Qeyri-rəsmi şəkildə qrant və ianələr alanlar cərimələnəcək

Milli Məclisin iclasında "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihələri müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişiklər barədə millət vəkili Çingiz Qənizadə məlumat verib. O deyib ki, "Qrant haqqında" qanuna edilən dəyişikliyə görə, "Dini etiqad azadlığı haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlarda nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna ianələr və qrantlarla bağlı yeni maddə əlavə olunub. Həmin maddədə qeyd edilir ki, ianə - qeyri-hökumət təşkilatının qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona bu qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır. Qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Qeyri-hökumət təşkilatına ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yola maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilir. Qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətlər "Qrant haqqında" qanun ilə tənzimlənir.

"Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişikliyə gəlincə, bildirilir ki, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. Sənəddə o da qeyd edilir ki, "ianə" dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür.

Bu dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər olunması təklif edilir. Təklifə əsasən, qrant müqaviləsi olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə ediləcək. Bu cərimə "Dini etiqad azadlığı haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlarda nəzərdə tutulan ianələrə və dövlət hakimiyyəti orqanlarının yardımlarına şamil edilmir. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimələnəcək. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinə nağd şəkildə verilməsinə görə fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə ediləcək. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək miqdarda cərimələnəcək. Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatlarına nağd şəkildə verilən və həmin təşkilatlar tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.

Ç. Qənizadə deyib ki, edilən dəyişikliklər çirkli pulların yuyulmasının qarşısını alacaq. Onun sözlərinə görə, qanun layihələrində ilk dəfə olaraq ianə məfhumu açıqlanacaq: "Əks arqumentlər də dinlənilib. Bu qanunların qəbulundan sonra onların da arqumentləri nəzərə alınacaq. Bu qanun layihələri hazırlanarkən İngiltərə, Rusiya və ABŞ-ın təcrübəsi öyrənilib. Bu ölkələrdə çoxdan belə tələblər qoyulub və ölkəyə daxil olan pullar üzərində müəyyən dövlət qurumları nəzarət həyata keçirirlər". Ç. Qənizadə bildirib ki, Mərkəzi Bank dekabr ayında maliyyə-monitorinq xidmətinin daxili qaydalarında dəyişiklər edərək belə vəsaitlərə nəzarət etməyə başlayıb: "Bəzən deyirlər ki, bu pulların üzərində niyə nəzarət həyata keçirilməlidir. Rusiyada Beslan hadisələri zamanı məlum oldu ki, həmin silahlı birləşmələrə xaricdən yardım olub. Burada QHT və dini qurumlara verilən maliyyənin bank əməliyyatları ilə köçürülməsindən söhbət gedir. Hər hansı qadağa qoyulmayıb".

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, dövlət qeydiyyatına alınmamış QHT-lər buna çox ciddi etiraz edirlər: "Ədliyyə Nazirliyi tərəfindən absurd şəkildə QHT-lər qeydə alınmır. Onlara verilən cavablarda yazılır ki, ictimai birliyin adı onun məzmununa uyğun gəlmədiyinə görə qeydiyyata alınmır. Azərbaycan hər 1000 nəfərə düşən QHT-lərin sayına görə Gürcüstandan 3 dəfə, Avropa ölkələrindən isə 8-9 dəfə geridə qalır. Mən bilmirəm ki, Ədliyyə Nazirliyi niyə bunları qeydə almır. Biz QHT-lərin qeydiyyatını sadələşdirməliyik. Bundan sonra narahatçılığa yer qalmayacaq. İndiki halda bu düzəlişləri qəbul etməyimiz əlavə problemlər yaradacaq".

