BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivləri – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib. BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivləri – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib.

Fransa Senatında azərbaycanlı məcburi köçkünlərin problemi müzakirə olunub - Foto

BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivləri – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib.

AzNews.az TEAS-a istinadən xəbər verir ki,

konfrans Avropa Robert Şuman İnstitutu (IRSE) və “Paris-Ile-de-France” Müdafiə Araşdırmaları Ali İnstitutu (IHEDN) ilə birgə təşkil edilib.

Tədbir Bas-Rhin regionunun senatoru və Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun prezidenti Andre Reişarın himayəsi altında keçirilib. Konfransa diplomatlar, ictimai-siyasi xadimlər, senatorlar, idmançılar, UNESCO və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla, 50-dən çox iştirakçı qatılıb.

Senator A. Reişar çıxışı zamanı bildirib ki, Azərbaycanda minlərlə insan Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin düşüb: “Bu gün ona görə əlamətdardır ki, azərbaycanlı köçkünlərə həsr olunan tədbir Fransa Senatında keçirilir. ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəsilə sülhə nail olmaq üçün 20 ildən artıqdır ki, çalışmasına baxmayaraq, heç bir nəticə hasil olunmayıb. Fikrimcə, bu taleyüklü məsələ ilə beynəlxalq ictimaiyyət məşğul olmalıdır. 2016-cı ildə “Dördgünlük müharibə”dən sonra yeni “təmas xətti” çəkilib və Azərbaycanda işğal altında olan ərazilərin azad edilməsinə dair çoxlu çağırışlar səslənib. Lakin Azərbaycan hər zaman bəyan edib ki, məsələnin sülh yolu ilə həllinə tərəfdarıdır. ATƏT-in Minsk qrupu bu günə qədər məqsədlərinə nail olmayıb, biz yeni strategiyalar qəbul etməliyik. Ədalətli, danışıqlar vasitəsilə əldə edilmiş həll yolu əsasdır. Hər iki tərəfdən vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin yaranmasına dair yeni konsepsiyanın qəbulu məndə ümid yaradır”.

IRSE təşkilatının prezidenti Yamina Benguigui isə bəyan edib ki, rəhbərlik etdiyi qurumun məqsədi xalqlar arasında həmrəylik yaratmaqdır: “Hazırkı miqrasiya böhranına görə Qərbi Avropada qaçqın və məcburi köçkün məsələlərinə daha çox diqqət yetirilir. Həmçinin, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının probleminə də beynəlxalq nəzərlər artırılmalıdır, hər iki ölkənin vətəndaş cəmiyyətlərinin yeni platformasına lazımi dəstək verilməlidir. Bu, konstruktiv dialoq üçün yeni imkanlar yaradır. Biz mülki əhalinin doğma yurduna geri qayıtmasını tamamilə dəstəkləyirik, bu da insan hüquq və azadlıqlarının təməl prinsiplərindən biridir. Biz ümid qapılarını açmalıyıq”.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin isə çıxışı zamanı qeyd edib ki, dəfələrlə beynəlxalq səviyyədə Ermənistanın işğalçılıq siyasəti qınaq obyektinə çevrilib: “Bura həmçinin BMT Təhlükəsizlik Şurası, Avropa Parlamentinin qətnamələri və digər sənədlər də daxildir. Bugünkü konfransın başlıca məqsədi bir tərəfdən geosiyasi kontekstin və Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin ifadələrini təqdim etməklə, bu insanlar haqqında obyektiv məlumatlılığın artırılmasına nail olmaqdır. Digər tərəfdən isə münaqişənin həm diplomatik nöqteyi-nəzərdən, həm də vətəndaş cəmiyyətinin fəallığı vasitəsi ilə ədalətli, sülh yolu ilə həlli üçün imkanlarını nəzərdən keçirməkdir”.

Ermənistanın təcavüzünün miqyasını nümayiş etdirən Azərbaycan xəritəsi fonunda çıxış edən Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov isə deyib ki, Cənubi Qafqazda məcburi köçkün məsələsinin həll edilməsi həm Ermənistan, həm də Azərbaycanın marağındadır. “Bu, Sovet İttifaqının süqutu zamanı yaranan unudulmuş münaqişədir. Hər həftə təmas xəttində əsgərlər öldürülür. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirir. 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı qətliamı ilə 1944-cü ildə II Dünya Müharibəsi zamanı nasistlərin Oradour-sur-Glane əhalisinə qarşı törətdiyi qırğın arasında oxşar cəhətlər var. Erməni işğalına hüquqi qiymət BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində öz əksini tapıb. Biz ölkələr arasında münasibətlərin normallaşmasına nail olmalıyıq və bu, münaqişənin həllinə doğru böyük bir addım olacaq. Lakin Ermənistan hökumətinin məsələyə qeyri-konstruktiv yanaşması və ATƏT-in Minsk qrupunun səmərəsizliyi danışıqlar prosesinə öz neqativ təsirini göstərir. Ümidvaram ki, Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun rəhbərliyi altında yeni administrasiya bu işğalın bitməsinə nail olmaq üçün Fransanın səylərini artıracaq”.

