Sərdar Cəlaloğlu “Səkkizlik”lərin görüşündən danışdı

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə mətbuata açıqlamasında deyib ki, "səkkizlik"lərin görüşü bu həftə baş tuta bilər. Partiya sədri bildirib ki, bu istiqamətdə partiyalarla danışıqlar aparılır:

"Biz daha geniş formatın tərəfdarıyıq. Yəni biz səkkiz partiyanın deyil, ümumilikdə müxalifət partiyalarının birliyinə nail olmağa çalışırıq. Cəhdlərimiz uğurlu alınsa, bu həftə "Asiman" restoranında yenidən toplaşacağıq".

"Səkkizlik"lərin yenidən bir araya gəlməsindən danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzNews.az-a deyib ki, bəzi partiyalar bu istiqamətdə işlər aparırlar. Partiya sədri qeyd edib ki, ortaya atılan birləşmək ideyaları daha geniş koalisiyanı yaratmağı nəzərdə tutur, amma konkret olaraq müxalifətin daha ciddi inteqrasiyası istiqamətində işlər aparılmır: "Yusif Bağırzadə özü söz vermişdi ki, "səkkizlər"in növbəti tədbirini o hazırlayacaq. Y.Bağırzadə görüşlə bağlı hər hansı anonsu veribsə, deməli, hazırlıq gedir. Amma bu barədə mənə məlumat verməyiblər".

İlkin
AzNews.az