23:28
(077) 610-22-33

“Erməni hərbçilər öz ordularında çatışmazlığın olduğunu etiraf edirlər” - Mübariz Əhmədoğlu

  • >
2 606 15 Avqust 2017 12:18 | Siyasət

RF siyasi elitasının daxilində Dağlıq Qarabağ tənzimlənməsinə münasibətdə parçalanmanın əlamətləri görünür.

1.Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ tənzimlənməsində ATƏT MQ-nin funksiyasını monopoliyaya alıb və bu resursunu ermənilərin xeyrinə xərcləyir.

4 element RF XİN-in Dağlıq Qarabağ mövzusunda mövqeyinin anti-Azərbaycan, ermənipərəst olduğunu nümayiş etdirir:

ı. RF XİN-in fikrincə, Dağlıq Qarabağda yaşayanlar (yəni, ermənilər) kompromislərdən əziyyət çəkməməlidir. RF XİN Dağlıq Qarabağdan azərbaycanlılarının deportasiyasını “unudur”.

ıı. ATƏT MQ adından RF XİN Dağlıq Qarabağ erməniləri hərbi tərəf kimi göstərməklə sonradan danışıqlar prosesinin tam subyektinə çevrilmək niyyətindədir.

ııı. RF XİN bəyanatında Azərbaycanı ölkəsinə daxil olan Rusiya vətəndaşları arasında ayrı-seçkilik aparmaqda, milliyyətcə erməniləri öz ərazisinə buraxmamaqda ittiham etdi.

ıv. RF Xİ nazirliyi Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyəcəyi barədə qəflətən rəsmi açıqlama yaydı.

Maraqlıdır ki, ermənilər son dövrlərdə RF XİN-nin antiAzərbaycan mövqeyini fərqli izah edirlər; Guya, Azərbaycan Rusiya ilə imzaladığı silah müqavilələrinin pulunu ödəyə bilmir. Ona görə RF XİN belə bəyanatlarla Azərbaycanı hədələyir ki, pulunu ödə.

RF-də hakimiyyətin digər qanadları (bu Kreml və ya RF Müdafiə Nazirliyi ola bilər) isə fərqli siyasət aparır:

ı. Ermənistan rəhbərliyi, o cümlədən Dağlıq Qarabağda hakimiyyəti zəbt edənlər Rusiyanın Azərbaycana silah satmasını Ermənistan üçün zərərli olmadığını bildirdilər: Rusiyanın Azərbaycana silah verməsi erməniliyə qarşı yönəlməyib. Bu sadəcə Rusiya tərəfinin biznesidir. Yalnız Rusiyanın Azərbaycana satdığı silah erməni hərbçisini öldürdüyü sübut olunduğu təqdirdə ermənilər yüngülcəvari Rusiyanın əleyhinə qımıldana bilərlər. Ola bilər, bu Kremlin göstərişidir.

ıı. Rusiyanın Ermənistana satdığı silahın Ermənistanda istifadəsi barədə rəsmi Yerevanın Rusiyaya hesabat verməsi barədə hələ 25 iyun 2013 cü ildə imzalanmış müqavilənin olduğu barədə məlumat dövriyyəyə buraxdı.

Siyasi analitiklərin fikrincə, “Rusiya Ermənistanın hərbi azadlığını məhdudlaşdırır. Həm Azərbaycana, həm də Ermənistana silah satan Rusiya Azərbaycanla imzaladığı müqavilələrdə heç bir məhdudlaşdırıcı şərt qoymur. Amma Ermənistanla imzalanmış müqavilələrdə məhdudlaşdırıcı şərtlər var”.

ııı. Rusiyada güclü erməni lobbisinin olmadığı barədə şərhlər yayıldı. Belə şərhləri erməni lobbisi və ya Rusiyadakı ermənipərəst qüvvələr və ya rəsmi Yerevan özü də təşkil edə bilər.

Rusiya Azərbaycanın ictimai rəyini nəzərə alır.

Rusiya hakimiyyətinin daxilində Dağlıq Qarabağ tənzimlənməsinə münasibətdə ziddiyyətin və ya haçalanmanın yaranması indiki halda tənzimlənmənin xeyrinədir. Vəziyyəti RF XİN-nin Rusiya adından tənzimlənmədə iştirakdan uzaqlaşdırmasına yönəltməliyik. Bu çox mümkündür. V.Putinin tələbi ilə ABŞ Kurt Volkeri Ukrayna məsələsi üzrə xüsusi nümayəndə təyin etdi. Nuland-Surkov formatı təxminən təkrarlanır. Buna bənzər format Dağlıq Qarabağ tənzimlənməsində də özünü doğrulda bilər.

2. Qarabağ klanın başçısı S.Sərkisyan 2018-ci ildə həm Ermənistanda həm də qondarma Dağlıq Qarabağda “prezident” seçkisinə imkan verə bilməzdi.

Qondarma Dağlıq Qarabağda qəflətən “prezident” seçkiləri keçirildi. Son konstitusiya islahatlarında aralıq prezident seçkisi nəzərdə tutulmamışdı. 2018-ci ildə növbəti prezident seçkisi keçirilməli idi. Amma 2018-ci ilin aprelində Qarabağ klanın başçısı, Ermənistanın prezidenti S.Sərkisyan prezident vəzifəsini təhvil verir. S.Sərkisyan 2018-ci ildə həm də Dağlıq Qarabağda prezident seçkisinə imkan verə bilməzdi. Ona görə məhz indi B.Saakyanı yenidən prezident seçdirdi.

