Amerikansayağı demokratiya

Cümşüd Nuriyev

"Özgə gözündə samanı görür, öz gözündə isə tiri görmür".
İsa Peyğəmbər



Azadlıq Radiosunun yazıçı Ə. Əylisliyə olan hücumlarla bağlı sorğusuna cavabında ABŞ-ın Azərbaycandakı səfirliyi qeyd edib ki, ona qarşı zorakılıq təhdidlərini pisləyir: "Biz başa düşürük ki, səbəb olduğu böyük iztirablar Dağlıq Qarabağ münaqişəsini həm də azərbaycanlılar üçün emosional məsələyə çevirir. Eyni zamanda amerikalılar olaraq biz inanırıq ki, ifadə azadlığı istənilən demokratik cəmiyyətin fundamental tərkib hissəsidir. Biz fiziki zorakılıqla bağlı bütün təhdidləri pisləyirik".

Dünyanın "demokratiya fənəri" hesab edilən ABŞ-ın Azərbaycandakı səfirliyinin bu münasibəti o vaxt anlaşılan olardı ki, fikirlər birtərəfli və qərəzli olmazdı.
Əvvəla, Dağlıq Qarabağ münaqişəsi azərbaycanlılar üçün emosional deyil, milli məsələdir. Çünki ölkənin ərazi bütövlüyü beynəlxalq hüquq prinsiplərindən ən vacibidir.
İkincisi, ifadə azadlığının istənilən demokratik cəmiyyətin fundamental tərkib hissəsinin olması ilə bağlı fikirləriniz o zaman yerinə düşərdi ki, ABŞ sözdə yox, əməldə həmin prinsipləri gözləyəydi. Bəzi məsələləri Sizlərə xatırlatmaq məcburiyyətindəyik. Doktor M.Marqulis ABŞ-da ifadə azadlığının çox pis vəziyyətdə olduğunu qeyd edir (Morgulis.org). O yazır ki, ABŞ prezidenti B.Obamanın imzaladığı qanun ölkə iqtidarını vəzifələndirir ki, mətbuat azadlığını pozan ölkələrin hökumətləri nəzarətdə saxlanılsın.

Bəs onda niyə ABŞ-da İnternet azadlığı yoxdur?
Məsələn, ABŞ hökuməti 2010-cu ildə Source Forge.net və Google Code kimi müstəqil saytların yaradıcılarına Kuba, İran, Sudan, Liviya, Suriya və Şimali Koreyadan olan istifadəçilərə internetə girişə qadağa qoymağı tapşırıb. Necə olur ki, demokratiyanı "beşiyində", "Azad mətbuat" təşkilatının direktoru Ceffi Strisin məlumatlarına görə, 2011-ci ilin sentyabrından 2012-ci ilin fevral ayına qədər "Occupy-aksiyasında" hadisələri işıqlandıran 76 jurnalist həbs olunur (http://www.dal.by/news/79/11-06-12-) və bu dövlət maraqlarına xidmət kimi dəyərləndirilir?

Sizin dövlət maraqları qorunanda hər şey demokratik olur, bizim dövlət maraqlarını qorunması Sizləri qane etməyəndə isə antidemorkratik olur?
Üçüncüsü, ifadə azadlığına görə kimlərinsə Ə.Əylislini təhdid etməsini dəstəkləmirik. Bu tip bəyanatlar "düşmən dəyirmanına su tokmək" kimi dəyərləndiririk. Amma Ə.Əylislinin "ifadə azadlığı" dövlət və milli maraqlara tamamilə zidd olduğunu da yaddan çıxartmaq olmaz. Həm də unutmayın ki, millətinə və dövlətinə xəyanət edənləri dünyanın heç yerində bağışlamırlar.