07:12
(077) 610-22-33

“Əlimdə kifayət qədər faktlar var, bunu tribunadan deyəcəyəm” - MÜSAHİBƏ

  • >
239 11 Fevral 2013 15:37 | Siyasət

““MİLYARDERLƏR İTTİFAQI” HADİSƏLƏRİN KİÇİK HALQASIDIR ...”



Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə AzNews.az-ın son günlərin aktual hadisələri ilə bağlı suallarını cavablandırıb.

- Yeni il başlanandan Azərbaycanda siyasi mənzərənin gərginləşməsini nə ilə izah edərdiniz?

- İlk növbədə ölkədə baş verənlərin səbəbini idarəetmədə buraxılan səhvlərdə, əhalinin sosial-ictimai durumunda, narazılıqların pik həddə çatmasında axtarmaq lazımdır. Ölkədə çox ciddi problemlər var və xüsusilə də sosial vəziyyət ağırdır, məmur-vətəndaş münasibətləri olduqca gərgindir, açıq siyasət yoxdur, məmurlar ölkəni kifayət qədər qapalı şəkildə idarə edirlər. Bu da nəticə etibarilə şikayətləri olan narazı vətəndaşların kütləvi etirazına səbəb olur. Digər tərəfdən isə region uğrunda Qərbin və Rusiyanın şiddətli mübarizəsi amilini də nəzərdən qaçırmaq olmaz.

- Hesab edirsiniz ki, baş verənlərdə hansısa kənar qüvvənin əli var?

- Baş verənlərin bilavasitə xarici təsirlə üzə çıxdığı iddiasını ortaya qoymaq üçün mənim o qədər informasiyam yoxdur. İnformasiyam olmadığından da məntiqlə onu izah edə bilmərəm, amma bu faktoru da istisna etmək olmaz. Rusiya sonuncu qalasına sığınıb - Cənubi Qafqaz, Orta Asiya onun sonuncu qalasıdır. Ərəb ölkələrindən, sosialist düşərgəsindən - Şərqi Avropadan, Əfqanıstandan, Vyetnamdan çıxarılan, içərilərinə doğru sıxışdırılan bir Rusiya var və Kreml SSRİ-nin bərpası strategiyasını başqa adla ortaya qoyub. "Avrasiya İttifaqı"nı reallaşdırmaqla keçmiş sovet dövlətlərinin hamısını bu ittifaqda cəmləyib, dünyadakı hegemon rolunu yenidən bərpa etmək niyyətindədir.

- Rusiya səfirinin şimal səfərini etnik-milli zəmində konfliktlərin qızışdırılmasına doğru atılan addım hesab etmək olarmı?

- Rusiya Cənubi Qafqaz siyasətini bütövlükdə konfliktlər üzərində qurub. İstər Osetiya, istər Abxaziya, istərsə də Dağlıq Qarabağ münaqişələrini yaradan, onları bu həddə gətirib çıxaran, separatçılıq əməllərindən dövlətlərin əziyyət çəkməsini təşkil edən birmənalı olaraq Rusiyadır. Bu gün Azərbaycan-Ermənistan düşmənçiliyinin kökündə dayanan tək səbəb Rusiyanın Cənubi Qafqazdakı maraqlarıdır. 200 minlik Abxaziya, 140 minlik Osetiya 130 minlik Dağlıq Qarabağ aborigen xalqlar və dövlətlərlə bu şəkildə nə danışa, nə torpaq işğal edə, nə də belə bir iddiada ola bilərdilər. Bu iddia Rusiyanın iddiasıdır, onların arxasında dayanan da, onların separatçı əməllərini şiddətləndirib bu şəkildə düşməsinə səbəbkar da bu ölkədir.

- Amma Dağlıq Qarabağ probleminin həllində vasitəçi dövlətlərdən biri də elə həmin Rusiyadır...

- Əslində proses Rusiyasız da mümkün deyil, çünki bu dövlət maraqlı tərəflərdən biridir. Fikir verirsinizmi ABŞ, Rusiya, Avropa münaqişənin çözümündə vasitəçilik missiyasındadırlar ki, bu da onların maraqlı tərəflər olduğunu göstərir.

- Sizcə "Milyarderlər İttifaqı"nın ortaya çıxmasını Azərbaycanın Rusiyadan imtina meylinin qarşısını almaq cəhdi kimi qəbul etmək olarmı?

