“Ölkənin birinci şəxsi məlumat əldə etmək imkanlarında da birincidir” “Ölkənin birinci şəxsi məlumat əldə etmək imkanlarında da birincidir”

“Nəzarəti bir balaca yumşaltsan, məmur mütləq öz cızığından çıxacaq”- MÜSAHİBƏ

“Ölkənin birinci şəxsi məlumat əldə etmək imkanlarında da birincidir”



Hakim partiyanın icra katibinin müavini, deputat Mübariz Qurbanlı AzNews.az-ın suallarını cavablandırıb:


- Prezident sonuncu müşavirədə konkret adlar açıqlamasa da, məmurlara kifayət qədər sərt xəbərdarlıq etdi. Məmurların vəziyyəti bu həddə çatdırmasının səbəbləri nədir?

- Dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirələrdə ölkənin sosial-iqtisadi inkişafı, qarşıda duran vəzifələri müəyyən edir. Regionların sosial-iqtisadi inkişaf proqramının yerinə yetirilməsi məsələsi hər il müzakirə olunur. Birinci dəfə deyil ki, prezident dövlətin idarə olunmasında bu və ya digər sahələrdə baş verən nöqsanları məmurlara irad tutur. Əvvəllər də bu cür iradlar olub və işində nöqsanlara yol verən şəxslər vəzifəsindən azad olunub. Biz bəzən bu və ya digər rayonlarda icra başçısının, nazirin və yaxud da hansısa dövlət vəzifəsi tutan şəxslərin azad olunması barədə Prezidentin fərman və sərəncamlarını görürük. Əlbəttə hər verilən fərman və sərəncam, onların səbəbləri izah olunmur, belə də olmalıdır. Amma sonra məlum olur ki, həmin şəxslər dövlət idrəçiliyində hansısa nöqsana yol verib, dövlət başçısı da onları işdən azad edib. Prezident də aşkar olunmuş nöqsanlara istinadən haqlı iradlarını bildirdi. Ölkənin birinci şəxsi məlumat əldə etmək imkanlarında da birincidir və onun əldə etdiyi məlumatlar da belə kəskin çıxış etməsinə səbəb olub.

- Sizcə, fəaliyyətində ciddi nöqsanlar olan belə məmurlar çoxdurmu?

- Mən deməzdim ki, Azərbaycanda dövlət idarəçiliyində, yerli və mərkəzi icra orqanlarında olan şəxslər nöqsanlara yol verir. Onların içərisində xalqın hörmətini qazanan, öz işinin öhdəsindən yüksək səviyyədə gələn nazirlər, icra başçıları var. Amma təəssüf ki, idarəçilikdə prezidentin də qeyd etdiyi kimi, öz işinin öhdəsindən gəlməyən, təvazökarlıqdan uzaq olan, qeyri-səmimiliyə yol verən və yaxud da bəzən harınlıq edən məmurlar da olur. Prezident də onlara xəbərdarlıq etdi, bir növ onlara mesaj verirdi ki, bu cür hərəkətlər olmamalıdır. O ki qaldı məmurların niyə bu həddə gəlib çatmasına, dünyanın hər yerində məmur məmurdur. Əgər hansısa bir vəziyyətdə nəzarəti balaca yumşaltsan, məmur mütləq öz cızığından çıxa bilər. Ona görə də mütləq nəzarət güclü olmalıdır və bunun üçün də vaxtaşırı belə toplantılarda nöqsanlar onlara deyilməlidir.

- Müşavirənin gedişindən elə bir təəssürat yaranırdı ki, prezident konkret adlar çəkəcək, yerindəcə cəza tədbirlərinin görülməsi barədə göstəriş verəcək və kimlərisə vəzifəsindən azad edəcək. Amma bu baş vermədi...

