəsi regionunda müharibə Rusiya üçün təhlükədir. Bunu amerikalı həmsədr bildirdi. Eləcə də həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasının yubanmasının da Rusiya üçün təhlükə olduğunu bilirlər. Gec-tez Rusiya bu iki təhlükədən birinin neytrallaşması istiqamətində addım atmaq məcburiyyətində qalacaqdır. Həmsədrlər görünür, bunu nəzərə almırlar.

2. A. Makaryan həm erməni, həm də general olduğu üçün özünü V. Putindən üstün tutur.

Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı, general-mayor Andranik Makaryan RF-in prezidenti və ali baş komandanı V.Putinin ona əmr edə bilməyəcəyini bildirdi.

Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun yaradılmasının mahiyyəti hamıya bəllidir. RF Ermənistanın Türkiyə və Azərbaycanın Naxçıvan regionu ilə sərhədində yerləşən V korpusunu 102-ci hərbi hissəyə birləşdirdi. Beləliklə tarixi konfliktogenliyini nəzərə almaqla Ermənistanın indiki təxribat potensialını neytrallaşdırdı. Ermənistan Rusiyadan narazıdır. Rusiyaya zərbə vurmaq üçün bəhanə axtarır. Eləcə də Ermənistan müstəqil dövlət deyil, Rusiya və ya qərbin təsiri altında istənilən addımı ata bilər. Buna dair faktlar hədsiz çoxdur. Rusiya Yaxın Şərqdə ciddi işlərlə məşğuldur. Ciddi rəqibləri var və qaydasız döyüş gedir. Ona görə Ermənistandan Türkiyə və ya Naxçıvan istiqamətində açılan atəşlər Rusiyanın Suriyadakı əməliyyatlarında özünü göstərəcək. Ermənistanın belə təxribatlarının qarşısını almaq üçün Rusiya onun hərbisini əlindən aldı. Birləşmiş Qoşun Qrupunun rəhbəri isə erməni olmalı idi. Çünki Rusiya öz gücünə arxayındır. Bu qoşun qrupunun hesabına nəinki qoşun qrupunun komandiri, hətta Ermənistanın prezidenti RF-in ali baş komandanının tabeçiliyində olan işçilərə çevriliblər.

RF-in ali baş komandanı V.Putin Ermənistandakı Birləşmiş Qoşun Qrupu ilə bağlı əmri A.Makaryana deyil, ER-in prezidenti S.Sərkisyana verəcəkdir. Beləliklə general Makaryana elə erməni kimi yanaşmaq ən düzgünüdür.

Rusiyanın Ermənistandakı hərbi bazasına vaxtilə polkovnik A.Ruzinski rəhbərlik edirdi. Ermənistanda rəhbərliyin və Moskvadakı bəzi ermənilərin baş gicəlləndirici təsirləri altında A.Ruzinski Rusiyanın Ermənistandakı bazasının qarşısında duran məqsədləri barədə “Krasnaya Zvezda” qəzetinə müsahibəsində RF-in hərbi bazasının Dağlıq Qarabağda ehtimali müharibəyə müdaxilə edəcəyinin bu bazanın əsas məqsədlərindən biri olduğunu bəyan etdi.

Bir az keçmiş V.Putin Ermənistana səfərini Yerevandan deyil, məhz Gümrüdən başladı. A.Ruzinski Putinin Gümrüdə olduğu dövrdə rəhbərlik etdiyi bazadan didərgin düşdü. Yalnız ən son anda üzə çıxdı. RF prezidenti, RF Silahlı Qüvvələrinin Ali Baş Komandanı V.Putin Gümrüdə olarkən RF-in Ermənistandakı hərbi bazasının məqsəd və vəzifələrini açıqladı. Bu məqsədlərin içərisində Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək adlı məqsəd yox idi. İndi bütün Rusiya və Ermənistan siyasiləri başa düşüblər ki, Rusiyanın anlamında Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Dağlıq Qarabağda müharibə olacağı təqdirdə Rusiya istər dövlət, istər KTMT üzvü kimi bu münaqişəyə hərbi müdaxilə etməyəcək. A.Ruzinski az keçmiş nəinki 102-ci bazanın komandirliyindən, hətta Rusiyanın rəsmi hərbi sistemindən uzaqlaşdırıldı. Donbasda hansısa özünü müdafiə dəstəsinə başçılıq edir.

V.Putinin məntiqinə görə A.Makaryan çoxdan Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandirliyindən və general rütbəsindən uzaqlaşmalı idi. Görünür, lap yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın “çörəyini” yeyənlər A.Makaryanın Putin haqında dediklərini Putinə çatmasına icazə vermir.

Mübariz Əhmədoğlu

AzNews.az

Bağla X