01:29
(077) 610-22-33

Prezident məmurlara son xəbərdarlığını etdi - VIDEO

  • >
330 12 Fevral 2013 17:26 | Siyasət

“BİR DƏ BİLSƏM Kİ, KİMİNSƏ AİLƏ ÜZVÜ XULİQANLIQ EDİB...”



Prezident İlham Əliyev "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda sərt bəyanatlarla çıxış edib.

"Bölgələrdə gedən işlər dövlət siyasətinin təzahürüdür. Yerli icra orqanları səmərəli, fəal işləyirlər. Amma bəzi hallarda yerli icra orqanlarının hərəkətləri tamamilə bizim dövlət siyasətinə zidd olur. Onlar öz məsuliyyətini dərk etməlidirlər".

Bunu Azərbaycan prezidenti İlham Əliyev "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

"Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər"

Prezident deyib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Biz hər şeyi vətəndaşımız üçün edirik. Biz xalq üçün çalışırıq, qurub-yaradırıq, ölkəni gücləndiririk, Azərbaycan qüdrətli dövlətə çevrilməsini istəyirik. Hər bir vətənpərvər adam bunu istəyir. Bizim dövlətimiz nə qədər güclü olsa, insalar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsiz şəraitdə yaşayacaqlar".


Dövlət başçısı qeyd edib ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır:

"Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqir edilib, incidilməməlidir. Amma belə hallar var? Var. Kim bunu edir? Dövlət məmurları. Kim incidə bilər vətəndaşı? Dövlət məmuru. Buna yol vermək olmaz".

Prezident qeyd edib ki, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir:

" Amma belə hallar da var, hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, ona bir neçə əsas istiqamət göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Bunu hər birinə deyirəm. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Çünki etimadı doğrultmayıblar. Hər bir icra başçısını təyin edəndə demişəm ki, gedin insanlara arxa durun, köməklik göstərin, hörmətlə yanaşın. Bəzən mən bunu görmürəm, görməyəndə də tədbirlər görürəm".


Ölkə başçısı bəzi hallarda məmurların vətəndaşlara yuxarıdan aşağı baxdığını qeyd edib: "Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər. Belə hallar var, bunlar aradan qaldırılmalıdır".

"Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər"


Prezident qeyd edib ki, hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirmıli, insanlara qulluq etməli, təvazökar olmalıdr: "Bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu mənim təbiətimdi. İkincisi, bir yol göstərdim, belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu edir, bilir, mən kimi nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özləri və ailə üzvləri, uşaqları özlərini yığışdıracaqlar".


"Bir daha eşidib bilsəm ki, plyonkalı maşın var..."


Prezident avtomobillərin salonlarına vurulan xüsusi örtüklərdən də danışıb:

"Bir neçə il əvvəkl mən göstəriş vermişdim ki, maşınlardan "plyonkalar" sökülsün və buna son qoyulsun. Mən prezidentəm, mənim maşınımda plyonka yoxdur, hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Qorxurlar ki, kimsə onları görəcək? Camaat onları görsə, nə olacaq ki, əriyəcəklər? Mən demişdim, o vaxt tədbirlər görüldü, söküldü, bu gün səhər maraqlanırdım,

daxili işlıər naziri deyir ki, təkcə ötən il 24 min plyonka söküblər. Bu 24 min adamın qulağı yoxdu? Onlar mənim nə dediyimi eşitmirlər? Yoxsa onların yadından çıxıb? Bu o qədər də böyük məsələ deyil, amma göstəricidir. Bu nə ayrı-seçkilikdir cəmiyyətdə? Sənin vəzifən, pulun var, özünü fərqləndirirsən. Sən get özünü işinlə, əməlinlə, ağılınla, ölkəyə verdiyin töhfəylə fərqləndir, daha plyonka ilə, bahalı əşyalarla yox".



"Harınlayırlar, qudururlar, heç kimi saymırlar"


Prezident qeyd edib ki, o bununla bağlı daxili işlər nazirinə tapşırıq verib:

"Bu gün də daxili işlər nazirinə dedim, bir daha eşidib bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. Qanunvecilikdə hansı düzəlişlər etmək lazımdırsa, onu da edərik. Belə olmaz, harınlayırlar, qudururlar, heç kimi saymırlar".


Dövlət başçısı vəzifəli şəxslərin ailə üzvləri ilə bağlı gələn informasiyalardan da danışıb:

"Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları vəzifəyə mən təyin eləmişəm, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq, nadanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bunu hamı bilsin. Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər, hamısı həbs ediləcək. Vəssəlam".

Prezident qeyd edib ki, bu barədə Daxili İşlər Nazirliyi də məlumat verəcək:

"Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənəmizi yerə vuran hər kəs cəzalanacaq. Bunu hamı bilsin. Mən hesab edirdim ki, bir neçə dəfə bu barədə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu son xəbərdarlıqdır.

Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi milət kimi saxlayan adət-ənənəmiz, davranış qaydalarımızdır. Bunu pozmaq istəyənlər öz cəzalarını alacaqlar".
/APA/






AzNews.az
Bağla X