- İlham Əliyevin özünəməxsus iş üslubu var və onun iş üslubunu bilənlər prezidentin nə üçün adlar açıqlamadığını da bilirlər. Dövlət başçısı həddən artıq ziyalı insandır, insanlarla münasibətdə hansısa məsafəni saxlamaq, etiketi qorumaq prinsipləri var. Hesab edirəm ki, prezident narazı olduğu şəxsləri işdən azad edəndə heç tərəddüd də keçirmir. Onun da səbrinin bir hüdudu var və səbrlə insana özü özünü islah etməsi üçün zaman, şans verir. Bu çox gözəl keyfiyyətdir. Fikir verirsinizsə, İlham Əliyev siyasətçi kimi populist siyasətçi deyil, populuzmlə də məşğul olmur. O, həddindən artıq praktik, praqmatik siyasətçidir, bunun tərəfdarıdır və öz işini də görür. Bütövlükdə Azərbaycan üçün və beynəlxalq aləmdə gördüyü işlər var ki, onları heç vaxt dilə gətirmir.
Onun keçirdiyi toplantılar da olduqca yığcam olur, konkret tapşırıqlar verir. Əlbəttə ki, yerindəcə kimisə nümayişkaranə şəkildə işdən azad etmək metodu da var. Hətta iclasda tənqid edib, işdən azad etdiyi şəxslər də olub. İlham Əliyev 10 ilə yaxındır ölkənin prezidentidir və təbii ki, o ictimai əhval-ruhiyyəni çox yaxşı, hamıdan gözəl bilir, ona uyğun da fikirlərini deyir. Amma görünür bu dəfə belə bir addım atmağın tərəfdarı olmadığı üçün belə etdi. Biz onu da bilirik ki, bu cür xəbərdarlıqlardan sonra hansısa növbəti addımlar olur və o şəxslər ki, etimadı doğrultmayıb onlara edilən xəbərdarlıq da hesab edirəm izsiz qalmayacaq. Nəticə etibarilə prezident onun etimadını doğrultmayan, tapşırıqlarına əməl etməyənləri öz komandasından uzaqlaşdırır.

- Prezidentin məlum çıxışı korrupsiyaya qarşı mübarizə tədbirlərinin növbəti dalğasının anonsu sayıla bilərmi?

- Korrupsiya dünyanın bəlasıdır və beynəlxalq miqyasda bununla mübarizə gedir. Hətta BMT-də buna görə xüsusi komissiya da var. Azərbaycan gənc ölkədir və burada rüşvət, korrupsiya kimi mənfi halların aradan qaldırılması vacib, mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki rüşvət, korrupsiya ölkənin inkişafını ləngidən haldır, ona qarşı mübarizə mütləqdir. Ona görə də prezident bununla əlaqədar proqram xarakterli çıxış edib, Milli Məclis də qanun qəbul edib. Korrupsiyaya qarşı mübarizənin inzibati, iqtisadi metodları ilə yanaşı, həm də tərbiyəvi, təşviqatı metodları var. Bizim apardığımız mübarizə yollarından biri iqtisadi metoddur. Dövlət qurumlarında vahid pəncərə sisteminin tətbiqi, sənədləşmənin elektron varianta keçilməsi, ASAN xidməti və bir sıra məqamlar var ki, hamısı korrupsiyanın qarşısını almağa yönəlib. Bunun üçün islahatlar dərinləşməlidir ki, bu proses də gedir. İqtisadi islahatlar dərinləşdikcə korrupsiya və onu yaradan səbəblər aradan qalxır. Şübhəsiz, inzibati yol da öz yerində qalmalıdır, amma bununla mümkün olmayacaq. Heç kim Stalinizmdən güclü rerpressiv maşın yarada bilməz, amma onda da rüşvəti tam aradan qaldırmaq mümkün olmamışdı.

-Axı ortada qonşu Gürcüstanın uğurlu təcrübəsi var...

- Gürcüstanda əhalinin birbaşa təmasda olduğu nöqtələrdə - aşağı səviyyədə olan rüşvətin kökü kəsildi. Amma bütövlükdə bu ölkədəki korrupsiyanın kökünün tam kəsildiyini düşünənlər yanılır. Dünyada tam korrupsiyanın kökü kəsildiyi ölkə yoxdur və hər yerdə də bununla mübarizə gedir, bu, daimi bir prosesdir. Skandinaviya, Yeni Zelandiya və bu sahədə irəli getmiş ölkələrin özündə də mübarizə hələ davam edir. Biz də bu yolu seçmişik. Ən ideal yol iqtisadi islahatlar, mülkiyyət münasibətlərində elə bir səviyyəyə gəlməkdir ki, burada hansısa formada məmurun müdaxiləsinə şərait olmasın. Prezident də çıxışında sahibkar-məmur münasibətlərinə toxundu və sahibkarlara hansısa formada təzyiqi məmurlara qadağan etdi. Əslində prezident müşavirədə çox ciddi bir məsələni həm cəmiyyətə, həm də idarəçilikdə olanlara çatdırdı ki, Azərbaycanda birinci yerə vətəndaşı qoyuruq, vətəndaşa da xidmət göstərilməlidir.