- "Milyarderlər İttifaqı" hadisələrin kiçik halqasıdır və məsələnin başqa tərəfi ondadır ki, Azərbaycan siyasəti məsafəcə Rusiyadan xeyli uzaq, Qərbə isə xeyli yaxındır. Bu da Rusiyanı alternativlər fikirləşməyə vadar edir. "Milyarderlər İttifaqı" o zaman Rusiyanın planlarının icraçısına çevriləcək ki, Kreml Azərbaycanda daxili vəziyyətin gərginləşməsinə, hakimiyyət dəyişikliyinə qərar verəcək. Həmin an Azərbaycanı sevənlər, dərdinə-sərinə sahib çıxanlar, onu özününkü bilənlər ya o birlikdən çıxacaqlar, ya da Rusiyanın yanında qalıb prosesi davam etdirəcəklər.
Bu gün hələlik "Milyarderlər İttifaqı" Azərbaycan əleyhinə fəaliyyət göstərməyən, amma Rusiyanın siyasi dairələrində bunun üçün nəzərdə tutulan bir qurumdur. Konkret hərəkət olanda hər şey bəlli olacaq və bəlkə adamlar həqiqətən də Rusiyanın siyasi dairələrinin planını, bu məsələnin hara kimi gedəcəyini təxmin edə bilmirlər? Məsələ ondadır ki, biz siyasətçilər, prezidentliyə namizədlər, liderlər, partiya sədrləri kimi baş verənlərin alt yapısını görürük. Amma adamlar siyasətin içərisində olmadıqları üçün bunu bilməyə bilərlər və hesab edə bilərlər ki, Azərbaycanın milli maraqlarına xidmət edən bir diaspor təşkilatıdır. Hakimiyyət də onun alt yapısını, siyasi tərəfini, "Milyarderlər İttifaqı"nın hansı məqsədlə yaradıldığını bildiyi üçün belə reaksiya verir.

- Bəlkə, həmin qurumdan kimisə hakimiyyətə hazırlamaq planı var...

- Hakimiyyətə iddia hər bir kəsin içində ola bilər, xüsusilə də ictimai-siyasi statusu, imkanları olanların. Amma bu iddia nə dərəcədə realdır, o artıq ağılın ölçüsü, məntiqin göstəricisidir. Adamlar ağılla, məntiqlə düşünsələr, "bu mənim imkanlarım daxilindədirmi?" sualına cavab tapa bilərlər.

- İsmayıllı hadisələrinə görə hakimiyyətin həyata keçirdiyi cəza tədbirlərinə münasibətiniz necədir?

- İqtidar idarəetmədə yol verdiyi qüsurlarla yox, onun doğurduğu nəticələrlə mübarizə aparır. Ona görə yerlərdə özbaşınalıq edən məmurları, etiraz edənləri cəzalandırır. Əgər bu piramida şəklində yuxarılara doğru getməsəydi, məsələ bu həddə çatmazdı. Tutaq ki, məmur olaraq bir yerdə qanunu pozur, onun hərəkətlərimə qarşı etiraz edirlərsə, həmin məmuru həbs etsələr, o səhvlərinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyindən qorxar.
Səlahiyyətli dövlət qurumlarının, İsmayıllıda rəhbərlikdə olanlarla bağlı əlimdə kifayət qədər arqumentlər var və adlarını da parlament tribunasından çəkəcəm. Həmin adamların yaxınları və doğmaları daşatma prosesində iştirak ediblər, onlar kimin sifarişini həyata keçirirdilər, niyə istintaq bunu araşdırmır? Bu faktlarla kimlər nələri gizlətməyə cəhd edir və s. Bunların hamısı araşdırılmalıdır.

- Hakimiyyət niyə insanların ona qarşı qalxmasında maraqlı olsun ki? Burada müəyyən hakim qruplaşmaların rolu nə qədər ola bilər?

- Hakimiyyət iğtişaşlarda maraqlı deyil, ola bilsin, başqa oyunlar oynanılır. Mümkündür ki, kimsə kiminsə, hansısa xarici dövlətin sifarişini yerinə yetirir. Mən hakimiyyətdaxili qruplaşma anlayışını ümumi ictimai-siyasi hadisələr fonunda görmürəm. O daxildədi, yəni kim prezidentə daha yaxın olacaq. Onların heç biri bu istəyi kənara çıxara, ümumi siyasətə daşıya bilməz, ona gücləri də çatmaz.

- Bəs, Əkrəm Əylislinin "Daş yuxular" əsərinin bu dərəcədə ümumxalq müzakirələrinə çıxarılmasına, yazıçının fəxri təqaüddən, "Xalq yazıçı" adından məhrum edilməsinə münasibətiniz necədir?

- Mən ümumiyyətlə, adların əleyhinəyəm. Bu sovet dövründə həvəsləndirici bir metod idi. Dünyanın heç bir yerində, normal ölkəsində belə bir şey yoxdur.
Amma hər kəsin onu tənqid etmək, "bu formada azərbaycanlı obrazı cıza bilməzsən" demək hüququ var. Hətta Əkrəm Əylisliyə hər bir kəsin salam verməmək, onu görəndə üzünü çevirmək haqqı da var. Lakin "qulağını kəsəcəm", "Azərbaycandan çıx get" deməyə kimsənin haqqı yoxdur.

- Siz "Daş yuxular"ı oxumusunuzmu?

