Cəriməni ödəməyən fəalın kompüter və telefonu müsadirə olundu

Azad Gənclik Təşkilatının rəhbəri Ülvi Həsənli məhkəmə icraçıları tərəfindən saxlanılıb.

Ü. Həsənlinin APA-ya verdiyi məlumata görə, o Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin Nizami rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ü. Həsənli bildirib ki, bu gün səhər saatlarında adıçəkilən quruma dəvət olunub və sonradan onunla bağlı məcburi icraatın başlanmasına dair qərar verilib: "Bu gün saat 11.30 radələrində Məhkəmə İcraçıları Baş İdarəsinin Nizami rayon şöbəsinə dəvət edilmişəm. Şöbədə mənimlə bağlı məcburi icraatın başlanmasının zəruriliyi bildirildi. Etirazıma baxmayaraq, mənə məxsus olmayan "hp" markalı kompüter və "Blakberry" modelli mobil telefon əlimdən alındı. Mənə başa salmağa çalışdılar ki, məhkəmənin təyin etdiyi cərimənin qarşılığında bu əşyalar qiymətləndiriləcək".
Ü. Həsənli qeyd edib ki, təyin olunan cəriməni ödəmək niyyəti yoxdur və məhkəmənin bununla bağlı qərarını əsassız hesab edir: "Mənə və digərlərinə tətbiq edilən cərimənin ödənilməməsi ilə bağlı kampaniyaya başlamağı nəzərdə tuturuq. Mənə qarşı edilən bu hərəkətin digərlərinə qarşı da həyata keçirilməməsi üçün kampaniyanın başlanmasına ehtiyac var".

O, vəkili İntiqam Əliyevin Məhkəmə İcraçıları Baş İdarəsinin Nizami rayon şöbəsinə gəldiyini və müdafiənin həyata keçirilməsi məqsədilə zəruri işlərə başladığını da söyləyib.

Qeyd edək ki, Ü. Həsənli yanvarın 12-də paytaxtda keçirilən "Əsgər ölümlərinə son" aksiyasında saxlanılıb. Məhkəmə onun hərəkətlərini ictimai asayişin pozulması kimi dəyərləndirərək, 600 manat məbləğində cərimə kəsib.

AzNews.az