- Quba, İsmayıllı və digər rayonlarda baş verən narazılıqlar məmur-vətəndaş münasibətlərinin hansı həddə olduğunu göstərmirmi?

- Dünyanın heç bir ölkəsində insanların razı qaldığı hakimiyyət yoxdur. Həmçinin dünyanın elə bir ölkəsi də yoxdur ki, orada belə kütləvi iğtişaşlar olmasın. Bu mənada Azərbaycan da istisna deyil. Biz desək ki, bütün əhali bizim siyasətdən razıdır, onda yanlışlığa yol verərik. Biz deyirik ki, əhalinin böyük hissəsi hazırkı siyasəti müdafiə edir və prezidentin siyasətinin davam etdirilməsinə tərəfdardır. Ona görə də Quba, İsmayıllı və digər rayonların timsalında hadisələri ümumiləşdirərək bütün Azərbaycanın bu cür düşündüyünü söyləmək yanlış olardı. Adi bir futbol matçında elə hadisə baş verir ki, polis onun qarşısını ala bilmir. İsmayıllıda bir yol qəzasında iki şəxs arasında olan hadisə və ondan törənən iğtişaş nəticə etibarilə bütün Azərbaycana şamil edilə bilməz. Amma bu cür iğtişaşların yaranma səbəbləri var. Əvvəla cəmiyyətdə daim mənfi enerji toplanması var və bu istənilən cəmiyyətdə rastlaşılır.

- Mənfi enerjinin yığılmasına əsas yaradan nədir?

- Mənfi enerji yığımı müxtəlif ola bilər. Sosial, iqtisadi, ailədaxili münaqişələr, təbiətdə baş verən hansısa hadisələr və ya hansısa digər faktorları misal gətirmək mümkündür. Həmin mənfi enerjinin yığılması nəticəsində də adi hadisədən iğtişaşı müşahidə etmək mümkündür. Bunu yalnız hakimiyyətin siyasətinə bağlamaq da düzgün deyil. Yerlərdə iş yerlərinin açılması, maaşların, təqaüdlərin artırılması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması proqramını hökumət həyata keçirir. Amma bütün bunlardan sonra hamının razı qalacağını düşünsək, o, da yalan olar, mütləq narazılar olacaq. Narazıların da bölgüsünü aparmaq lazımdır. Narazılar ola bilər ki, yerlərdə hakimiyyətdən narazıdır, amma o prezidentdən narazı deyil. Ola bilsin, narazı iş yerindəki rəhbərlikdən narazıdır, amma bütövlükdə başqalarından narazı deyil. Narazılığı yaradan səbəblər var və bu narazılıq elementi mənfi enerji yarada bilər ki, o isə, hansısa hadisədən kütləvi toqquşmaya gətirib çıxarar. Bəzən də bundan sui-istifadə edənlər ola bilər.

- Sui-istifadə edənlər deyəndə xarici dövlətləri, yoxsa daxili qüvvələri nəzərdə tutursunuz?

- Mən Azərbaycanda baş verən hadisələrdə hansısa dövlətin barmağını axtarmaq niyyətində deyiləm. Azərbaycan indi o səviyyədə deyil ki, kimlərsə, burada pianino çalsın. O mənada ki, bizim bütün prosesimizi idarə etsin. Şübhəsiz Azərbaycanı istəməyən dövlətlər də, qruplar da ola bilər. Dövlət səviyyəsində bizim yalnız Ermənistanla problemimiz var və erməni lobbisi bizimlə daim düşmənçilik edir. Ermənistan istisna olmaqla bizim heç bir qonşu ölkələrlə həll olunmaz problemimiz də yoxdur, amma ortaq məxrəcə gələ bilmədiyimiz mövzuların olması mümkündür.

- Bəs, Moskvada yaranan "Milyarderlər İttifaqı"nı bu dərəcədə kəskin qarşılamağın səbəbini nə ilə izah etmək olar? Rusiyanın məqsədli planımı görünür, yoxsa hansısa digər məqamlar var?

