07:16
(077) 610-22-33

Fərhad Bədəlbəyli: “Əks tərəfdən səs çıxmır”

  • >
783 18 Fevral 2013 11:09 | Siyasət

“Dağlıq Qarabağın erməni icması konstruktiv mövqe nümayiş etdirmir”





"Dağlıq Qarabağın erməni icması konstruktiv mövqe nümayiş etdirmir. Biz onları görüşə, müzakirəyə dəvət edirik, lakin əks tərəfdən bir səs çıxmır".
Bunu APA-ya açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.


F. Bədəlbəyli bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin azərbaycanlı icmasının nümayəndələri ilə görüşdən imtina etmələrinin səbəblərini bilmir: "Onlar ya bunu istəmirlər, ya da görüşmələrinə icazə vermirlər".

F. Bədəlbəyli Dağlıq Qarabağdan olan azərbaycanlı ziyalıların Ermənistan ziyalıları ilə görüşməsini o qədər də əhəmiyyətli saymadığını deyib: "İrəvandan olan erməni ziyalılarla görüşün mənası nədir? Onlarla görüşüb, nəyi müzakirə edəcəyik? Onlar İrəvanda yaşayıb, işləyirlər, Dağlıq Qarabağın sadə ermənilərinin mövqeyini bilmirlər. Biz Dağlıq Qarabağda, Xankəndində yaşayan, oradakı mühitə, sadə erməni əhalisinin istəklərinə bələd olan erməni ziyalıları - savadlı, dünyaya açıq gözlə baxan insanlarla görüşmək istəyirik. Biz onlarla təmasda olmalıyıq. Ermənistan ziyalıları ilə bizim nə işimiz var? İrəvandan olan erməni ziyalılarla görüşlərin davam etdirilməsinə lüzum yoxdur. Onlarla iki dəfə görüşdük və gördük ki, müzakirələr heç bir nəticə vermir".

F. Bədəlbəyli münaqişənin həllində xalq diplomatiyasının hələ ki, bir nəticə vermədiyini də diqqətə çatdırıb: "Bu istiqamətdə aparılan prosesdə iştirak etmişəm. Xankəndində, Şuşada, İrəvanda da olmuşam, ermənilərin rəhbər şəxsləri, ziyalıları ilə də görüşmüşəm. Amma nəticə yoxdur. Hətta irəliyə doğru pozitiv bir addımı görə və ya hiss edə bilməmişəm. Çünki ermənilər millət yox, təşkilatdırlar. Onlarda bütün millət bir təşkilat kimi fəaliyyət göstərir və hansı partiyanın nümayəndəsi olmalarından asılı olmayaraq, milli məsələlərdə bir yerdə ola bilirlər".


AzNews.az

Bağla X