Qabil Hüseynli: “Əfqanıstandan çıxarılacaq ABŞ qoşunlarının bir hissəsi Azərbaycandan keçəcək”

Rusiyalı politoloq Qara dəniz və Xəzər regionu Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov deyib ki, ABŞ Dağlıq Qarabağda öz sülhməramlı qoşunlarını yerləşdirmək üçün BMT-dən mandat istəyib.

"Arqumenti i Faktı" qəzetinin mətbuat mərkəzində Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkatının 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edən V.Zaxarov onu da əlavə edib ki, Ağ Evin müraciətinə BMT-dən hələ ki, müsbət cavab verilməyib. Onun sözlərinə görə, ABŞ İrana hücumla bağlı planlarını təxirə salmayıb və bu Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsi bu planın tərkib hissəsidir:

"Əfqanıstandan çıxarılan ABŞ qoşunları Azərbaycana yerləşdiriləcək. İranla müharibə ssenarisi isə Azərbaycan qoşunlarının Dağlıq Qarabağa geniş miqyaslı əməliyyatları ilə başlanacaq. Sonra ABŞ qoşunları sülhməramlı niyyətlə Dağlıq Qarabağa daxil olacaqlar. Beləliklə, Dağlıq Qarabağda Azərbaycanın istəyi ilə ABŞ qoşunları sülhməramlı qüvvə kimi yerləşdiriləcək".

Bununla bağlı AzNews.az-ın sualını cavablandıran siyasi ekspert Qabil Hüseyinli bildirib ki, bu, rusiyalı politoloqun avanturist məqsədi daşıyan və Rusiyanın Azərbaycana qarşı psixoloji təzyiq vasitələrindən biri kimi dəyərləndirilə biləcək məsuliyyətsiz bəyanatdır: "Çünki bu şərhi verən şəxs Dağlıq Qarabağ ermənilərinin Moskvada "Miyatsum hərəkatı"nın 25 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edənlərdən biridir. Həmin adam məzmun və mahiyyət etibarilə bir-birini təkzib edən qarmaqarışıq bəyanat verib".

Q.Hüseyinli qeyd edib ki, ABŞ Əfqanıstandakı qoşunlarının böyük bir hissəsini Pakistan, Avropaya daşıyacaq, müəyyən hissəsi isə Azərbaycan vasitəsilə çıxarılağaq: "Bu həm də hər iki dövlətin strateji əməkdaşlığı üçün bir stimul ola bilər. Həmin qoşunlar isə əvvəlki qulluq etdikləri yerlərə-Polşa, Almaniya, Sloveniya, Ruminya və digər ölkələrə qaytarılacaq. Amma həmin əsgərlərdən tibbi baxımdan ehtiyacı olanlar müəyyən müddətə Azərbaycanda qala bilər. Sonda isə onlar əvvəl dislokasiya olunduqları yerlərə qaytarılacaqlar".

Gültəkin
AzNews.az