01:29
(077) 610-22-33

Bütün Azərbaycanı zəhərləyiblər - MÜSAHİBƏ

  • >
234 14 Fevral 2013 10:27 | Siyasət

“İranda gənc qızlara necə təcavüz edildiyini öz gözlərimlə görmüşəm”


Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadənin AzNews.az-a müsahibəsi

- Əjdər bəy, Güney Azərbaycanda vəziyyət necədir?

- Güney Azərbaycan məsələsinə bir neçə yöndən baxmaq lazımdır. Repressiya siyasəti davam edir, Güney özü hazırda işğal altındadır. Güneydə insanların, gəncliyin durumu, iqtisadi vəziyyət da başqa məqamlardır. İran adlanan ölkədə narkotik böyük bir problemə çevrilib. Güney məsələsində siyasi hadisələri, hakimiyyətdaxili problemləri, çəkişmələri də nəzərə almaq lazımdır. Buna görə də güney Azərbaycan məsələsinə baxanda bunu paket halında nəzərə almaq lazımdır. Milli təhqir var, milli kimliyə təzyiq var. 57 il Pəhləvi sülaləsini hakimiyyəti dövründə Azərbaycan türklərinə qarşı yürüdülən repressiya siyasəti indiki islam hakimiyyətdə də davam etdirilir. Xomeyni hakimiyyətə gələn kimi "millət yoxdur, ümmət var" deyimini irəli sürdü. Amma bunu deyərkən farsçılıqdan imtina etmədi. İlk addımı Azərbaycan türkünü tapdalamaq oldu. Ona dəstək verən, ölümdən qurtaran, zirvəyə çatdıran, Azərbaycan türklərini din məsələsində etiqad etdiyi Ayətullah Seyid Kazım Şəriətmədarini dinin bütün qanunlarına zidd olaraq
məhv etdi. Şəriətmədari barədə deyirdilər ki, o, türk axundudur. Xomeyni də bunu sezirdi. Onların ikisinin Qumdakı görüşünün stenoqramı var. Xomeyni Şəriətmədariyə deyib: "Seyid bilirsən ki, ora Azərbaycandır. Əgər Azərbaycan getsə, sən də gedərsən, mən də gedərəm, islam da, İran da gedər". Bundan sonra Xomneyi türklərdən qorxduğuna görə Qumdan çıxaraq Tehrana gedir. Dində Şəriətmadari kimi böyük bir din xadiminin əmmaməsini çıxarmaq böyük günahdır. Amma Xomeyni bunu etdi, çünki şahlıq üsul-idarəsinin siyasətini davam etdirirdi. Xomeyni fars şovinizminin əmmamə və əbadakı təmsilçisi idi. Şah 1946-cı ildə Azərbaycana hücum edib əhaliyə qarşı genosid törətmişdisə, dinin köməyi ilə hakimiyyətə gələn ruhanilər millətin dininə də, din xadiminə də əl atdılar. Bu siyasət indi də daha ağır formada davam edir. Bu illər ərzində Azərbaycana nə veriblər. Soruşsaq deyəcəklər ki, Təbrizdə işıq var da. Əhmədinejat gələndən bəri 700 milyard dollarlıq neft satılıb. Pulu da talanıb, mənimsənilib. Əhmədinejatın də göbəyi siyasətdə Azərbaycanda kəsilib.

- Onun Ərdəbilə vali olduğu dönəmdə baş verən zəlzələ hələ də yaddaşlardadır. Zəlzələdən zərər çəkənlər dağlardakı çadırlarda yerləşdirilirdi və vəhşi heyvanların hücumuna məruz qalırdı...

- Əhmədinejat Ərdəbildə vali olduğu dönəmdə bölgəni Azərbaycana qarşı casusluq yuvasına çevirmişdi. Onu Xamneyinin sarayında hazırlayıb hakimiyyətə gətirmək üçün planları icra edirdilər. Ərdəbil zəlzələdə yerlə yeksan oldu. 5-6 balda bu qədər dağıntı insanların həyat şəraitini göstərirdi. Xam palçıqla saman qarışdırıb ev tikmişdilər. Beton, armaturdan danışmıram, qırmızı kərpiclə tikilən binalar dağılmadı ki, onlar da ya məktəb, ya da məscid olurdu. Bu dəfə Qaradağ mahalında zəlzələ oldu. İndi də elan edirlər ki, minlərlə ev tikilib zərərçəkənlərə verilib. Məlum olur ki, 11 min evin yerində heç bir davamlılığı olmayan evlər tikilib. 80-ci illərdə İranda güllələmə dəb olmuşdu. Valilər yarışa çıxmışdılar ki, kim daha çox adam güllələyər. Əhvazda Mədəni adlı birisi vardı, bir gündə 200 nəfərin güllələtdiyini deyirdilər. Onlardan çoxu sonradan hətta prezidentliyə namizəd oldular. Alınlarına baxanda möhür izi görünürdü. Xomeyni əvvəl hakimiyyət gələndə deyirdilər ki, ağa mebeldə oturmur, bir tikə plovla dolanır, başqa heç nə yemir. Amma millətləri qırırdı.

