Əli Əliyev: “Blokun təqdimatı yaxın günlərdə baş tutmasa da...”

"Bizim həmin partiyalarla bir neçə görüşümüz keçirilib. Həmin görüşlərdə detallı olaraq kollegial qurumların iştirakını, bir sıra təsisat məsələlərini müzakirə etdik. Belə qərara gəldik ki, yaxın dövrdə blokun təsisatı baş versin. Bunun üçün işçi qurum formalaşmalıdır".

Bunu AzNews.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Partiya sədri bildirib ki, blokun yaradılmasında prinsip olaraq bütün məsələlər razılaşdırılıb, bir-iki xırda məsələ qalıb: "Düzdür, o məsələlərə xırda da demək olmaz. Hazırda partiyanın sədrləri səviyyəsində həmin məsələlərin razılaşdırılması həyata keçirilir".

Əli Əliyev qeyd edib ki, blokun yaradılmasında hər hansı əngəldən söhbət gedə bilməz: "Burada əngəl yoxdur. Blok 3 siyasi təşkilatın birgə maraqlar üzərində qurulan strategiyasıdır. Hər 3 partiya blokun yaradılmasının vacib olduğunu bildirir. Blokun təqdimatı yaxın günlərdə baş tutmasa da, çalışacağıq ki, ilin birinci rübünə qədər bunu həyata keçirək".

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP), Yaşıllar Partiyasının, Ədalət Partiyasının birgə yaratdıqları blokun təqdimatı bu ay keçirilməli idi.

İlkin
AzNews.az