02:18
(077) 610-22-33

Dağlıq Qarabağdakı status-kvo qeyri-möhkəmdir - Makallister

  • >
1 254 25 May 2017 21:13 | Siyasət

“Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən silahlı insidentlərdən narahatdır”.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallister bildirib.

Onun sözlərinə görə, Aİ münaqişə tərəflərini ATƏT Minsk Qrupunun təklifləri əsasında danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb.

“Dağlıq Qarabağdakı status-kvo qeyri-möhkəmdir. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Beynəlxalq hüququn əsasında uzunmüddətli nizamlanma gərəkdir. Aİ, tərəfləri atəşkəs rejiminə və münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə riayət etməyə çağıraraq, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir”, - deyə komitə rəhbəri qeyd edib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Bağla X