S.Sərkisyan özü də bilmədən Qarabağ klanının içərisində əskəranlıların (DQMV-nın Əskəran rayonundan çıxanlar) mövqeyinin güclənməsinə şərait yaradıb. Özünün Moskvadan dəvət edib Ermənistana baş nazir gətirdiyi Karen Karapetyan əskəranlıdır. Separatçı Dağlıq Qarabağın “baş naziri” A.Arutyunyan K.Karapetyanın qohumu, uşaqlıq dostu və əskəranlıdır.

General Vitali Balasanyan iki il bundan əvvələdək Dağlıq Qarabağda ən kəskin müxalifətçi idi. Prezident seçkilərində iştirakına görə ciddi cəzalandırıldı, bir müddət həbs olundu sonra ona sui-qəsd təşkil olundu. V.Balasanyan məşhur ifadənin müəllifidir: Qarabağ ermənilərinə rəhbərlik edənlər pis olduğuna görə 1923-cü ildə Qarabağ erməniləri referendumda səs verərək Azərbaycanın tərkibinə keçdilər.

General V.Balasanyanın bərpa aktivliyi “Sasna srer” hadisələri dövrünə düşdü. “Sasna srer”çilər V.Balasanyanı doğma qəbul etdiyi üçün S.Sərkisyanla öz adlarından danışmağa icazə verdilər. Nəticədə “Sasna srer”çilər həbsxanaya düşdülər. General V.Balasanyan isə Dağlıq Qarabağda “Təhlükəsizlik Şurasının” katibi vəzifəsinə təyin olundu. 2018-ci ildə bir əskəranlı (V.Balasanyan) Dağlıq Qarabağa digər əskəranlı (baş nazir K.Karapetyan) Ermənistana rəhbərlik edə bilər. Ona görə növbədən kənar seçkilər vasitəsilə Dağlıq Qarabağdakı seçkiləri 2018-ci ildən 2020-ci ilə keçirdi.

Dağlıq Qarabağdakı seçki şousu əməlli-başlı sirk oldu. Heç bir beynəlxalq təşkilat hətta ermənipərəst təşkilatlar da müsbət münasibət bildirmədilər. Ermənilərin demokratiyaya münasibəti ifşa olundu. Demokratiyaya münasibətdə ermənilərin də avropalı olmadığı üzə çıxdı.

3. Erməni hərbçiləri aprel döyüşlərinədək də indiki kimi xoruzlanırdılar.

Ermənistanın Maliyyə naziri Vardan Aramyan 2018-2020-ci illərdə müdafiə xərclərinin ÜDM-in 3.71%-indən artaraq 4%-i aşacağını bildirdi. Hökumətini 2018-2020 ci il proqramında təhsilə ayrılan vəsait 2.18% dən 1.85% -ə dək azaldılır.

Fövqəladə Hallar Nazirlyi 2 qoruq meşədə başlanmış kiçik miqyaslı yanğını söndürə bilmir. Görünür, çoxsaylı təlimləri təyinatı üzrə deyilmiş.

Dağlıq Qarabağda iyul ayı ərzində müxtəlif adlarda 6 hərbi təlim, 1 hərbi müşavirə və Ermənistan Müdafiə Nazirinin iştirakı ilə bir hərbi toplantı keçirilib. Alxanlı hərbi-siyasi aksiyası da bu dövr ərzində baş verdi. Cəmi bir dəfə diplomatik görüş (Xİ nazirlərinin Brüssel) baş tutdu. Ermənistan Xİ nazirlərinin görüşünün baş tutmaması üçün əlindən gələn hər şeyi etdi. Vasitəçilərin qətiyyəti görüşün baş tutmasının əsas səbəbi idi. Prezident S.Sərkisyanın Tavuş rayonunda hərbi hissələrə baş çəkməsini prezidentin və digər erməni rəsmilərinin Azərbaycanın müdafiə naziri Z.Həsənova cavab olaraq “İsgəndər” OTRK-nı aktuallaşdırmaları və Ermənistan fövqəladə hallar nazirliyinin ay ərzində keçirdiyi çoxsaylı tədbirləri də nəzərə alsaq Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın diplomatik yoldan imtina edib hərbi yola üz tutduğunun sübutunu əldə etmiş olarıq.

Ermənistanın ümumi inkişaf istiqaməti bəllidir.

Yüksəkçinli erməni hərbçilərinin belə davranışını müşahidə edərkən və bəyanatlarını oxuyarkən bir aspekt xüsusi diqqəti çəkir. İndiki zamanda heç bir problemin olmadığını, Azərbaycan hücum edəcəyi təqdirdə daha böyük itki ilə üzləşəcəyini bildirən bu hərbçilər aprel döyüşlərinədək öz ordularında çatışmazlığın olduğunu etiraf edirlər. Diqqət çəkən məqam orasındadır ki, bu rəhbərlər aprel döyüşlərinədək eyni ilə bu qaydada xoruzlanırdılar.

Mübariz Əhmədoğlu

AzNews.az

Bağla X