Tədbir çərçivəsində rejissoru tanınmış amerikalı jurnalist Tomas Qoltsun olduğu “Offside” adlı sənədli film nümayiş olunub. Filmdə “Qarabağ” Futbol Klubu haqqında bəhs edilir. Bu komanda Ağdamda yerləşən doğma stadionu 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt edildiyi vaxtdan ev oyunlarını doğma meydançasından kənarda keçirir. Filmin nümayişindən sonra fransalı taekvondo ustası Paskal Gentil idmanın gücü haqqında danışıb. O, bu yaxınlarda Parisdə qaçqınlar üçün keçirilmiş taekvondo müsabiqəsində iştirakından, idmanın insanların həmrəylik hissinə necə təsir göstərə biləcəyindən söhbət açıb. O, həmçinin, Azərbaycanın Sülh və İdman təşəbbüsündə iştirak potensialını yüksək qiymətləndirib. Bu təşəbbüs Monako Şahzadəsi II Albertin rəhbərliyi altında həyata keçirilir. Paskal Gentil bu təşkilatda Sülh naminə çempiondur.

Beynəlxalq Strateji Münasibətlər İnstitutunun (İRİS) tədqiqatçısı Samuel Karkanaq isə bildirib ki, bu münaqişə 24 ildir davam edir və Ermənistan kompromisə gəlmədiyinə görə beynəlxalq hüquq pozulur. “Dördgünlük müharibə” azərbaycanlıların evlərinə qayıtmaq həvəsini nümayiş etdirdi. Məsələ sülh yolu ilə həll edilməlidir. Buna nail olmaq üçün tərəflər arasında yeni dialoqun qurulması zəruridir”, - deyə o vurğulayıb.

Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu məsələ Azərbaycan üçün bir nömrəli problemdir: “25 il ərzində Fransa və Azərbaycan arasında mükəmməl münasibətlər qurulub. Hazırda əhalinin onda bir hissəsi köçkündür və bunun Azərbaycana böyük iqtisadi təsiri olub. Dövlət Komitəsinin iki əsas vəzifəsi var: birincisi, köçkünlərin sosial şəraiti yaxşılaşdırmaq, ikincisi isə münaqişənin həllindən sonra əhalinin öz torpaqlarına qayıtması strategiyasının qurulmasıdır. Baxmayaraq ki, Avropa İttifaqı hazırda miqrasiyadan əziyyət çəkir. Azərbaycanın köçkün probleminin xüsusi xarakteri hələ də geniş şəkildə anlaşılmır. Azərbaycan hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox işlər görülüb və 250 min insan evlə təmin olunub. Lakin 400 min insan hələ də çox ağır şəraitdə yaşayır”.

Azərbaycan parlamentinin üzvü və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə tərəflərin bir araya gətirilməsi məqsədi daşıyan yeni təşəbbüs olan Azərbaycan və Ermənistan arasında Sülh naminə Platformasının həmtəsisçisi Rövşən Rzayev isə bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni həmkarları ilə dialoqun qurulmasını dəstəkləyir və məsələnin sülh yolu ilə həllini istəyir: “Yeni dialoq olmalıdır. Lakin Ermənistan tərəfi yeni Sülh Platformasının həyata keçirilməsi işinə dəstək vermək əvəzinə, müxtəlif əngəllər törətməklə məşğuldur. Ermənistan tərəfindən Sülh Platformasına dair bir dəfə də olsa, müsbət cavab alınmayıb. Bu zaman isə hər gün təmas xəttində gənclər öldürülür. Bizim məqsədimiz sülh mesajı göndərməkdir”.

Səfir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Bernard Fassier isə bildirib ki, ATƏT-in Minsk qrupu 20 ildən artıqdır tərəflər arasında vasitəçilik missiyasını həyata keçirir. “Danışıqları canlandırmaq üçün yeni qüvvə lazımdır. Madrid prinsipləri 2009-cu ildə müzakirəyə çıxarılıb və rəsmi Bakı buna razılıq verib. Lakin rəsmi İrəvan “yox” deyib. Ermənistan davamlı olaraq Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağırışlar edir. Lakin unudur ki, bu işğal edilmiş ərazilərdir. Biz ikinci müharibəyə yol verməməliyik. Beynəlxalq ictimaiyyət qeyri-müəyyən şəkildə “status-kvo”nu qəbul etməməlidir”.

image description image description image description