23:51
(077) 610-22-33

“Bu, Azərbaycan cəmiyyətində gedən proseslərə prezidentin münasibətidir“

  • >
473 13 Fevral 2013 11:21 | Siyasət

"Prezident çıxışında iradlarını bir nəfərə ünvanlamadı, məmurlar arasında özünü nümunəvi aparanlar da az deyil". Bu sözləru hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı prezident İlham Əliyevin dünənki konfransda çıxışı zamanı məmur və onların övladlarının özbaşnalıqları haqda söylədiyi iradlara münasibət bildirərəkən deyib. YAP-çı deputat Modern.az-a açıqlamasında ölkə başçısının iradlarının doğru olduğunu və bu çıxışın gözlənildiyini bildirib.

"Prezidentin məmurların fəaliyyəti ilə bağlı irad bildirməsi tamamilə gözlənilən məsələdir. Ölkə başçısı dəfələrlə çıxışlarında belə iradlar bildirib. Cənab prezidentin dediyi kimi, hər bir məmur xalqa xidmət eləməlidir, nümunəvi olmalıdır. Prezidentin qeyd etdiyi iradlar bütövlükdə bəzi məmurlara aiddir".

M.Qurbanlı prezident İlham Əliyevin bəzi harınlaşmış məmurları övladlarının xoşagəlməz hərəkətlərinə görə tənqid etməsinin İsmayıllı hadisələri ilə əlaqədar olmadığını deyib. Millət vəkilinin fikrincə, prezidentin çıxışı birbaşa İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və onun qardaşı, adı İsmayıllı olaylarında hallanan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova ünvanlanmayıb.

"Cənab Prezidentin çıxışında hansısa şəxsin adının çəkildiyini görmədim. Ölkə başçısı ümumilikdə iradını bildirib. Bu iradlar yalnız bir adama deyil, bəzilərinə aiddir. Orada prezident bildirdi ki, bəzi məmurların övladları özlərini yaxşı aparmırlar, kobudluq edirlər. Biz belə baxsaq, görərik ki, prezident çıxışında iradlarını bir nəfərə ünvanlamadı. Məmurlar arasında dövlət idarəçiliyini nümunəvi həyata keçirən, xalqla təmas qurmağı bacaran, Heydər Əliyev məktəbinə uyğun hərəkət edənlər az deyil. Amma cızığından çıxanlar da var ki, prezident onlara xəbərdarlıq elədi.

İradların konkret İsmayıllı hadisələri ilə bağlılığı yoxdur. İlham Əliyev artıq 10 ildir ki, prezidentdir. Onun əvvəlki çıxışlarında da iradları olub, tövsiyyələri də. Prezident hər şeyə kompleks yanaşır. İsmayıllıda hadisə oldu-olmadı prezident həmişə cəmiyyətlə vətəndaş-məmur münasibətləri ilə əlaqədar öz fikirlərini bildirib. Bu, sadəcə Azərbaycan cəmiyyətində gedən proseslərə prezidentin münasibətidir",-deyə M.Qurbanlı vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərək bəzi məmurlara yol verdikləri özbaşnalıq və nöqsanlara görə sərt xəbərdarlıq edib.
Bağla X