- Bu yaxında təhsil naziri Danuşçunun kitabxana müdiri ilə olan videosu yayıldı və belə məlum olduğu ki, İranda dinin təməli də sarsılıb.

- Onlar dini də istismar ediblər. Əhmədinejatın seçki kampaniyasında fəal iştirakına görə təhsil naziri qoyulan şəxsin əməlləri aydın oldu. Bu adam heç özünü idarə edə bilmir. Kitabı al, dilini kəs, torpaqlarına təcavüz et, qoy bir-birləri ilə əlləşsinlər. Yaxşı xatırlayıram, bir zamanlar İranda Öməri öldürmə günləri vardı. Həzrəti Ömərə, Həzrəti Aişəyə qarşı söyləmədikləri iftiralar qalmamışdı. Beləliklə də islam aləmini də dini zəmində bölməyə çalışırdılar.

- Amma bu günlərdə Misirə səfəri zamanı Əhmədinejat uzun illərdir ki, əks təbliğat apardıqları ölkəyə "böyük kredit" vəd edib.

- Bəli, bir zamanlar əks cəbhədə dayandığı ölkələrlə indi iş birliyinin təməlini qoyur. Çünki buna məcburdur. Azərbaycan bölünmüş millətdir, bölünmüş torpaqdır. Əgər Amerikanın istiqlal tarixi yalandırsa, o zaman Gülüstan və Türkmənçay müqavilələri də, tarix də yalandır. Müqavilədə dəfələrlə Azərbaycan adı vurğulanır, bu torpağın bölünməsi müqavilədə əksini tapıb. Millət deyəndə ki, mən türkəm, bu torpaq da parçalanıb. İndi bütün dünyanın inkişaf etdiyi, əlaqələrin genişləndiyi bir zamanda Araz çayının üstündən keçmək böyük problem olub.

- Amma İran sadələşdirilmiş rejimin ləğvi ilə bağlı Azərbaycanı ittiham edir...

- Azərbaycan dövlətinin də bu məsələdə haqlı olduğu tərəflər var. Sadələşdirilmiş keçid tətbiq edilir, İran da narkotik alverçisini, qatili, casusu diplomat adı ilə ölkəyə doldurur. Azərbaycanı narkotik maddələrin tranzitində istifadə edir. Burda dəfələrlə İran pasportu ilə erməni casusu tutulub. Qonşuluq prinsiplərinə riayət etmir. Özü narkotik göndərir, Azərbaycandan bir kitab aparılanda onu tez saxlayır. Xüsusilə Güney Azərbaycana "şüşə" adlandırılan elə dərmanlar gətiriblər ki, insanı məhv edir. Latın Amerikasından nə gətirirlər - texnika, yoxsa narkotik? O gəncin ki, mədəni mərkəzi, işi, sabaha ümidi yoxdur, onu qaranlıq dünyaya çəkir. Arazın o tayında yaxın kəndlərdə tiryəkin nə olduğunu bilməzdilər, indi aylıq istifadələri kilolara çatıb. Bütün Azərbaycanı zəhərləyiblər. Neçə faiz gənci işsizdir, ancaq bunun hesabını kimdən soruşacaqlar. Ölkədə səhiyyə pis vəziyyətə düşüb, sanksiyalar öz təsiri göstərir. Gipsi, qumu dərman adı ilə xalqa satırlar. Avropadan dərman idxalı dayandırılıb. Bunun hesabını soruşan səhiyyə naziri xanım Dəstcerdi də rejimin öz içindən olmasına baxmayaraq vəzifədən kənarlaşdırıldı. İndi Güneydə 4 nəfərlik ailənin xərci ayda 1200 dolar təşkil edir. Ancaq bu pulu qazanmaq olurmu? Bir ildə pulu 50 faiz dəyər itirən başqa ölkə varmı? Özləri etiraf edir ki, milyonlarla qadın özünü satışa qoyub. Qadınlar təcavüzə maraq qalır, məhv edilir. Ancaq çox az qismi bu barədə danışa bilir ki, bu da xarici ölkələrə getdikdən sonra mümkün olur. Mən bu rejimin zindana saldığı ilklərdən biriyəm. Gözümlə görmüşəm qadınlara qarşı törədilənləri. Xanımlar tanıyıram ki, həbsxanada olub, onunla söhbətdə özü etiraf edib ki, həbsxanada onun da başına bütün bu oyunları gətiriblər.

- İranda Azərbaycanın parçalanması ilə bağlı yazılanlara, səslənən fikirlərə reaksiyalar artıb. Əgər əvvəllər susmağa üstünlük verirdilərsə, indi müxtəlif səviyyələrdə bəyanatlar səsləndirilir. Sizcə bu dözümsüzlüyə səbəb nədir?

