“Azərbaycanın mənafeləri Türkiyə tərəfindən hər zaman qorunduğu kimi bundan sonrakı dövrdə də qorunacaq” “Azərbaycanın mənafeləri Türkiyə tərəfindən hər zaman qorunduğu kimi bundan sonrakı dövrdə də qorunacaq”

“Avrasiya İqtisadi Birliyinə üzv olsa belə, Türkiyə Ermənistanla sərhədlərini açmayacaq” – Zahid Oruc

“Azərbaycanın mənafeləri Türkiyə tərəfindən hər zaman qorunduğu kimi bundan sonrakı dövrdə də qorunacaq”

AzNews.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair səslənən iddialara münasibətində bildirib.

“Bu həqiqətdir ki, Avrasiya məkanında həm Türkiyə, həm də Rusiya tarix boyu hegemonluq edib. Digər tərəfdən, bəllidir ki, Türkiyə və Rusiya əməkdaşlıq formatında fəaliyyət aparsalar da, hər iki ölkə Avropa Birliyi, Qərblə yaxın alyansa, tərəfdaşlığa cəhd edir. Xüsusilə də, Türkiyə NATO-nun üzvüdür. Onun hərbi çətiri altındadır. Türkiyə öz strateji seçimini çoxdan edib və onun Avrasiya məkanında tamhüquqlu üzvə çevrilməsi real deyil. İkincisi, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ssenarisi 2009-cu ildə işə salındı. Bu plan xanım Klintonun adı ilə bağlıdır. O, ABŞ-ın dövlət katibi olduğu dövrdə şahidi olduq ki, Amerika Rusiyanı regionda sıxışdırmaq üçün müxtəlif planlara əl atırdı. Və bu planlar çərçivəsində Qafqaz regionu Türkiyə tərəfindən bir qədər fəth olunmalı idi. Lakin, bu da aralıq mərhələ kimi seçilmişdi. Nəticə etibarilə, sonradan ABŞ Türkiyəni Cənubi Qafqazda neytrallaşdırmalı idi. Azərbaycan və Ermənistan Amerikanın tam nüfuzu altına keçməli idi. Həmin sərhəd əməliyyatı, belə demək mümkündürsə, buna hesablanmışdı. 1992-ci ildə Kəlbəcərin işğalından sonra Türkiyənin Ermənistanla sərhədini bağlaması burada arxa plana keçirilirdi. İsveçrədə protokolların imzalanması ilə Azərbaycanı sonrakı dövrdə vadar etməyə çalışırdılar ki, Amerikanın həmin prosesi işləsin. Lakin, o dövrdə bu qlobal layihəyə, siyasətə Azərbaycanın dövlət başçısı İlham Əliyevin iradəsi ilə etiraz etmək mümkün oldu və sonrakı dövrdə müqavimət cəbhəsi güclü şəkildə təşkil olundu. Türkiyə fərqində oldu ki, Azərbaycanı itirməklə nə Ermənistanı, nə də bölgəni qazana bilməyəcək. Çünki, Türkiyə üçün ölkəmizi nə mədəni, nə mənəvi, nə siyasi, nə də ki, iqtisadi cəhətdən əvəz etmək mümkün deyil. Məsələnin başqa bir önəmli tərəfi ondan ibarətdir ki, Azərbaycan dövlətinin başçısı o dövrlərdə sübuta yetirdi ki, onun üçün ölkəmizin mənafeləri birinci yerdə dayanır. Həmin dövrdə ABŞ-ın iradəsi qarşısına çıxmaq o qədər asan deyildi, müxtəlif rəngli inqilablar, xalq etirazları, dırnaqarası demokratiyanın ixracı və sairə müşahidə olunurdu. Azərbaycan hakimiyyəti əleyhinə beynəlxalq məkanda həyata keçirilən həmin o ləkələr, kompramat mübarizəsi də bildiyimiz məsələ ilə bağlı idi. Amma, Azərbaycan dövləti, onun rəhbəri iradəsindən geri çəkilmədi və, nəhayət, Türkiyə hakimiyyəti Azərbaycanın bu mövqeyi ilə hesablaşdı. Həmin protokollar Türkiyə Böyük Millət Məcləsindən keçmədi. Sonda bu protokolları arxivə atdılar. Sərhədlərin açılması fonunda Türkiyənin yüngül sənayesindən tutumuş digər iqtisadi mühüm sahələrinin Ermənistan şəhərlərinə yeriyərək orada özünə mövqe qazanması qeyri-real idi. Çünki, Rusiya Ermənistanı tərk etməyib. Onun əsas strukturları Moskva tərəfindən idarə olunur. Ona görə də qeyd olunan siyasətin praktiki tərəfi o qədər də uğurlu olmayacaqdı. Məsələnin başqa önəmli tərəfi ondan ibarət idi ki, Ermənistanın burada işlətdiyi hiylə, nəticə etibarilə, güya Rusiya əleyhinə Amerika planına dəstək verməsi deyil. Xatırlayırsızsa, Lavrov özü də xanım Klintonla həmin sənədlərin imzalanmasında iştirak edirdi və, hətta, orada bəlli oldu ki, Ermənistan Xarici Işlər Nazirinə get sənədi imzala əmrini də o verib. Belə olan təqdirdə Rusiya bunu görmürdümü ki, söhbət Amerika layihəsindən və bölgənin Rusiyanın təsir dairəsindən çıxarılmasından gedir?! Əlbəttə, onlar bunu görürdülər.

Əlbəttə, sərhəd bağlanması məsələnin təkcə iqtisadi tərəfini həll etmir. Yəni, onsuz da Azərbaycan olmadan, Kəlbəcərin işğalı baş vermədən belə, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarını saxlamaqda davam edir. Lakin, ən önəmli məsələ bunun mənəvi və siyasi tərəfidir. Əgər Türkiyə Ermənistanla rahat şəkildə iqtisadi əlaqələrini quracaqsa, bu o deməkdir ki, Ermənistanın güclənməsində iştirak edəcək, onun izolyasiyadan çıxmasına təsir göstərəcək və həmin ölkə də tankını, topunu türklərdən qazanılmış pul hesabına bir az da artıracaq və torpaqlarımızda möhkəmlənməkdə davam edəcəklər. Avrasiya İqtisadi Birliyində iştirak halında belə, Türkiyə öz üzərinə belə bir öhdəlik götürməyəcək. Azərbaycanın mənafeləri Türkiyə tərəfindən hər zaman qorunduğu kimi bundan sonrakı dövrdə də qorunacaq.

Bütün qeyd etdiyimiz parametrlər həm Ankaranın, həm də Bakının mənafelərinə uyğundur. İşğalçı qarşısında açılım görəndə elə düşünür ki, onu təcavüzkar olaraq stimullaşdırırlar. Türkiyə isə belə addım atmaz. Bu heç zaman mümkün deyil”

Bəxtiyar Abbasov

AzNews.az