- Son zamanlar mətbuatda Rusiya mövzusunu çox şişirdirlər və hətta müxalifət mətbuatında "XII ordu"nun Azərbaycana gələcəyi haqda mənfur proqnoz verənlər var. Eynilə də Rusiya mətbuatında müxtəlif yazarlar, müxtəlif politoloqlar var və onların yazdıqları, verdikləri proqnozlar heç də Rusiya dövlətinin siyasəti demək deyil. Ona görə də Rusiyanın özündə baş verən hadisələrin süni surətdə Azərbaycan transfer edilməsinin tərəfdarı deyiləm, bunu da heç vaxt proqnozlaşdırmıram. Rusiyada yaşayan azərbaycanlılar özləri üçün müxtəlif qurumlar yarada bilərlər, yaradırlar da. O şəxslər ki, bir araya gəliblər onlar hansısa formada həm siyasi, həm iqtisadi baxımdan Azərbaycana təsir etmək imkanına malik deyillər. Onların yaratdığı ittifaq Rusiyadakı azərbaycanlılarla bağlı nəsə edə bilər. Güman edirəm ki, onların yaratdığı ittifaq yalnız kağız üzərindədir, oradakı insanların maraqları da üst-üstə düşmür. Kimlərsə SSRİ-nin bərpasından, hansısa planların cızılmasından danışır, bunlar hamısı quru sözlərdir. Rusiyanın iqtisadi-siyasi vəziyyəti öz sərhədləri çərçivəsində ölkəni qorumaq üçün yetərli deyil və bu ölkənin rəhbərləri, Medvedev, Putin dəfələrlə bildiriblər ki, SSRİ-nin bərpası ideyasının tərəfdarları deyillər. Avrasiya ittifaqından danışılır ki, onun da MDB-dən heç bir fərqi yoxdur və MDB mövcud olandan qəbul olunan sənədlər çap olunsa bir neçə cild kitab alınar. Həmin sənədlərin nə faydası olub? İttifaqlar süni surətdə yaradıla bilməz, ittifaqlarda qarşılıqlı maraqlar olmalıdır. İttifaqlar var ki, cəlbedici, ittifaqlar da var ki, dağıdıcıdır. Əgər MDB cəlbedici olsaydı Baltik ölkələri ona daxil olardılar, gedib NATO, yaxud da Avropa İttifaqına meyl etməzdilər. Avropa İttifaqına girmək üçün dövlətlər növbədə durur, amma MDB-yə girməyə heç kim təşəbbüs etmir.

- Yeri gəlmişkən, Azərbaycanın üzü haradır?

- Azərbaycanın üzü elə Azərbaycanadır. Prezident dəfələrlə deyib ki, biz müstəqil siyasət yeridirik. Bu isə o deməkdir ki, burada yalnız Azərbaycanın maraqlarını qoruyacaqsınız. Bütövlükdə isə biz Avropa dəyərlərinə söykənən və Avropa strukturları ilə əməkdaşlıq edən bir dövlətik. Azərbaycan hansısa hərbi-siyasi ittifaqa üzv olmağa can atmır, biz hansısa bir qurum üçün nə qədər lazımıqsa, o qurum da bizim üçün o qədər lazımdır. Biz artıq dünyada dövlətçiliyi baş tutmuş, və özünün sosial-iqtisadi sistemini yaratmış ölkəyik. Ona görə də biz güclü, müstəqil, qüdrətli Azərbaycan yaratmaq istəyirik. Sabah həmin Azərbaycan Avroatlantik məkanla da, İƏT-lə də əməkdaşlıq edə, MDB-də də qala bilər. Rəhmətlik Heydər Əliyevin bir ifadəsi var: "dövlətüstü olan qurumlar olan yerdə biz yoxuq". Bu gün Bürüsseldə Avropa İttifaqına üzv olan ölkələrin bu və ya digər məsələləri həll olunur. Artıq bu dövlətüstü qurumdur. Mən bu ittifaqı pisləmək istəmirəm, yəni siz suverenliyinizin müəyyən hissəsindən imtina edib hansısa bir cənnət kluba girə bilərsiniz. Azərbaycanın isə maliyyə baxımından indi kiməsə ehtiyacı yoxdur. Dünyanın maliyyə mərkəzləri-Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa yenidənqurma və İnkişaf Bankı var. Bu üç mərkəzdən ayrı-ayrı ölkələr öz problemlərini həll etmək üçün maliyyə alır. Biz isə heç bir maliyyə qurumunun qapısında növbə gözləmirik, heç kimdən borc istəmirik.