Millət vəkili Fazil Mustafa deyib ki, əslində bu dəyişikliklər paketi dövlətlə işləyən, dövlət qurumlarından dəstək alan QHT-lərin fəaliyyətinə mane olacaq: "Onsuz da hansısa QHT xarici kəşfiyyat orqanı ilə işləyirsə, onlara pul sənədlə verilmir ki?! Cərimələr QHT-lərin aldığı qrantdan 2 dəfə çox olacaq. Bu qədər pulu haradan alacaqlar? QHT-lər 19 hesabat verirlər, əlavə hesabat verməyə nə gərək var? Cərimə və müsadirədən söz gedir. Bu, cərimələrin ödənilməməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunmasına səbəb olacaq. Dövlətlə münaqişə vəziyyətində olmayan QHT-ləri sıradan çıxarmaq hansı məqsədə xidmət edir? Digər tərəfdən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan QHT-lərin sayı 5-3 dənədir. 200 manat ianə məsələsi bütün QHT-lərə tətbiq edilməlidir, qoy onlar da ianə ala bilsinlər. Həm də ianə məqsədli verilir, məqsədlə verilmirsə, bu, rüşvətdir. Bunu qanun layihəsində yazılması absurddur. Kimlərsə hansısa QHT-yə 201 manat ianə versə, həm ianə verən, həm də QHT məsuliyyət daşıyacaq. Burada daha çox cilalanmış variant qəbul olunmalıdır. İanəyə görə məsuliyyət nəzərdə tuta bilmərik".

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, bu təkliflərə normal yanaşanlar da, siyasi xarakterli sayanlar da var. Onun sözlərinə görə, bəzi QHT-lər məqsədyönlü şəkildə bu dəyişiklikləri siyasiləşdirirlər: "Guya dövlət QHT-lərə qarşı total hücuma keçir. Dövlətin siyasətini həyata keçirən Şura 5 ildir ki, QHT-ləri dəstəkləyir. Etiraz edənlərə baxsaq, görərik ki, Şura son 5 ildə bu QHT-lərə də dəstək verib. QHT-lər fəaliyyətlərində şəffaflığı artırmalıdırlar. Nağdsız hesablaşma məhz bank vasitəsi ilə əməliyyatların aparılmasını nəzərdə tutur. Hansısa dini qurum, siyasi qurum nəğd maliyyə vəsaiti alırsa, şəffaflığı şübhə yaradır".

Şura sədri təkliflə də çıxış edib: "Bəlkə də 200 manat ianə yalnız xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan QHT-lərə yox, digər QHT-lərə də şamil edilsin".

A.Quliyev bəzi QHT-lərin qeydiyyatdan keçmək istəmədiklərini də vurğulayıb: "Məsələn, Leyla Yunus Sülh və Demokratiya İnstitutunu qeydiyyatdan keçirmək istəmir, çünki hesabat verməlidir. Onu da nəzərə çatdırım ki, Şura hazırda Maliyyə Nazirliyi ilə illik dövriyyəsi 10 min manatı keçməyən QHT-lərin hesabat verməməsi ilə bağlı müzakirə aparır. Ümumiyyətlə isə fəaliyyətində qaranlıq məqamlar olmayan QHT-lər niyə hesabat verməkdən çəkinsinlər?".

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklərin məqsədinin hesabatlılıq və şəffaflıqla bağlı olduğunu vurğulayıb: "Qüdrət Həsənquliyev və Fazil Mustafanın səsləndirdiyi fikir ağlabatandır. Bu, QHT-lərin qeydiyyatın asanlaşması ilə bağlıdır. Məsələ burasındadır ki, indi narazılıq kimi söylənilən qeydiyyatsızlıq məsələsindən elə həmin QHT-lər özləri faydalanırlar. Tutaq ki, Ədliyyə Nazirliyi eyni adla iki QHT-nin olmaması üçün başqa variantı seçməyi təklif edir. Bu qanun layihəsi ancaq şəffaflıqla bağlıdır. Bu qanun qeydiyyatla bağlı deyil, qeydiyyatı da asanlaşdıracaq. Qanun qəbul edilərsə, təhlükəsizlik orqanlarının da müdaxiləsinə ehtiyac qalmır. Mən o məntiqlə razılaşmıram ki, cərimə çoxdur, QHT-nin bu qədər cəriməni ödəməyə imkan yoxdur. Deməli, hansısa QHT xətanın hansı cərimə ilə nəticələnəcəyini görür, ancaq bunu bilə-bilə bu xətaya yol verir".

MM sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, dəyişiklərdə əsas məqsəd ölkəyə daxil olan pulun təyinatı üzrə istifadə edilməsidir: "Burada başqa məqam axtarmaq yersizdir".

Müzakirələrdən sonra hər dörd sənəd qəbul edilib.

AzNews.az