Elmar Məmmədyarov diqqəti Xocalıya yönəldəcək

"BMT-də keçiriləcək toplantının adından da göründüyü kimi debatlarda münaqişə zəmnində baş verən humanitar faciələrdən söhbət açılacaq. Yəni burda silahlı münaqişələr zamanı dinc əhalinin müdafiəsindən söhbət gedir".

Bunu AzNews.az-a XİN-in mətbuat katibi Elman Abdullayev nazir Elmar Məmmədyarovun sabah BMT-dəki çıxışını şərh edərkən deyib. O qeyd edib ki, Azərbaycan işğaldan daha çox əziyyət çəkən ölkələrdən biridir: "Təcavüzdən daha çox əziyyət çəkən dövlətlərdən olduğumuzu nəzərə alanda onun humanitar nəticələri də göz qarşısındadır. Bunun ən böyük humanitar faciəsi bir milyon qaçqın və məcburi köçkündür. Təbii ki, nazirin çıxışında da məsələlərə bu səpkidən toxunulması nəzərdə tutulur".

E.Abdullayev onu da bildirib ki, hümanitar faciə kontekstində Xocalı aeroportu, Xocalı soyqırımının 21-ci ildönümünə də toxunulacaq: "Əlbəttə ki, böyük ehtimalla burda beynəlxalq ictimaiyyət tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayətlərə layiqli qiymətin verilməsi məsələsi qaldırılacaq".

Gültəkin
AzNews.az