- İki dəfə oxumuşam. Təəssüf edirəm ki, azərbaycanlı obrazı Əkrəm Əylislinin romanında çox pis cızılıb, o, cızılan obraz bizim deyil. Bu birmənalıdır ki, tarixdə üç dəfə deportasiya edilən, Xocalı faciəsini yaşayan, bu qədər torpaqları işğal olunan, əzab-əziyyətlərə, haqsızlığa uğrayan azərbaycanlının obrazı bu ola bilməz. Əkrəm müəllim iki şeyi qarışdırır: müharibənin törətdiyi amansızlıq, qəddarlıq dünyanın heç bir yerində mahiyyəti kimi qəbul olunmur. Amma dinc dövrdə Xocalıda qətliamının törədilməsi amansızlıqdır, bunu ki, mən törətməmişəm, erməni törədib. Bunlar ayrı-ayrı şeylərdir. Yazıçının izah etdiyi rakursdan da fikirləri doğru deyil, belə olmur. Həqiqət doğru-dürüst deyilməyəndə heç bir kəs eybini qanmır. Sən bir güzgü yaratmısan və bilərəkdən ona elə maddələr qatmısan ki, mən orda özümü çox eybəcər görürəm.

- Seçki ilində müxalifət düşərgəsində gedən proseslərlə bağlı sizin düşüncələrinizi bilmək maraqlı olardı...

- Mən Azərbaycan müxalifətini bir tam hesab edirəm. Müxalifət dağınıq deyil, baxmayaraq ki, namizədləri olan təşkilatlar ola bilər, amma düşüncə, fikir, proseslərə baxış etibarilə onlar eynidir. İstənilən hadisəyə Azərbaycan müxalifəti olaraq bir yerdə münasibət bildirə bilirik. Ciddi dəyişikliyə nail olmaq üçün də hamının bir yerdə olması vacib deyil. Ən ideal formada vahid namizəd, vahid cəbhə olsa, bu, çox gözəl, amma bu yoxdursa, daha çox namizədin olması da ən yaxşı variantlardan biridir. Mənim düşüncəmə görə mənim görmək istədiyim Azərbaycan və yaxud mənim təsəvvür etdiyim demokratikləşmə prosesini digərləri mənim kimi apara bilməzlər. Bəlkə də mən səhv edirəm, yanılıram, amma mən belə düşünürəm ki, mən prosesi onlardan daha yaxşı apara, daha yaxşı idarə edə bilərəm. Bu da çox təbiidir, bu bizi düşmənə çevirməməlidir. Ümumiyyətlə, xüsusilə 2013-cü ildə siyasi münasibətləri yeni bir mərhələyə gətirmək lazımdır. Bunu edə bilməsək, Azərbaycan dövləti olaraq çox şeyi itirəcəyik. Heç bir halda danışmaq, bir masa arxasında oturmaq, Azərbaycan naminə bir birimizə əl uzatmaq imkanlarını tükətmək olmaz. Düşmənçilik olacaqsa, region uğrunda aparılan mübarizədə, içimizdəki bu parçalanmadan, antoqanist mübarizədən Azərbaycanda maraqlı olan dövlətlər, xüsusilə də Rusiya, İran çox ciddi şəkildə istifadə edəcək. Buna isə yol vermək olmaz.

- Eyni tələbləri hakimiyyətdə təmsil olunanlara da şamil etmək olar?

- Təəssüf ki, hakimiyyətin içərisində Rusiya və İranın şinelinə bürünmüş və Rusiya və İranın maraqlarını Azərbaycan marağından öndə tutanlar var. Bu mənzərə davam etdikcə də siyasi müxalifətlə münasibətlər daha sərt və kəskin olacaq. Əbədi hakimiyyətlər yoxdur, istənilən bir hakimiyyətin sonu var, amma bir şeyi bilmək lazımdır ki, hakimiyyəti uzatmaq Azərbaycana pozitiv nəsə verəcəkmi? Bunu hesablamaq lazımdır və əgər pozitivliyin faizi yüksəkdirsə, mən də gedim durum yanlarında. Mən görürəm ki, o pozitivlik əhali arasında 2007, 2008, 2009-cu illərlə müqayisədə indi olduqca azdır. Bunu görürsənsə ən azı məni yox, heç Azərbaycanı da düşünmə, özün üçün düşün.

- Ümid partiyası artıq özünün namizədini elan etməyə hazırdır, yoxsa hələ tələsmir?

- Bu barədə partiyanın ümumrespublika müşavirəsində niyyət olub, amma bunu rəsmiləşdirəcək qurumlar var. Ali Məclis bunu qurultaya həvalə etməli, qurultay da onu rəsmiləşdirməlidir. Biz ADP ilə birlikdə "Qarabağ bloku"nda təmsil olunuruq, müttəfiqimizin də rəyi və mövqeyi bizim üçün önəmlidir. Onlarla məsləhətləşmədən sonra yekun qərarımızı açıqlayacağıq.


Gültəkin Qəhrəmanlı
AzNews.az
Bağla X