09:35
(077) 610-22-33

“Azərbaycan ağlını özünü yanğına atacaq qədər itirməyib” - MÜSAHİBƏ

  • >
559 16 Fevral 2013 10:59 | Siyasət

Qabil Hüseyinli: “Rusiya Cənubi Qafqaza bağlı müxtəlif məkrli planlar qurur”


Siyasi şərhçi Qabil Hüseyinli Əfqanıstandan çıxarılacaq və Azərbaycandan keçirilməsi planlaşdırılan ABŞ hərbçiləri barədə səsləndirilən fikirlərlə bağlı AzNews.az-ın suallarına aydınlıq gətirib

- Qabil müəllim, Əfqanıstanda stabillik tam təmin olunmadan ABŞ həmin ölkədən hərbçilərini niyə çıxarır?
- Artıq ABŞ xaricdə həm çoxlu hərbi bazalar, həm də qoşun saxlamaq niyyətində deyil, çünki daxildə ciddi problemlər var. Bu günlərdə Barak Obama Amerikanın xarici siyasət prioritetlərini açıqladı. Həmin prioritetlərdə əsas diqqətin daxildəki inkişafa yönəldilməsinin nəzərdə tutulduğu bəlli olur. Əgər Barak Obamanın həmin çıxışını nəzərə alsaq, onda görərik ki, Əfqanıstandan qoşunların çıxarılması sırf Amerikanın müdafiə xərclərinin azaldılması maraqlarına yönəlib. Həmçinin də Ağ Ev xaricdə hər hansı hərbi əməliyyatlar keçirməklə Amerika vergi ödəyicilərinin cibinə girmək fikrində deyil. Ən azı Barak Obamanın bu dəfəki prezidentlik dönəmində.

- Rusiyalı siyasi ekspertlər Əfqanıstandan çıxarılacaq və Azərbaycanda yerləşdirilməsi gözlənilən ABŞ qüvvələrindən İrana qarşı istifadə olunacağını proqnozlaşdırırlar…
- Qarışqanı üfürüb filə çevirməyi bacaran rus politoloqları Rusiyanın özünün bu bölgədəki hərbi hazırlıqlarına və Azərbaycanın ətrafında topladığı çoxsaylı silah, əsgəri qüvvələrə bəraət qazandırmaq üçün həqiqətə uyğun gəlməyən, başı ilə ayağı uzlaşmayan müxtəlif uydurma bəyanatlar yayırlar. Rəsmi Bakı prezidentin, XİN rəhbərinin dili ilə dəfələrlə bəyan edib ki, biz öz ərazimizdən plasdarm kimi istifadəyə imkan verməyəcək. Ona görə ki, Azərbaycan öz ərazilərini hərbi hücumlar üçün açıb özünün İran tərəfindən endiriləcək zərbələrə məruz qalacaq qədər ağlını itirməyib.

- Bəs həmin qüvvələrin Dağlıq Qarabağda sülhməramlı missiyanı icra etmələri ehtimalı nə dərəcədə realdır?
- Həmin qüvvələrin "sülhməramlı qüvvələr" adı altında orada yerləşdirilməsi barədə söhbət belə gedə bilməz. Çünki, Dağlıq Qarabağa dair danışıqlar prosesi dalana dirənibsə, bu müzakirələrdə hər hansı bir irəliləyiş yoxdursa, onda ABŞ-ın Əfqanıstandan qayıdan və yorulub əldən düşmüş, daha müharibəni istəməyən qüvvələri hansı mandatla sülhməramlı qüvvələr adlandırıla bilər? Yaxud da onlar hansı beynəlxalq qurumun mandatı ilə bu bölgədə sülhməramlı qüvvələr kimi yerləşdiriləcək? Bu çox gülüncdür və beynəlxalq hüquq normalarına zidd olan absurd mülahizədir. Bu mənada həmin mülahizələr hətta ən kiçik tənqidə belə davam gətirmir.

- Bəs, bu cür mülahizələrin ortaya atılmasında məqsəd nədir?
- Ruslar özləri bəd niyyətlərlə yaşadıqlarından, Cənubi Qafqaza bağlı müxtəlif məkirli planlar qurduqlarından ortamı qarışdırmaq istəyir. Eyni zamanda planlarını ictimai rəyə sırımaq üçün bir çox politoloqları, televiziya şərhçilərini, qəzet yazarlarını ortaya atırlar. Bəlli bir hadisəni müxtəlif interpretasiyalarda təqdim etməklə nəyəsə nail olmaq istəyirlər.

Gültəkin
AzNews.az

Bağla X