02:33
(077) 610-22-33

“Bilirik ki, danışıqların nəticəsi yoxdur, amma ...”

  • >
546 18 Fevral 2013 13:32 | Siyasət

Mübariz Qurbanlı: “Bu geopolitik mübarizə üçün toxmaqdır, lazım olanda sənə, lazım gələndə də ona vurulur”




"Xocalı aeroportu məsələsi böyük fitnəkarlığın tərkib hissəsidir. İqtisadi cəhətdən də rentabelli olmayan bu məsələdə əsas məqsəd Azərbaycanı fitnəkarlığa cəlb etməkdir. Ola bilsin ki, kimlərsə müharibənin yenidən başlanması məsələsini Azərbaycanın üzərinə atmaq və hansısa addımımızdan sonra bəhanə əldə etmək istəyir".

Bunu AzNews.az-a hakim partiyanın icra katibi, deputat Mübariz Qurbanlı Ermənistanın siyasi rəhbərliyinin və rusiyalı ekspertlərin verdikləri bəyanatları şərh edərkən deyib. Onun sözlərinə, Ermənistan ruh düşkünlüyü yaşayır: "İqtisadi cəhətdən Azərbaycanla Ermənistan müqayisə oluna bilməz. Azərbaycanda böyük beynəlxalq tədbirlər keçirilir və bunu dünya televiziyaları yayımlayır. Ramil Səfərov məsələsi prinsipial, mənəvi mahiyyət daşımaqla yanaşı, həm də siyasi məsələ idi. Biz erməni lobbisinə tərs sillə vurduq, erməni lobbisini əzdik. Ermənistan rəhbərliyi düşünürdülər ki, biz bunu bacarmayacağıq. Bütün bunları görən ermənilərdə hazırda özünə inamı qaytarmaq cəhdləri edilir. Ara-sıra Xocalı aeroportu məsələsini gündəmə gətirməklə "biz Azərbayandan qorxmuruq" mesajı verilir. İnanın ki, Ermənistanda erməni əhalisində Azərbaycandan çox böyük qorxu var. Bunlar da o qurxu sindromunu sındırmaq istəyirlər".

Azərbaycanın güclü təzyiqlərinin olduğunu və bunun nəticə verəcəyinə əminlik ifadə edən M.Qurbanlı qeyd edib ki, hələlik Ermənistanın Azərbaycan hava məkanına daxil olmasına heç bir ölkə razılıq vermir:

"Buna birbaşa "hə" deyənlər də sonradan öz fikirlərini dəyişiblər. Əsasən də Beynəlxalq Aviasiya Agentliyi dəhliz verməlidir ki, o da bunu vermir və Azərbaycanın razılığı olmadan bunun reallaşması mümkün deyil".

"Azərbaycan əleyhinə bəyanatlar səsələndirənlərlə problemin həll yollarını müzakirə etmək paradoks deyilmi" sualına gəlincə isə YAP funksioneri bildirib ki, Ermənistana Azərbaycanın danışıqlar masasında qalması lazımdır. Çünki, bu onun üçün böyük bir avantaj olar:

"Biz bilirik bu danışıqların nəticəsi yoxdur, amma biz sona qədər danışıqlar masasında oturacağıq. Biz erməni hiyləsinə uymamalı, erməni toruna düşməməliyik. Bu günkü siyasətimizin əsas prioritetləri Ermənistanı iqtisadi gücdən salma, diplomatik zərbələr, hərbi üstünlük və danışıqlarda hərbi üstünlükdən istifadə etməkdir. Qarabağ məsələsi həm Ermənistan, həm də Azərbaycana təzyiq üçündür, bunu hamı bilir. Bu geopolitik mübarizə üçün toxmaqdır, lazım olanda sənə, lazım gələndə də ona vurulur".

Gültəkin
AzNews.az



Bağla X