- Bu yaxınlarda prezidentliyə yeni namizəd çıxıb Azərbaycanı, Tacikistanı İrana birləşdirmək vədi verir. Bu İranın siyasətidir. Hətta bu məsələdə iqtidar-müxalifət ayrımı da yoxdur. Hələ də yuxularında böyük İran görürlər. Azərbaycanın dövlətini varlığı Güneyə də dayaqdır. Azərbaycan inkişaf edir. Gənclik dirçəlir. Demirəm ki, korrupsiya, rüşvət yoxdur. Amma mən Güney türkünə bir dövlət lazımdır. Dövlətin varlığı özü millətə ruh verir. Bir məmur özbaşınalıq edirsə, bu o demək deyil ki, biz dövlətimizdən imtina etməliyik. Bəziləri deyir ki, Tehran demokratikləşsə, problemlər həll olunar. Tehran necə demokratikləşə bilər ki, millətlərin hüquqlarını tanımır? İranda heç prezidentliyə namizədlər çıxıb türk olduqlarını açıq şəkildə bəyan edə bilmirlər.

- Yəqin ki, Mirhüseyn Musəvini nəzərdə tutursunuz?

- O, daxildə ən böyük müxalif qüvvə hesab olunurdu. Amma seçki zamanı çıxıb şəstlə "mən türkəm, ey türklər, mənə səs verin" deyə bilmədi. Bu çıxışı etsəydi, təkcə o sözlərinə görə 10 milyon səs qazanacaqdı. Çünki manqurtlaşıblar, öz klanları var. Güneydə gənclik ayağa durub. Xalq öz istiqlalını edir. Biz 90 ildə ögeyliyin nəticəsini görmüşük. İran adlanan ölkə Azərbaycan Cümhuriyyətindən Amerikadan, İsraildən daha çox qorxur. Bir zamanlar Azərbaycan Cümhuriyyətində insanların yaşayışını, iqtisadi vəziyyəti
ələ salırdılar. İndi 1 manat İran adlanan yerdə 5 min tümənə dəyişdiriləndə gözlərindən od çıxır. Bu hələ başlanğıcdır.

- Əjdər bəy, hazırda Güney Azərbaycanın daxilində hərəkata rəhbərlik edəcək lider var?

- Söhbət tək liderdən getmir. İndi artıq lider zamani deyil, millətlər ayaqdadır. Məhz buna görə Tehran rejimi qorxur. Bir tərəfdən tuturlar, bir tərəfdən yeniləri meydana çıxır. Lisanini zindana salır, Mətinpur çıxır, Çöhrəqanlını yola salır bu biri tərəfdən Əzim-Qədimi çıxır. Özü molladır, elə bil Səttərxanın özüdür. Bir tərəfdən Əfsanə xanımı zindana salır, o biri tərəfdən elə xanımlar, gənc qızlar meydana çıxır ki, dünyanı təəccübləndirir. Millət bu qədər işgəncələrə baxmayaraq rejimlə baş-başa dayanıb. Mətinpura dedilər ki, tövbə yaz, yazmadı. Elə adamlar tanıyıram ki, məsələn Fəzli, dəfələrlə tutulub. Evdə uşaq atasını soruşanda xanımı deyir ki, işə gedib. Bunların sayı minlərlədir. Müxtəlif siniflərin arasında milli hərəkat yayılıb. İnqilab Keşikçiləri Korpusunun üzvü olan şəxs vardı. İndi xaricdə yaşayır, Quma gedərək keçmiş dostları ilə görüşündən yazıb. Orada keçmiş dostları ona bildirib ki, Təbrizdə türkcə danışmayanda heç mağazada da insanı qəbul etmirlər. Türklərin çoxluq təşkil etdiyi Tehran bazarında da heç olmasa mağazaya girib çıxanda "yaşasın" deməlisən ki, sənə diqqət yetirsinlər. Bunun mənası çox dərindir. Türk milləti özünə qayıdıb.

- Bəy, İrana qayıtsanız sizi və sizin kimi özünüz demişkən, xaricdə sürgün həyatı yaşayanları nə gözləyir?

- 2 ay əvvəl Stokholmda soydaşlarımızın iclası vardı, orda 80-ci illərdə həbsxanada olan bir nəfərlə təsadüfən rastlaşdıq. Məlum oldu ki, onunla həbsxanada otaqlarımız yanbayan olub. Dedi yadındadır ki, bizi heç ayaqyoluna buraxmırdılar, öz qab-qacağımızdan istifadə etdirib sonra özümüzə yudurdub yemək verirdilər. Dedim ki, hamısını xatırlayıram. İndi bunları danışsam bəlkə də gülərlər. Rejimin mahiyyəti budur. Xatırlayıram Çində dünya azərbaycanlıların qadınlarını konfransı idi. Azərbaycanın nümayəndə heyəti İrana öz etirazını bildirmişdi. İran səfiri ölkəsində qadınlara qarşı heç bir işgəncənin olmadığını bildirirdi. Halbuki mənim gözümün qarşısında çox şey olub, hamımızı qolubağlı yan-yana saxlayırdılar.
Mən gözümlə gənc qızların təcavüz edildiyini, tək güllə ilə öldürüldüyünü, cəsədləri digər məhbuslara daşıtdırdıqlarını görmüşəm. Nəticəni artıq özünüz çıxarın.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X