23:01
(077) 610-22-33

İsa Qəmbər Əkrəm Əylisini ittiham etdi

  • >
239 9 Fevral 2013 12:01 | Siyasət

Erməni tərəfi bu əsərdən gen-bol istifadə etməyə başlayıb



"Əkrəm Əylislinin əsərində erməni tərəfi haqlı, Azərbaycan tərəf haqsız çıxarılır"

"Toplumun bu əsərə münasibətində tənqid, qınaq kifayət qədər güclüdür və əsasən haqlı tənqid və qınaqdır".

AzNews.az-ın "Yeni Müsavat" qəzetinə istinadən verdiyi məlumata görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər bunu yazıçı Əkrəm Əylisinin "Daş yuxular" romanına münasibət bildirərkən söyləyib.
İsa Qəmbər deyib ki, təhqirlər, təhdidlər, hücumlar, hədə-qorxu gəlmələr də var, bu, qətiyyətlə yolverilməzdir: "Bəlli məsələdir ki, Ermənistanla Azərbaycan, erməni xalqı ilə Azərbaycan xalqı arasında bir çox mövzularda çox ciddi şəkildə fikir ayrılıqları, qarşıdurmalar var. Bu tarixə, coğrafiyaya, dinə, mədəniyyətə də aiddir. Bu ziddiyyətlər toponimikaya qədər gəlir. Əkrəm Əylislinin də əsərində demək olar ki, bütün bu mövzuların hamısına toxunulur, hamısında erməni tərəfi haqlı, Azərbaycan tərəf haqsız çıxarılır. Bu, absurda yaxın bir mövqedir, məqbul deyil. Biz söz, ifadə azadlığını qeyd-şərtsiz qəbul edən insanlarıq. Əslinə qalsa, Əkrəm Əylislinin bu əsərini də hər kəs onun azadlığının ifadəsi kimi qəbul edir. Amma istənilən müəllifin söz azadlığı olduğu kimi, ona qarşı tənqidi fikir söyləyənlərin də azadlığı var. Əkrəm Əylisli ilə uzun illər tanışlığımız var, qarşılıqlı hörmətimiz olub. Mövqelərimiz zaman-zaman çox kəskin fərqlənsə də, hər zaman qarşılıqlı hörmət əsasında münasibətlərimiz olub. Bu əsərin müdafiə olunacaq bir tərəfi yoxdur. Əsər bədii cəhətdən Əkrəm Əylisli səviyyəsindən aşağı bir əsərdir. Mövzuları işləmək baxımından isə tarixin və gerçəkliyin tam təhrifidir. Əkrəm müəllim müsahibələrində humanizmdən danışır, bu əsər vasitəsilə konfliktin həllinə çalışdığını iddia edir. Məncə, bu əsər konfliktin həllini yaxınlaşdırmır, uzaqlaşdırır. Çünki bir tərəfi tam, yüz faiz haqlı, digər tərəfi isə tam haqsız göstərmək konfliktin həllinə xidmət edə bilməz. Əkrəm müəllim deyir mən sübut etmək istəyirəm ki, erməni və Azərbaycan xalqları bir yerdə yaşaya bilər. Amma bütün əsəri ondan ibarətdir ki, tarix boyu ermənilər özlərini çox yüksək səviyyədə təqdim ediblər, Azərbaycan xalqı isə qəddarlıq edib, qırğınlar törədib, onların haqlarını tapdayıb və s. Bu, konfliktin həllinə xidmət eləmir, həllinə zərbə vurur".
İsa Qəmbər bildirib ki, sırf humanizm nöqteyi-nəzərindən, sırf böyük yazıçı mövqeyi-nəzərindən yanaşılsa, biz onlarla böyük yazıçıların əsərlərini oxumuşuq. Onun sözlərinə görə, humanizm baxımından müharibə, silah, insanların bir-birini qırması əleyhinə dünya tarixinə, mədəniyyətinə, ictimai fikrinə, ədəbi prosesinə böyük töhfələr vermiş çoxsaylı nəhəng əsərlər var: "Sən humanizm mövqeyindən çıxış edirsənsə, xalqları birliyə çağırırsansa, bunu etməyin də yolları var. Müharibənin, qəddarlığın, insanların bir-birini qırmasının nə dərəcədə anlaşılmaz, qeyri-məqbul olmasını əsaslandıran, bunları ibtidai icma dövrünün qalığı səviyyəsində qiymətləndirən yazıçılar da var. Amma burda xalqların biri mələk, digəri şeytan kimi təqdim olunur, bu, nə cür ola bilər? Lap tutaq ki, söhbət erməni və Azərbaycan xalqından getmir. Böyük bir yazıçı nə cür bir xalqı mələk, o biri xalqı şeytan elan edə bilər? Bu, böyük bir yazıçı üçün nə cür mümkün ola bilər? Mən bu sözü deməliyəm ki, Əkrəm Əylislinin şöhrətpərəstliyi bu əsərində zirvəyə qalxıb və özünə də, cəmiyyətimizə də, bölgədəki sülhə, barışa da çox ciddi zərbə vurulub. Bu baxımdan əsərin tənqidi tam haqlıdır".

Müsavat Partiyasının başqanı qeyd edib ki, bu əsər Azərbaycan ədəbiyyatının bugünkü bir faktıdır və artıq erməni tərəfi bu əsərdən gen-bol istifadə etməyə başlayıb. Ermənistan-Azərbaycan konflikti, mövzusu qaldıqca bu əsər də Ermənistanın Azərbaycana qarşı təbliğat alətləri sırasında öz yerini tutacaq.


AzNews.az
Bağla X