Təbrizə səfər edən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin İmam Cüməsi Məhəmmədəli Al-Haşem və Şərqi Azərbaycan Ticarət Palatasının sədri Səməd Həsənzadə ilə də görüşüb. Təbrizə səfər edən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin İmam Cüməsi Məhəmmədəli Al-Haşem və Şərqi Azərbaycan Ticarət Palatasının sədri Səməd Həsənzadə ilə də görüşüb.

Təbrizdə Azərbaycan-İran əlaqələrinin inkişafı müzakirə olundu

Təbrizə səfər edən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin İmam Cüməsi Məhəmmədəli Al-Haşem və Şərqi Azərbaycan Ticarət Palatasının sədri Səməd Həsənzadə ilə də görüşüb.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşlərdə səfir son illər Azərbaycan ilə İran arasında əlaqələrin intensiv inkişafından danışıb.

Səfir qeyd edib ki, hər iki ölkənin prezidentləri 8 dəfə görüşərək bütün sahələr üzrə əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını vurğulayıblar. İki yaxın dost və qonşu dövlətin münasibətlərinin inkişafı xalqlarımızın mənafeyinə uyğundur.

Diplomat nəzərə çatdırıb ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən yaradılmış “ASAN viza” sistemi nəticəsində İran vətəndaşlarının viza almaq üçün səfirlik və ya konsulluğa müraciət etmələrinə ehtiyac qalmayıb. Hazırda yalnız Culfa gömrük-keçid məntəqəsi 24 saat fəaliyyət göstərir. Rəsmi Bakı İran ilə gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsinə hazırdır. Gömrük məntəqələrinin iş saatının artırılması gediş-gəlişi asanlaşdırmaqla yanaşı, iqtisadi-ticarət əlaqələrinin də inkişafına təkan verəcək.

Səfir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 75 faiz artıb. Lakin ölkələrimizin iqtisadi potensialı ticarət dövriyyəsinin daha da artmasına imkan verir.

Qeyd olunub ki, son illər Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsində bir çox uğurlu addımlar atıb. Səfir Təbriz tacirlərini Azərbaycanın MDB ölkələrindəki ticarət evlərinin imkanlarından istifadə etməyə dəvət edib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsinə toxunan B.Hüseynov bildirib ki, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu körpüsü artıq istismara verilib və ilk qatar bu körpüdən keçərək İrana daxil olub. Hazırda yük terminalının tikintisi sürətlə davam edir. Qəzvin-Rəşt dəmir yolunun davamı olacaq Rəşt-Astara xətti Azərbaycan, Rusiya, Gürcüstan və İranın dəmir yolları sistemini birləşdirəcək. Bu yolla yüklərin Asiyadan Avropaya təhlükəsiz və sürətlə daşınmasına imkan yaranacaq.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsində son günlərdə yaranmış gərginlik barədə də məlumat verib və Azərbaycan Respublikasının işğalçı Ermənistan istisna olmaqla dünyanın bütün dövlətləri, xüsusilə qonşu ölkələr ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.

Ölkəmizdəki dini tolerantlıq haqqında məlumat verən səfir sovet dövründə Azərbaycanda cəmi 17 məscidin olduğu halda, müstəqillik dövründə bu rəqəmin 2200-ü ötdüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanda məscidlərin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılır. Bakıda Prezident İlham Əliyevin Sərəncamı əsasında inşa edilmiş Heydər məscidi barədə məlumat verən səfir bu müqəddəs ocaqda dini bayramlarda vəhdət namazının qılındığını söyləyib. 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin erməni işğalından azad edilməsindən sonra Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərinin inşa edildiyini və bir neçə gün əvvəl həmin məscidin Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyini bildirib.

Şərqi Azərbaycan Vilayətinin rəsmiləri bu ərazinin iqtisadi potensialı, kənd təsərrüfatı və sənayesi haqqında ətraflı məlumat veriblər, habelə iki ölkə arasında ticarət və istehsalat sahəsində əlaqələrin inkişafına çalışdıqlarını deyiblər.

Görüşlər zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. Təhsil, mədəniyyət və səhiyyə sahələrində qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycanın Təbriz şəhərindəki Baş konsulu Əliyənnağı Hüseynov da iştirak edib.

AzNews.az