10:23
(077) 610-22-33

İlham Əliyev mətbuat üçün bəyanat verdi- MƏTN

  • >
182 8 Fevral 2013 22:49 | Siyasət

”Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz”


"Serbiya ilə Azərbaycan arasındakı əlaqələr dostluq və strateji tərəfdaşlıq üzərində qurulub. Biz bundan sonra da siyasi əlaqələrimizi gücləndirəcəyik, bütün sahələrdə tərəfdaşlığın möhkəmlənməsinə öz töhfəmizi verəcəyik". APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Tomislav Nikoliçlə birgə mətbuat üçün bəyanatında bildirib.


Prezident qeyd edib ki, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığı da çox müsbətdir: "Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizə ənənəvi olaraq qarşılıqlı dəstək veririk və bu dəstək çox əhəmiyyətlidir. Xüsusilə ölkələrin ərazi bütövlüyü məsələlərində biz daim bir-birimizin yanındayıq. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun olaraq, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll edilməlidir. Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz".



Prezident Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, mötəbər beynəlxalq təşkilatların məsələyə dair öz qərarlarını verdiklərini qeyd edib, məsələnin həlli üçün hüquqi bazanın kifayət qədər geniş olduğunu vurğulayıb: "Bu məsələ tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə və tarixi ədalət əsasında həllini tapmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Əminəm ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək və beləliklə, bu ədalətsizliyə son qoyulacaq. Əlbəttə, Azərbaycanın bu məsələdə haqq işini dəstəkləyən bütün ölkələrə, o cümlədən Serbiyaya biz öz minnətdarlığımızı bildirmək istəyirik".


Prezident bildirib ki, imzalanmış Birgə Bəyannamədə Dağlıq Qarabağ problemi, həmçinin Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi haqqında kifayət qədər dəqiq ifadələr var.


Ölkə başçısı serbiyalı həmkarı ilə iki ölkənin iqtisadi sahədə əməkdaşlığı barədə də geniş müzakirə apardıqlarını qeyd edib: "Bu sahədə artıq gözəl təcrübə var. Birinci layihə icra edilir. Əminəm ki, ondan sonra başqa layihələr də icra ediləcək. Serbiya iqtisadiyyatı Azərbaycan investorları üçün çox cəlbedici iqtisadiyyatdır. Əminəm ki, səfər zamanı əldə ediləcək razılaşmalar əsasında gələcəkdə həm Azərbaycan investisiyalarının daha da böyük həcmdə Serbiya iqtisadiyyatına qoyuluşu, eyni zamanda, digər birgə layihələr haqqında biz səylərimizi davam etdirəcəyik. Çox istərdim ki, yaxın aylarda yeni konkret layihələr üzərində iş aparılsın ki, bu layihələr də uğurla nəticələnsin".


Prezident Azərbaycanın təşəbbüsü ilə başlanmış layihələrdə Serbiyanın iştirakı haqqında da müzakirə apardıqlarını bildirib: "Onların içində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və Trans-Anadolu qaz kəmərinin çəkilişi layihələri xüsusi əhəmiyyət daşıyır".



Dövlət başçısı ikitərəfli əlaqələrdə humanitar sahədəki əməkdaşlığın da mühüm rol oynadığını, Bakıda serb alimi Nikola Teslanın şərəfinə abidənin açılıdığını, Serbiyada isə Heydər Əliyevin və Üzeyir Hacıbəylinin abidələrinin açıldığını bildirib.
Bağla X