“Avropa Birliyinin müdaxiləsi yolverilməzdir”



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Birliyinin Tofiq Yaqublu və İlqar Məmmədovun işi üzrə prosesə müdaxiləsini yolverilməz hesab edir.


APA-nın məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton və genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının həmtəsisçisi İlqar Məmmədovun həbsi ilə əlaqədar bəyanatlarına münasibət bildirərkən deyib.

E. Abdullayev XİN-in bu bəyanatı araşdırmalara təzyiq faktı kimi qiymətləndirdiyini qeyd edib: "Özünü demokratiyanın beşiyi sayılan Avropada anlamalıdırlar ki, araşdırma prosesinə müdaxilə etmək olmaz, bu, istintaqa təzyiqdir. Biz Azərbaycana bu cür yanaşmanı başa düşmürük. Azərbaycanda jurnalistlərə qarşı heç bir təqib yoxdur".

AzNews.az