Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının mülki əhalinin qorunmasına həsr olunmuş yüksək-səviyyəli açıq debatlarda iştirak edib. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının mülki əhalinin qorunmasına həsr olunmuş yüksək-səviyyəli açıq debatlarda iştirak edib.

“Münaqişələr beynəlxalq hüquqa uyğun şəkildə nizamlanmalıdır“

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının mülki əhalinin qorunmasına həsr olunmuş yüksək-səviyyəli açıq debatlarda iştirak edib.



Nazir çıxışında qeyd edib ki, müzakirə edilən məsələyə dair Azərbaycanın ardıcıl və qətiyyətli mövqeyi hamıya məlumdur.

"Bizim bu mövqeyimiz davamlı sülh və inkişafın əldə olunmasına töhfə vermək istəyimizdən və silahlı münaqişələrin mülki əhaliyə təsirinin aradan qaldırılması ilə bağlı praktiki təcrübəmizdən qaynaqlanır. Qonşu Ermənistan tərəfindən bizim ölkəmizə qarşı müharibə və ərazilərimizin hərbi işğalı mülki əhaliyə ciddi mənfi təsir göstərmişdir", - nazir deyib.
O qeyd edib ki, təcavüz nəticəsində Azərbaycan dünyada qaçqınların və məcburi köçkünlərin ən çox olduğu ölkələrdən birinə çevrilmişdir və hazırda ölkədə hər doqquz nəfərdən biri bu kateqoriyaya aiddir. İyirmi bir il öncə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görülməmiş kütləvi qırğın törədilmişdir. Həmin şəhərdə təkcə bir gecədə 600-dən artıq mülki şəxs sırf azərbaycanlı olduqları üçün qətlə yetirilmişdir. Ermənistanın işğalçı hərbi birləşmələri və yerli qeyri-nizami silahlı qruplar qadınlara, uşaqlara və yaşlılara da rəhm etməmişlər.
"Azərbaycan ərazilərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə xüsusilə beynəlxalq humanitar hüququn pozulması, o cümlədən Azərbaycanda çoxsaylı mülki əhalinin yerlərindən qovulması və mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinə hücumlar və bombardmana diqqət yönəldilmişdir. Biz əminik ki, həm milli səviyyədə, həm də mövcud beynəlxalq hüquqi çərçivədə atılacaq ardıcıl addımlar münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə məsul olanları ədalət mühakiməsinə çıxaracaqdır", - nazir deyib.

O qeyd edib ki, danılmaz faktdır ki, bu gün heç bir rəsmi və ya siyasi status ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə immunitet verə bilməz.
"Təəssüf ki, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının normalarının kobud şəkildə pozulması ilə bağlı bütün hallara beynəlxalq və regional səviyyədə lazımi diqqət və reaksiya verilməmişdir. Bunun nəticəsində keçmişdə törədilmiş, lakin cəzalandırılmamış və tanınmamış cinayətlər çoxdan gözlənilən sülhün və barışığın əldə edilməsinə əngəl törətməkdədir. Bunlar hətta yeni münaqişələrin ortaya çıxması və yeni cinayətlərin törədilməsinə yol aça bilər", - Məmmədyarov deyib.

O qeyd edib ki, bu kimi hallarda cəzasızlığa son vermək üçün daha qətiyyətli və hədəfə yönəlmiş addımların atılması vacibdir.
Nazir qeyd edib ki, Təhlükəsizlik Şurası tərəfindən münaqişələrin həlli ilə bağlı nəzərdən keçirilən təşəbbüslər və regional mexanizmlər sülhün və ədalətin səmərəli şəkildə birgə işləməyini təmin etməlidir. Bu yanaşma onu nəzərdə tutur ki, bütün münaqişələr beynəlxalq hüquqa uyğun şəkildə nizamlanmalıdır və bu, xüsusilə beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüququnun əsas norma və qaydaları üçün keçərlidir.

"Digər tərəfdən, həlli uzadılmış silahlı münaqişə vəziyyətində siyasi məsələlərlə bağlı razılaşmanın olmaması beynəlxalq humanitar hüquq və insan hüquqlarının davamlı və qəsdən pozulması nəticəsində ortaya çıxmış problemlərin həll olunmaması üçün bəhanə kimi istifadə oluna bilməz", - Məmmədyarov deyib.

Nazir vurğulayıb ki, bu məsələdə xüsusi diqqət əhalinin zorla yerdəyişməsi və xarici hərbi işğal nəticəsində vəziyyəti daha da kəskinləşmiş mülki əhalinin qorunmasına yönəldilməlidir. Münaqişənin mənzil təminatına, torpaq və mülkiyyətə olan təsiri, eləcə də etnik ayrı-seçkilik və zoraki demoqrafik dəyişikliklər daha ardıcıl və qətiyyətli yanaşma tələb edir ki, bununla qeyri-qanuni praktikaya, siyasətə son qoyulsun və yerlərindən qovulmuş əhalinin öz doğma yerlərinə ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmaları təmin olunsun.

AzNews.az