- Milyarderlər ittifaqı"nı 2013-cü il prezident seçkilərində Rusiyanın ortaya çıxardığı plan hesab edənlər var...

- Mən belə düşünmürəm, ona görə ki, o insanların heç biri Azərbaycanda prezident seçkisinə qoşulmaq iddiasını ortaya qoymayıblar. İkincisi o iddianı ortaya qoysalar belə onların Azərbaycanda sosial dayaqları yoxdur. Üçüncüsü, o ittifaqda olanların mütləq əksəriyyəti prezident İlham Əliyevi müdafiə etdiklərini bəyan ediblər. Digər bir tərəfdən də onların bir neçəsi faktiki olaraq Azərbaycan vətəndaşı deyil. Belə olan halda qaranlıq otaqda qara pişik axtarmaq kimə lazımdır?

- "Ziyalılar Forumu" ölkədəki gərginlikdən çıxış yolunu birgə müzakirədə gördüklərini, bununla bağlı təkliflərini verdiklərini bəyan edirlər...

- "Ziyalılar Forumu"nda birləşənlər nə istəyirlər, siyasətləmi məşğul olmaq istəyirlər? Əgər siyasətlə məşğul olmaq istəyirlərsə, onda bir partiya yaratsınlar. Seçkilərə qoşulsunlar sözlərini desinlər, yoxsa qulağı tərsə tutmaq nəyə lazımdır? Bu adamlar niyə Əkrəm Əylislinin simasında "Daş yuxular"la bağlı öz mövqelərini ortaya qoymadılar. Onların haqsız açıqlamalarına təbii ki, adekvat cavab veriləcək. İstər İctimai Palata, istərsə də "Ziyalılar Forumu" olsun, onların toplaşması hansısa yeni bir qüvvəni ortaya çıxara bilməz. Cəmiyyətdə olan qüvvələr nisbətində radikal çağırışçılar var və onlar sosial şəbəkələrdə mənə söyüş yazır, ölümlə hədələyirlər. Həmçinin konstruktiv tənqidçilər var və onlar nöqsanları deyir, təkamül yolu ilə hər şeyin müsbətə doğru dəyişməsi təkliflərini verir. Hakimiyyət də öz nöqsanlarını görür, onu aradan qaldırmaq üçün islahatlar aparır. Heç bir hakimiyyət oturduğu budağı kəsmir, biz qüsurları görürüksə, onu aradan qaldırmaq da istəyirik.

- Seçki ilində demokratik seçki mühitinin, demokratik mübarizə şəraitinin yaradılması məsələsində hansısa yeniliklər varmı?

- Hər bir ölkədə seçkinin demokratikliyini müəyyən edən seçki qanunudur. Bizim hazırkı seçki qanunu Azərbaycanda demokratik seçki keçirmək üçün kifayət qədər mükəmməl bir sənəddir və bu sənəd Avropa Şurasında, ATƏT-də müsbət rəylər almış sənəddir. Ona uyğun olaraq hər bir kəs prezidentliyə namizədliyini irəli sürə bilər və bizdə heç bir senz də yoxdur, maraqlı qüvvələrin marağı da öz əksini tapıb. Yalnız 35 yaşdan aşağı və 10 ildən artıq ölkədə yaşamayanlara qadağa var. Seşki mühiti də kifayət qədər əlverişli və şəfaf olacaq, bununla bağlı işlər də gedir. Diskusiya imkanları üçün də şərait var və yaradılacaq. Buna həm qanun imkan verir, həm də biz bunu istəyirik. Bizim partiyamız isə bütövlükdə seçkiyə hazırdır. Biz indidən namizədimizi elan etmişik, onun rəsmiləşdirilməsi isə qurultayda olacaq.

- Seçki ilində siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi də hamını eyni şəkildə razı salmadı...

-Bununla bağlı qanunda düzəlişlər edilərkən ekspertlər bəzi ölkələrdə partiyaların maliyyələşməsi prosesini öyrənib və ona istinadən də bu formanı qəbul etmişik. Dünyanın heç bir yerində parlamentdə təmsil olunmayan partiya maliyyə ala bilməz. Qanunda bundan sonra hansısa düzəlişlər də nəzərdə tutulmur. Azərbaycanda partiyalar konsolidasiyaya getməlidir, təmərküzləşməlidir.

Gültəkin Qəhrəmanlı
AzNews.az